Culfa şəhəri haqqında

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 447
Səs ver:
(səs: 3)
Culfa rayonu — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati-ərazi vahididir. İnzibati mərkəzi Culfa şəhəridir.

Rayon muxtar respublika mərkəzindən şərqdə yerləşir. Şimal-şərqdə Ermənistan, cənubda İran İslam Respublikası ilə həmsərhəddir. Culfa rayonu, həmçinin qərbdən Babək, şimal-qərbdən Şahbuz, şərqdən isə Ordubad rayonları ilə də həmsərhəddir.

Culfa ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində b.e.ə. III minilliyin ortalarından başlayaraq son orta əsrlərə qədər olan dövrlərə aid xeyli maddi-mədəni nümunələr aşkar edilmişdir. Bu tapıntılar bölgə sakinlərinin əkinçilik, maldarlıq, ovçuluqla məşğul olduqlarını sübut edir. Araşdırmalara görə b.e.ə. bu ərazidə (Ərəfsə, Bənəniyar, Göydərə və s.) boyalı qablar mədəniyyəti, b.e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində Xocalı-Gədəbəy mədəniyyəti yayılmışdı (Boyəhməd, Ağsal, Ləkətağ, Culfa və s.).

Tarixçi Şərafəddin Əli Yəzdi “Zəfərnamə” əsərində yazır ki, Culfa şəhəri Naxçıvan torpağında, Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül-mülk körpüsü salınmışdır.

Culfa şəhəri qədim dövrlərdə onun indi yerləşdiyi ərazidən bir qədər aralıda qərar tutmuşdur. Araz çayı boyunca uzanan karvan yolu üzərində yerləşən Qədim Culfa o dövrdə bölgənin iqtisadiyyatının tənzimlənməsində mühüm rol oynayırdı. Qədim Culfa indiki Culfa şəhərindən 4 km qərbdə yerləşmişdir. Araşdırmalar zamanı burada yaşayış binaları, qala divarları, karvansara, bazar və dini binaların qalıqları, o cümlədən qədim qəbiristanlıq aşkar edilmişdir. 1939-1940-cı illər ərzində Culfa şəhərində aparılan arxeoloji qazıntılar zamanı isə tunc dövrünə aid monoxrom və polixrom boyalı gil qablar, tunc xəncər, ox və nizə ucluqları, toppuz, bilərzik, boyunbağı və s. aşkar edilmişdir.

1727-ci ildə Culfa ərazisi bir neçə nahiyədən ibarət olmuşdur.

Culfa inzibati rayon kimi 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 1930-cu ildə Naxçıvan MSSR-in tərkibində Şahbuz, Şərur, Naxçıvan, Culfa, Əbrəqunis və Ordubad inzibati rayonları olmuşdur. 1948-ci ildə Əbrəqunis, 1963-cü ildə isə Ordubad rayonları ləğv edilərək əraziləri Culfa rayonunun tərkibinə daxil edilmişdir. 1965-ci ildə isə Ordubad rayonu yenidən təşkil olunaraq Culfadan ayrılmışdır.

Ehtimala görə «Culfa» adı orta əsrlərdə "cükki" adını daşıyan tacir təşkilatının adı ilə əlaqədardır. Culfanın adı bəzi mənbələrdə "Culağ" kimi də çəkilir. Şəhərin adı haqqında olan digər mülahizələrə görə isə, “Culfa” adı müxtəlif variantlarda işlənib. Bəziləri bu sözün “toxucu” mənasını verdiyini, müxtəlif mənbələrdə “Cula”, “Cülahə”, “Culh”, “Culha” şəklində qeyd olunan bu sözün fonetik dəyişikliklərə uğrayaraq “Culfa” şəklinə düşdüyünü söyləyirlər. Tarixi mənbələrdə də bu şəhərdə vaxtilə toxuculuqla məşğul olunduğu göstərilir. Bu da o deməkdir ki, Culfa Şərq və Qərb arasında mühüm ticarət əlaqələrinin keçid məntəqəsi olmaqla yanaşı, burada həmçinin müxtəlif istehsal sahələri də mövcud olmuşdur.

Culfa şəhəri haqqında

(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri