Naxçıvan abidələri

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 4 251
Səs ver:
(səs: 4)
Azərbaycanın tarixində xüsusi yeri olan Naxçıvan qədim abidələrlə zəngindir. Bu diyarda hər daşın, hər qayanın altında Azərbaycan xalqının zəngin keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan abidələr yatır. Məmləkətimizin ayrılmaz bir parçası olan bu diyarda  ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, ən mükəmməl memarlıq incilərinə rast gəlmək olar. 
 
Naxçıvanda 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur ki, onların da 58-i dünya əhəmiyyətli sayılır. Qazma, Əshabi-kəhf, Kilid mağaralarında daş dövrü mədəniyyətinin izləri aşkar olunub. Eramızdan əvvəl IV minilliyin sonu və II minilliyin əvvəllərində Naxçıvan ərazisində Oğlanqala, Qarabağlar, Çalxanqala, Govurqala kimi qala–şəhər yaşayış məntəqələri salınıb. Gəmiqaya rəsmləri tipli təsviri sənət abidələri Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini-ideoloji dünyagörüşünü əks etdirir. Əshabi-Kəhf mağarası Qurani-Kərimin Kəhf surəsindəki mağara olduğu ehtimal edilir. 
 
Naxçıvanın daha bir möhtəşəm abidəsi  memar Əcəminin şah əsəri olan Mömünə Xatun türbəsidir. Bu türbəni Naxçıvanın Tac-Mahalı da adlandırırlar. Türbə təkcə Azərbaycanda deyil, islam dünyasında ən uca və incə kompozisiyalı abidələrdən sayılır. O, 1186-cı ildə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Mömünə Xatunun qəbrüstü məqbərəsi kimi ucaldılıb. El arasında bu türbəyə "Atabəy günbəzi" də deyilir. 
 
Memar Əcəmiyə aid daha bir tarixi memarlıq abidəsi Yusif ibn Küseyr türbəsidir. 1162-ci ildə inşa edilən türbə xalq arasında ata-baba türbəsi adlanır. Abidənin gövdəsində kufi xətlə Qurandan ayələr yazılıb. 
 
Orta əsr Naxçıvan memarlığının ən qiymətli yadigarlarından biri də Qarabağlar türbəsidir. Qarabağlar abidələri kompleksinə türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən ibadətxana binasının qalıqları daxildir. Qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikildiyi güman edilir. Türbənin fasad bəzəyi təkrarlanan "Allah" sözlərindən yığılıb. 
 
Naxçıvanın diqqət çəkən memarlıq abidələrindən biri də Ordubad şəhərinin mərkəzində XIV əsrə aid Buzxana abidəsidir. Bina boyük otaqdan, 36 pillədən və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın hündürlüyü 11 metr, divarlarının  qalınlığı isə 80 santimetrdir. Qış aylarında zirzəmiyə su vurularaq buz halına salınır, yay aylarında isə yerli əhalinin ərzaq məhsulları və azuqələrini saxlamaq üçün istifadə edilirmiş. 
 
XVIII əsrə aid tarixi abidələrindən biri sayılan və Naxçıvanın əzəmətli tikililərindən hesab edilən Xan sarayı şəhərin qonaqlarının maraqla ziyarət etdikləri məkanlardan biridir. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərlinin tikdirdiyi ehtimal edilir. Abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Hazırda bu sarayda Naxçıvan Xalça Muzeyi yerləşir.  
 
XVIII əsrə aid Şərq hamamı Naxçıvanın dövlət  tərəfindən qorunan tarixi-memarlıq abidələrindən biridir. Bu memarlıq kompleksi vaxtilə Naxçıvan şəhərinin mərkəzindən keçən Bazar çayının yaxınlığında inşa edilib.
 
Yolunuz Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Naxçıvana düşsə, bu abidələri ziyarət etməyinə dəyər.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 4 251
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri