Azərbaycan respublikasının dövlət himni

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 3 278
Səs ver:
(səs: 1)

28  may  1918-ci  il  tarixdə  Azərbaycan  istiqlaliyyəti elan olunduqdan sonra ADR-in Dövlət bayrağı və Dövlət gerbi ilə bərabər Dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı.
"Himn" yunanca   "təntənəli  nəğmə"  deməkdir.   O,  siyasi təbliğatda   mühüm  vasitə   olmaqla  müəyyən  mütəşəkkillik  və səfərbərlik rolu da oynayır. Himnin ifası əsasən bayram  şən­likləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur.
Dövlət  himninin  mətni və  melodiyası  xalqın  bütün sosial təbəqələrinə asan anlaşılmalıdır.
ADR dövründə  dahi  bəstəkarımız Ü.Hacıbəyov iki  marş yazmışdır.  Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem Üngörükün Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabında çap olunmuşdur.
Dövlət himnimizin qəbulu məsələsi ortaya çıxanda əksəriyyət Ü.Hacıbəyovun həmin marşlarından birini oranjiman etməklə himn kimi qəbul edilməsi fikrini  müdafiə etdi.  Beləliklə,  yeni  dövlət himnimizin musiqisi yenə Ü.Hacıbəyovun oldu. Mətnin isə görkəmli şairimiz Əhməd  Cavada məxsus  olduğu  qeyd edilir. Lakin  son zamanlar  Azərbaycan Respublikası Milli  Elmlər  Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri himnin  mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki,  1919-cu ildə Bakıda nəşr olunmuş "Milli  nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası ilə çap olunmuşdur.  Bu imza isə ADR dövründə həm parlament,  həm də hökümət  üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur.
Azərbaycan Respublikası Milli Məclisinin  1993-cü il 2 mart tarixli qərarı  ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Dövlət himni haqqında

ƏSASNAMƏ

 

l.Azərbaycan  Respublikasının  Dövlət  himni   Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının  Dövlət  himninə  dərin  ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.

2.Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:

a) dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

b) Hər  gün Azərbaycan Respublikası milli televiziya və  radio verilişlərinin əvvəlində və axırında;

v) Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin,  milli  qəhrəmanlarının,  elm, ədəbiyyat  və incəsənət xadimlərinin  şərəfinə abidələrin  və  lövhələrin  açılışı zamanı;

q)  Dövlət  və  ictimai orqanlar,  müəssisələr,   idarələr  və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;

ğ)  Azərbaycan Respublikasına  rəsmi  görüşə gələn  xarici ölkələrin dövlət  və  hökumət  başçıları  qarşılanarkən  və  yola salınarkən-müvafiq ölkənin Dövlət himni ifa olunduqdan  sonra.

3.  Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor,orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla  və alətlər vasitəsilə ifa  olunur.  Bunun üçün  səsyazma vasitələrindən də istifadə  edilə bilər.Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.

4.  Azərbaycan Respublikasının Dövlət himni "Azərbaycan Respublikasının  Dövlət himni  haqqında" Azərbaycan Respublikasının 1992-ci il 27 may  tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır.

5. Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa   olunarkən  oradakılar  himni   ayaq  üstə   dinləməli  və  ya oxumalıdırlar.

6.  Hərbi  hissələrdə,  hərbi  gəmilərdə, daxili işlər  və milli təhlükəsizlik  orqanlarında  Azərbaycan  Respublikasının  dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsmi təzim  etməsi hərbi nizamnamələrlə və

Azərbaycan Respublikasının müdafiə naziri, daxili işlər naziri və milli  təhlükəsizlik naziri tərəfindən müəyyən  edilən  qaydalarla tənzimlənir.

7. Azərbaycan  Respublikasının Dövlət himninin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur.

Ümumtəhsil   məktəblərində,   texniki-peşə,   orta    ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının  Dövlət  himninin öyrənilməsinə və ifasına həsr edilir.

8.  Respublika  və  beynəlxalq  idman yarışları keçirilərkən Azərbaycan Respublikasının Dövlət himninin ifa olunması qaydası respublika  və beynəlxalq idman  təşkilatlarının mövcud praktikası nəzərə alınmaqla müəyyən edilir.

9.  Respublika   idarələri  və   təşkilatları   xarici  dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının Dövlət  himni Azərbaycan  Respublikası Xarici  İşlər Nazirliyinin müəyyən etdiyi  qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası və yerli adətləri nəzərə alınmaqla ifa edilir.

10. Azərbaycan Respublikasının Dövlət himninin daxili işlər və milli  təhlükəsizlik  orqanlarında, tədris  müəssisələrində,  idman yarışları zamanı, habelə Azərbaycan Respublikasının idarələri və təşkilatları   tərəfindən  xarici    dövlətlərin  ərazisində   tədbirlər keçirilərkən ifa  olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir.

11. Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə nəzarət etmək dövlət  orqanlarının,  müəssisələrin,  idarələrin, təşkilatların, siyasi partiyaların,  ictimai  birliklərin,  həmkarlar  ittifaqlarının və  digər ictimai qurumların rəhbərlərinə həvalə olunur.

 

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİNİN SÖZLƏRİ

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu!

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən!

Azərbaycan! Azərbaycan!

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri