Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Quba bölgəsində,
Şahdağ, Tufan, Babadağ, Qiblə dağları kimi yüksək dağ zirvələri arasında
əsrarəngiz bir məkan qərar tutub. Gözəl təbiət mənzərələri ilə dolu bu
məkan tarixin və təbiətin yaratdığı özünəməxsus muzeyi xatırladır.
Təxmin etdiyiniz kimi, söhbət Xınalıq kəndindən gedir.
Bu qədim məkana yaxınlaşarkən diqqəti ilk əvvəl gözəl təbiət
mənzərələri, pilləvari və yarusvari tikililərin sərt əzəməti cəlb edir.
Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən və çoxlu memarlıq
abidəsinin olduğu bu kəndin nadir dili və tarixi var. İl boyu qar və
buzlaqlarla örtülü olan möhtəşəm Böyük Qafqaz dağlarının əhatəsində
yerləşən Xınalığın bənzərsiz landşaftı, təbiətlə səsləşən mənzərəsi bura
səfər edən hər kəsi heyrətləndirir.
Uzun illər təcrid olunmuş şəkildə qalan kənd ənənəvi inşaat üsullarını,
folklor və etnoqrafik ənənələrini qoruyub saxlayıb. Bir sözlə, özünün
ilkin memarlıq simasını, eləcə də köhnə məişət tərzi ilə səsləşən
ekzotik əlamətlərini saxlayan Xınalıqla tanış olduqdan sonra belə
nəticəyə gəlmək olur ki, bu yaşayış məskəni sivilizasiyanın təsirinə
məruz qalmayan canlı tarixdir. Sakinlər arasında kəndin adı haqqında da
maraqlı əhvalatlar danışılır. Deyilənlərə görə, əvvəllər bu qədim kənd
zəlzələ nəticəsində dağıldıqdan sonra sağ qalanlar həna, yəni xına
becərməyə başlayıb. Elə ona görə də kəndin adı Xınalıq adlanır.
Xınalıq yaşayış məntəqəsinin yaranma tarixi elm aləminə dəqiq məlum
olmasa da, bu bölgədə yerləşən kəndlərin əhatə etdiyi ərazidə insanların
çox qədim zamanlardan yaşadıqları şübhə doğurmur. Xınalığın ilk müdafiə
sistemi məhz qala divarlarından və bürclərdən ibarət olub. Divarlar
mühafizə olunmasa da, dağıdılmış piramidaya bənzər bürclər onların
varlığından xəbər verir. Yaşayış evləri birotaqlı mənzillərdən və
həyətyanı sahəsi olan evlərdən ibarətdir. Kəndin inşaat təcrübəsində
yerli tikinti materialları — qaya və çay daşlarından, divarların
tikilməsində isə samandan və gil məhlulundan geniş istifadə edilib.
Sakinlər arasında Pir Comərt və ya Əbu Müslüm adlandırılan məscid kəndin
ən qədim və əsas piri sayılır. Ümumiyyətlə, Xınalıq əhalisi kənddə
mövcud olan bütün məscidləri pir adlandırır. Məscidlər evə bənzəyir və
minarələri yoxdur.
Bu ərazidə yerləşən, müqəddəs sayılan Babadağın zirvəsindəki oyuğun
altında xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəs şəxsin qəbri
var. Bura təkcə bölgədə deyil, bütün Azərbaycanda məşhur
ziyarətgahlardan biridir. Babadağı 7 dəfə ziyarət etmək əhalinin inamına
görə, Həcc ziyarətinə bərabərdir. Bundan əlavə, Xınalıqda Qəmik
məscidi, Şeyx Şalbuzbaba məscidi, Xıdır Nəbi, Qüllə, Cabbar baba, Möhüc
baba və Şıxşalburuz baba pirləri mövcuddur.
Son illərdə regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində
bu yaşayış məntəqəsinin tarixində ilk dəfə olaraq Quba-Xınalıq yolu
asfaltlaşdırılıb, yeni məktəb binası tikilib. Eyni zamanda, dövlət
başçısının sərəncamı ilə Xınalıq kəndinə etnoqrafik qoruq statusu
verilib.
Xınalıq kəndi XVII-XIX əsrlər abidəsi kimi Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dünya
əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil
edilib.