Xudafərin körpüləri
Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, hazırda
ermənilər tərəfindən işğal edilən Cəbrayıl rayonu ərazisində yerləşir.
Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm
tarixi abidələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin
körpüsü məlumdur. Onlardan birincisi "Baş Xudafərin körpüsü" adlanır,
uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15
aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Baş
Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu
körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər
dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. H. Qəzvini
yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir
ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib.
Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey
tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var.
Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri,
Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni
əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.
Əlincə Qalası
Azərbaycan Respublikası ərazisində olan tarixi memarlıq abidəsi,
Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri.
Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq "Alıncaq”, "Alancıq”
, "Əlincək” və "Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun
kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir.
Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər
mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı
təqribən 2 min il bundan əvvələ aid edirlər. "Kitabi-Dədə Qorqud”
dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr
qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur.
Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim
sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan
Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü
hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru belə
möhkəmliyi ilə heyrətləndirmişdir.
İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403 – 1406 -cı
illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə
qalanı belə təsvir etmişdir: "Əlincəqala yüksək və sıldırım bir dağ
üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların
daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar,
zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın
zirvəsində yerləşir.
Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir.
Möminə Xatun Türbəsi
Möminə xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi
Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli
abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər
Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin
kompleksdən dövrümüzə çatmış yeganə abidədir.
Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş
kitabəsində yazılmışdır: "...bu türbəni dünyanın elmli, adil məliki,
böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan
atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz ...dünyanın və dinin
cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə
tikməyi əmr etdi!..."
Bəzz qalası
Bəzz qalası Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər
qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Xürrəmilər hərəkatının rəhbəri
Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox
Babək qalası kimi tanınır.
Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı
Bizans və Azərbaycan Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr
tapılıb. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli
Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli azərbaycanlılar
qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.
Ərk qalası
Təbriz şəhərində yerləşir. XIII əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilib.
"Mədain sarayı"na bərabər tutulan Təbriz Əlişah qəsri (Ərk
qalası) öz dövründə dünyanın ən böyük müsəlman tikilisi olmuşdur. Abidə
bir-neçə dəfə bərpa edilsə də hazırda məhv olmaq təhlükəsi ilə
üz-üzədir. Səbəb qalanın qabağında tikilən böyük bir məsciddir. Yeni
tikilən azman məscid "Ərk"i demək olar ki, görünməz edib. Təxminən 3
tərəfdən baxanda Ərk görünməz olur, yalnız dördüncü tərəfdən baxdıqda bu
məşhur qala - Təbrizin simvolu görünür.
Şamaxı qalası
Şamaxı qalası - Orta əsrlər Şamaxı şəhərini müdafiə etmək üçün
inşa edilmiş qaladır. XI – XII yüzillərdə Şirvan şəhərlərinin bir çoxu
böyüyüb inkişaf etmiş, bəzilərinin müdafiə tikililəri yenidən
qurulmuşdu. 1045 – ci ildə Şirvanşah Qubad (1043-1049) Şirvanın baş
şəhəri Şamaxıya yonulmuş ağ daşdan yeni möhkəm qala divarı çəkdirmiş,
dəmir qapılar qoydurmuşdur.
Arxeoloqların SSRİ dövründə Şamaxıda qazıntılar zamanı aşkar
etdikləri divar qalığı Şirvanşah Qubadın tikdirdiyi Şamaxı İçqalasının
(Bala qala) qalığı sayılır. Bu çağda Bala qalada Şirvanşahların yeni
saray kompleksi inşa edilmişdir. Şamaxının ikinci iç qalası olan
Gülüstan qalası da XII əsrdə yenidən qurularaq möhkəmləndirilmişdir.
Belə geniş quruculuq işlərindən sonra bitkin paytaxt şəhərinə çevrilən
Şamaxını o çağın yazarları dəmir qapılı, daş divarlı alınmaz qala,
cah-cəlallı gözəl şəhər kimi təsvir edirlər.
Koroğlu qalası
Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir. Yerli daşlardan
kobud şəkildə, lakin möhtəşəm möhkəmlikdə tikilib. Qala yüksək dağlıq
ərazidə yerləşir. Qalanın Koroğlunun Azərbaycandakı əsas
sığınacaqlarından olduğu güman olunur.
Əsgəran qalası
Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və
Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ
döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın
vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə
yaxınlaşır.
Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif
mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın
tikilməsini Mehrəli xan Qarabağlının, digər qisim isə İbrahimxəlil xanın
adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir.
Əslində Əsgəran qalaları 1783-1784-cü illərdə tikilmişdir.
