Göyçay rayonu haqqında ümumi məlumat

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 14 802
Səs ver:
(səs: 11)

 

Tarixi

"Göyçay” əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır. Bəzi tarixi mənbələrə görə rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır. XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlanmışdır. Çar hökumətinin Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandırılmışdır. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il avqust ayının 8-də Göyçay rayonu təşkil edilmişdir. Göyçay şəhərinin inkişafı da təxminən XX əsrin 30-cu illərindən başlamışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göyçaylıar yaxından iştirak etmişlər. Qarabağın Ermənistan silahlı birləşmələrindən azad olunması uğrunda döyüşlərdə göyçaylılar 163 şəhid vermiş, 44 nəfər itkin düşmüş, 106 nəfər əlil olmuşdur.

Coğrafi mövqeyi

Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km² sahəni əhatə edir.

Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. Göyçay rayonu şimal şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu ilə həmsərhəddir.

Rayon iki geoloji rayona – dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryəm tirəsini, düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. Ərazi geoloji quruluşuna görə Kaynazoy erasının üçüncü dövrünə, düzənlik sahəsi isə həmin eranın IV dövrünə aiddir. Ərazisinin bəzi sahələri isə müasir çöküntülərlə örtülmüşdür. Ümumiyyətlə, rayon ərazisinin bütün səthini gil, gillicəli torpaqlar, bəzən qum kimi çöküntülər 10-15 santimetr qalınlığında qat kimi örtür.

Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir. Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır. Rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur.

 

Təbiəti

Rayonun bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Dağlıq hissəsində kolluqlar vardır. Heyvanat aləmi o qədər də zəngin deyil.

İqlimi

Göyçay rayonunun iqlimi yayı quru keçən mülayim-isti yarımsəhra və quru subtropik iqlim tipinə aiddir. Bu iqlim tipi zəif nəmliyi, mülayim qışı və isti-quru yayı ilə səciyyələnir. Rayon ərazisində illik yağıntının miqdarı 400-600 mm-dir.

İri yaşayış məntəqələri

Rayonun tərkibinə 1 şəhər, 55 kənd daxildir.

Əhalisi

2004-cü il yanvar ayının 1-ə olan rəsmi məlumata görə, rayon ərazisində 103.6 min nəfər əhali yaşayır.

Görkəmli şəxsləri

Rəsul Rza, Əli Kərim,Ənvər Məmmədxanlı Orxan Melikov, Elmira Zamanova, Ağababa İsmayılov, İnqilab Quliyev,Ənvər Məmmədxanlı,İsgəndər Çooşqun,Mirzə Xəzər,Hacı Şahin Həsənli,Telman İsmayılov

 

İqtisadi xarakteristikası

Ənənəvi olaraq Göyçay rayonunun iqtisadiyyatında kənd təsərrüfatı, emal sənayesi və sənayenin digər sahələri aparıcı rola malik olmuşdur. Bununla belə, rayonda telekommunikasiya, tikinti, nəqliyyat, ticarət, iaşə və s. xidmət sahələri də inkişaf etmişdir. Göyçay rayonu SSRİ dövründə çox güclü sənaye potensialına malik olmuşdur. Rayonda əvvəllər fəaliyyət göstərən Toxuculuq Kombinatı, Konserv Zavodu, Yeyinti Məhsulları Kombinatı, Avtomobil Təmiri Zavodu respublikanın iri müəssisələrindən sayılırdı. Sovetlər İttifaqının dağılması ilə digər respublikalarla iqtisadi ələqələrin qırılması rayonun iri sənaye müəssisələrinin fəaliyyətinin müvəqqəti dayanması ilə nəticələndi. Hazırda bu müəssisələrdə təssərrüfat fəaliyyətinin davam etdirilməsi istiqamətində fəal iş aparılır.

"Göyçay-Süd” Açıq Tipli Səhmdar Cəmiyyətinin istehsal etdiyi süd məhsulları respublikanın paytaxtı Bakı şəhərinin ticarət şəbəkələrində ən rəqabətqabiliyyətli məhsullardan hesab olunur. Bu məhsullar həmçinin qonşu Gürcüstan Respublikasına ixrac edilir. Müəssisənin istehsal etdiyi meyvə şirələri, əsasən, Rusiya, Ukrayna, Estoniya, Moldova, İsrail kimi ölkələrə göndərilir. SSRİ dövründə Sovetlər İttifaqının ən iri şəhərlərinə nar şirəsi göndərən Göyçay nar emalı zavodunda da hazırda intensiv yenidənqurma işləri aparılır. Rayonda ətlik və yumurtalıq istiqamətində quşçuluğu inkişaf etdirmək üçün münbit imkanlar vardır. Rayon ərazisində 528 min başlıq broyler, 200 min başlıq və 45 min başlıq quşçuluq kompleksləri vardır. İstər heyvandarlıq, istərsə də quşçuluq sahəsinin yemə olan tələbatını ödəmək üçün yüksək keyfiyyətli qüvvəli yem istehsal etmək üçün 100 tonluq yem zavodu vardır.

Rayonda yeni istehsal sahələri yaratmaq üçün kifayət qədər yerli xammal ehtiyatları vardır. Belə ki, rayonda hələ keçən əsrin əvvələrində yerli gil xammalından yüksək keyfiyyətli örtük materialı – kirəmit istehsal olunurdu. Daha müasir texnoloji avadanlıqlar tətbiq etməklə şiddətli şaxtalara, doluya, həmçinin radiasiyaya qarşı davamlı dam örtüyü istehsalını bərpa etmək imkanları vardır. Yerli gildən həm də sanitariya qovşaqları üçün avadanlıqlar, tüstü boruları üçün boşluqlu kərpiclər, saxsı su boruları istehsal etmək olar. Rayonun mövcud emal müəssisələrində yeyinti sənayesinin ən müxtəlif sahələrini inkişaf etdirmək üçün real şərait vardır.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Maddi-mədəni irsi

Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid "Surxay” qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilmiş yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir.

(səs: 11)
Şərhlər: 7
Baxılıb: 14 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri