Füzuli rayonu haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 9 989
Səs ver:
(səs: 3)
 
Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan rayonlarından biridir.
Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.
1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. 
Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal – Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərrkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı. 
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışmışlar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi ermənin vandalizminin bir daha sübutudur.
 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzuli rayonunun əhalisi Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və şəhid vermişdir. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Qacar, Divannalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağləvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər. Avqustun 23-ü 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Hazırda 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın füzulili köçkün həyatı yaşayır. 
Füzuli - Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal olunmuş rayonlarından biri. 
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. 
Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri var idi. 
Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır. Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf etmişdir. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.
Rayonun Bala Bəhmənli kənd Tarix-Diyarşünaslıq Muzeyinin müdiri Elçin Əsədovun Lent.az-a verdiyi məlumata görə, rayonun Şükürbəyli kəndi yaxınlığında - Quruçay kənarından qum çıxaran sakinlər ovuc içinə yerləşən, gildən hazırlanmış kiçik qoç bütü tapıblar. 
Bu, dünyanın və regionun ən qədim yaşayış məskənlərindən sayılan Quruçay-Köndələnçay vadisindən indiyədək tapılmış nadir sənət nümunələrindən sayılır. 
E. Əsədovun sözlərinə görə, tunc dövrü yaşayış məskənlərinin daha çox rast gəlindiyi Quruçay-Köndələnçay vadisində son illər hərbçilər tərəfindən səngər qazıntıları zamanı bu dövrlərə aid onlarla əşyalar aşkarlanıb: 
«Bizim eradan əvvəl və bizim eranın islamaqədərki dövründə bu ərazilərdə yaşayan insanlar belə bütlərə sitayiş edib. Bu bütlər insan və müxtəlif heyvanların heykəlləri formasında idi. Bütləri gildən düzəldib, daşlardan, ya da ağacdan yonublar. Bəzi ailələrin kiçik bütləri də olub». 
E.Əsədov onu da qeyd edib ki, ərazidə islamdan öncəki dövrlərə aid qəbirlərin başdaşlarının qoç bütləri formasında hazırlanması, eləcə də bəzi başdaşlarının və tarixi əşyaların üzərində qoç işarələrinin olmaları burada yaşayanların qoç totemini müqəddəs saydıqlarını deməyə əsas verir. 
Füzuli rayonu ərazisində Əmir Teymurun pulları tapıldı.
Füzuli rayonu №5 Zobucuq qəsəbəsi yaxınlığında ərazinin anama təşkilatı tərəfindən minadan təmizlənməsi zamanı Sultan Şahrux tərəfindən Təbrizdə zərb edilmiş bir neçə eyni nominala malik mis pullar tapılmışdır. 
Pullarla bərabər orta əsrlərə aid at nalı nal üçün mıxlar tapılmışdır. Sultan Şahrux Teymurilərə aid olub XV əsrin birinci yarısında hakimiyyətdə olmuşdur.Şimalı Azərbaycanı özünə tabe etdirmək üçün müxtəlif zamanlarda hücumlar etmiş, onun hakimiyyətinə qarşı baş qaldırmış üsyankarlarla mübarizə aparmışdır. Əmir Teymur Barlas Qarabağı öz qışlağına çevirmişdi. 
1421-ci ilin aprelində Əmir Teymurun oğlu Sultan Şahruxun Qarabağı tərk etməsi ilə teymurilərə qarşı Gəncə və Bərdədə Yar Əhməd Qaramanlının üsyanı başladı. Teymuri tarixçisi Fəsih Xəvafi yazır ki, bu zaman Qara köpəkdə (hazırda Füzuli şəhərinin şimal-şərqində-T.N.) olan Sultan Şahrux oğlu Baysunqur Bahaduru Yar Əhmədə qarşı göndərdi (Xəvafi F. Gös. əsəri. S. 190).. 
Bu tarixi məlumatdan məlum olur ki,Sultan Şahrux müxtəlif zamanlarda qoşunu ilə Füzuli rayonu ərazilərində olmuşdur.Pulun tapıldığı yer ilə Qara köpəktəpə arasındakı məsafə 8 kilometrə yaxındır. Osmanlı və Qızıl Ordu Türk dövlətlərinin böyük xakanı Sultan Şahrux mirzə 1407-ci ildə hakimiyyətə yiyələnincə Herat şəhərini paytaxt etdi. 
Qısa zamanda dagınıqlığı düzəltdi və hakimiyyətini bütün bölgələrə qəbul etdirdi. Qaraqoyunlulara və Iraqda iktidarı əllərinə keçirən Cəlayırlara qarşı səfərlər təşkil etdi. Irağı alaraq idarəsini oğlu Uluğ bəyi Mavəraünnəhr ümumi valiliyinə gətirdi. 
Uluğ bəyin ümumi valilik mərkəzi Səmərqənd idi. Şahrux mirzə ölüncəyə qədər qərb türkleri, yəni Qızıl Ordu və Osmanlı dövləti ilə Anadolu bəylikləri onu Böyük Türk xakanı, yani de-fakto olaraq tanıdılar. 
40 il səltənət sürən Şahrux mirzənin son illərındə ölkə tamamilə əmniyyətə qovuşmuş yüksək bir səviyəyə çıxacaq olan teymurlular çağı mədəniyyət və sənət həyatı onun zamanında daha yüksək nöqtəsinə çatmışdır. Şahrux mirzə 1447-ci ildə, 70 yaşında ikən öz əcəliylə öldü və yerinə oğlu Uluğ bəy keçdi.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 9 989
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri