Azərbaycanın şimal qərbində, Böyük Qafqazın cənub ətəklərində, dəniz
səviyyəsindən 1400 m yüksəklikdə adı salnamələrdə çəkilən qədim bir kənd
yerləşir, bu İlisu kəndidir. Kənd 8 məhəlləyə bölünüb.
Azərbaycanın nadir kəndlərindən olan İlisu Qax şəhərindən 12 kilometr
məsafədə, dağlıq və meşəliklərlə əhatə olunmuş mənzərəli bir yerdə,
Kürmükçay və Ağçay çaylarının birləşdiyi məkanda yerləşir. Ərazidəki
qədim məzarların üzərindəki kufi xətti ilə yazılan epiqrafik nümunələri
tədqiq edən alimlərin fikrinə görə kənd bir yaşayış məskəni kimi XIII
əsrdən formalaşıb. Sonradan ətraf yerlərdən bura xeyli insan köç edib və
İlisu böyük yaşayış məskəninə çevrilib.
Qədimdə əhalinin əsas hissəsi sənətkarlardan ibarət idi. Hər nəsil
müxtəlif peşələrlə məşğul olurdu və bu peşələr nəsildən-nəsilə
ötürülərək qorunub saxlanılırdı. Kəndin yaxınlığında müalicəvi bulaqlar
çağlayır. Bunlardan biri kənddən 5-6 kilometr şimal-şərqdə Hamamçay
dərəsində yerləşən "İsti bulaq”dır. Lap qədimlərdən insanlar yel
xəstəliyinin müalicəsində bu bulağın suyundan istifadə edirdilər.
İlisuda müalicəvi qaynaqlardan başqa, həm də çox dadlı suları olan digər
bulaqlar da var. Yayın qızmar vaxtı belə diş göynədən "Beşbulaq” kəndin
düz mərkəzində yerləşir.
İlisu tarixi abidələr baxımından da turistlərin ən çox xoşladığı
məkanlardan biridir. Buranın tarixi abidələri sırasına Sumuq Qala, qədim
alban məbədlərinin xarabalıqları, Kum və Likit yaşayış məntəqələri,
müqəddəs Georgi məbədi, qədim məscid və digər abidələr daxildir.
Sumuq qala XVIII əsrdə İlisu kəndinin Bucaq məhəlləsində inşa edilib.
Hərbi təyinatına görə müşahidə qülləsi olan bu qala çay daşından, əhəng
məhlulundan və bişmiş kərpicdən tikilib. "Qorxma – mən səninləyəm" adlı
məşhur bədii filmin bir neçə epizodu məhz bu qalada çəkilib.
İlisu kəndini əhatə edən dağlardan birinin, Yezlidağın üstündə yerləşən
və XIX əsrin ortalarına aid edilən Qalaça abidəsi də tarixi ilə
keçmişdən soraq verən abidələrdəndir. Dairəvi formaya malik qalaça
keçmişdə İlisuya gələn bütün yolları nəzarətdə saxlamağa imkan verirdi.
Bu qalaça yerli əhali arasında Şamil qalası kimi də tanınır və nadir
tarixi-memarlıq abidəsi kimi qorunur.
Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasındakı son
yaşayış məntəqəsi olan Sarıbaş qülləsi görünür. Bu qüllə də turistləri
tez-tez ziyarət etdikləri məkandır. Kənd özünün təbiət gözəllikləri,
xüsusilə saf suyu və havası, tarixi abidələri ilə yanaşı son dərəcə
müasir istirahət mərkəzləri ilə də məşhurlaşıb. İlisu bu müasirliyi ilə
qonaqlarını heyran etsə də qədimlik nişanəsi olan simasını bu günədək
qoruyub saxlaya bilib. Bu yerlərin insanları hazırda süfrələrindən
tutmuş geyimlərinədək, söz-söhbətlərindən tutmuş nəğmələrinədək
əcdadlarının bir çox adət-ənənələrini gündəlik məişətlərində yaşadırlar.