Cavanşir qalası
İsmayıllı rayonu ərazisində yerləşir. Qafqaz Albaniyasında
Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən
tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi
istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan
kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə və
"içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m,
hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala"
dağın ən hündür yerində tikilmişdir. Qalanın şimal qurtaracağında eni 2
m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə
tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə
yerləşən "Qız qalası"na (İsmayıllı rayonu Xanəgah kəndində) yeraltı
yolun olması güman edilir. Qalanın həyətində heç yanda tapılmayan nadir
güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə
nəticəsində uçub dağılmışdır. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8
m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər
avtomobillə, kənddən qalaya qədər olan 4 km məsafəni isə piyada və ya
atla qət etmək lazımdır.
Gülüstan qalası
Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da,
müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar
tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən
qala möhkəm müdafiə qurğusu olub. Tarixi Gülüstan müqaviləsi də bu
qalada imzalanıb.
Qalanın içərisində bina qalıqları, ovdan vardır. Orada habelə çaya aparan gizli yol qeydə alınmışdır.
Çıraqqala
Şabran rayonunun təqribən 20-25 kilometrliyində, Çanaqqaya
adlanan sıldırım qayanın zirvəsindədir. Alimlərin dediyinə görə,
Çıraqqala əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları
tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş
qarovulxanası olub. Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər
dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük
qalasından biri imiş. q üçü salamat qalıb.
Azıx mağarası
Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir.
Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd
etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu
mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni
işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç
bir məlumat yoxdur.
Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə
qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25
metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş
mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki
keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində
danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə
yaratmasına imkan verilməmişdir. Bunun nəticəsidir ki, dünyanın ən qədim
insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya
hələ də çox az şey bilir.
1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik
etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni
götürməyə başladı. Aydın oldu ki, mağara dünyanın ən qədim sakinlərinin
(onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə
M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların
nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü
aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu
ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.
Diribaba türbəsi
Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə tikilmiş
ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini
daşıyır.
Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının
təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə
Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Binanın mərtəbələrini
bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805
(miladi 1402)-ci il kimi göstərilmişdir.
Gəmiqaya rəsmləri
Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq
yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında qayaüstü
təsvirlər.
Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu
ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin
qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri
ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin
əsas ov məskənlərindən biri olmuşdur. Gəmiqaya təsvirlərinin və oradakı
qədim yurd yerlərinin azı 5–6 min il yaşı var. Tədqiqatlar nəticəsində
orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək
mümkündür. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.
Gəncəsər məbədi
Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində
yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban
Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991-1994-cü illər I
Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi
Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki,
bu abidə "yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş
vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə
və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir".
VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi
ərazi - Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında "Arşax"
və ya "Arsax" adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I
əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan
Arşakilər sülaləsinin hökmdarları "arşax", VI əsrdən VIII əsrin
əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə
"aranşax" adlanmışdır.
Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab
olunan öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdir. Məbəd
kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq
nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik
ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir.
Kiş məbədi
Azərbaycanın Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən alban məbədi.
Rəvayətə görə İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov
xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir.
Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş
kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz
Albaniyası ərazisində deyil, ümumiyyətlə, Zaqafqaziyada tikilmiş ilk
xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Şəki rayonunun Kiş
kəndində yerləşir.
Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi
olduğunu və 1244 - cü ildə alban kilsəsinin arxiadiakonu Serafim
tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur. XIX əsrin 30-cu
illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra
bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi təmiz
pozulmuşdur.
Bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif
mərkəzi olmuşdur. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd "din, etiqad,
pərəstiş" mənasında 2000 ildən artıqdır ki, "Kiş" adlanır.
Yuхarı Gövhərağa məscidi
Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biri.
Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı
Gövhərağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti
hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir.
Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah
хanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdir. Pənah хanın
tikdirdiyi bu məscid 1768-ci ildə İbrahim хan tərəfindən daşla əvəz
etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur.
Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş
və buna görə həmin məscidi (XIX yüzil) tamamilə sökdürüb, yerində qoşa
minarəsi olan yeni bir məscid tikdirmişdir. Lakin məlum olduğu kimi, bu
məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir
dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin
bina inşa edilmişdir.
Şəmkir Minarəsi
Şəmkir minarəsi Azərbaycan memarlığının şah əsərlərindəndir. Əski
şəhər yerində XIX yüzilin ikinci yarısınacan səyyahları, mütəxəssisləri
heyrətləndirən bu minarə dağılıb yox olmuş və indi yalnız yazılı
təsvirlərdən və rəsmlərdən öyrənilən nadir Azərbaycan abidəsidir.
Minarənin quruluş və ölçülərini daha dolğun təsəvvür etmək üçün
N. Florovski 1899 – cu ildə Peterburqda çap etdirdiyi kitabdakı yazılı
təsviri də dəyərlidir. Bu abidə bütün göstəriciləri ilə Böyük Səlcuq
İmperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və
ayrıca dayanan minarə tipinin – mil minarənin bitkin örnəklərindən
biridir.