Yusif Küseyir oğlu türbəsi

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 396
Paylaş:
Səs ver:
(səs: 0)
YUSIF KÜSEYIR OĞLU TÜRBƏSI – Naxçıvan şəhərində memarlıq abidəsi. Şeyx Məhəmməd Xiyabani küçəsində yerləşən bu abidə xalq arasında Atababa türbəsi və ya Atababa günbəzi də adlanır. VIII əsrdən çox yaşı olan türbə XX əsrin ortalarında bərpa edilmişdir. Bərpa işləri nəticəsində türbənin dağılmış hissələri düzəldilmiş, mühəndis qurğuları möhkəmləndirilmişdir. Abidə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Planda abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəkildədir. Divarlarının qalınlığı 80  sm-dir, 20 x 20 x 4,5 sm-lik bişmiş kərpiclə inşa edilmişdir. Türbənin səkkizbucaqlı prizmatik gövdəsi xaricdən piramidaşəkilli, daxildən isə tavan çatma tağ şəkilli sferik günbəzlə örtülmüşdür. Türbədə biz ikiqat günbəz quruluşunun ən görkəmli, bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş və indiyə qədər gəlib çatmış yeganə bir nümunəsini görürük. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu Türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir. Türbənin üzərindəki kitabə bildirir ki, "Bu türbə xacə, sanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayı (miladi 1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə "Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin memarının adı qeyd olunmuşdur. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada kitabə yerləşdirilmişdir. Qurşaqda kufi xətlə Qurandan ayələr yazılmışdır. Türbənin yeraltı hissəsi sərdabə, yerüstü hissəsi isə xatirə qülləsindən ibarətdir. Səkkizüzlü türbənin çıxıntılı dayaqlar şəklində olan tilləri sadə hörgülü kərpicdən yaradılmışdır. Binanın qəfəsini təşkil edən bu qurğuların arasındakı sahələr (türbənin səthləri) həndəsi ornamentli tavalarla üzlənmiş, ayrı-ayrı səthlər müstəqil motivli naxışlarla işlənmişdir. Ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, gəc məhlulu ilə tava şəklində birləşdirilərək səthlərə bərkidilmişdir. Türbənin qərbəə baxan səthi digər səthlərdən fərqli olaraq, giriş baştağı şəklində tərtib edilmişdir. Ornament bəzəkləri tikilinin memarlıq formaları ilə həmahəngdir. Sərdabə ilə yerüstü hissə arasındakı günbəz də çatma tağlıdır. Sərdabə günbəzinin ortasında binanı nəmişlikdən qorumaq üçün silindrik formada xüsusi havatəmizləyici boşluq qoyulmuşdur. Sərdabəyə qərb tərəfdəki pilləkənlərlə enilir. Əsas fasaddakı giriş portalı çatma tağlı taxça, qapısı isə düzxətli tağ formasındadır. Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü bir materialla–keyfiyyətli bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin saya, aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli, qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları, bol işıq-kölgə çalarları ilə bu koloriti zənginləşdirir. Kompozisiyasına, tektonik aydınlığına, hissələrinin mütənasibliyinə, mühəndis quruluşunun səviyyəsinə görə türbə yüksək bədii-memarlıq nümunəsidir.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 396
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv