Gəncə haqqında məlumat

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 4 738
Səs ver:
(səs: 1)
Bakıdan 363 km qərbdə Kiçik Qafqaz dağlarının şimal ətəklərində, Kür çayının sağ qolu olan Gəncəçayının hər iki sahilində Bakı-Tiflis dəmiryolu üzərində yerləşən Gəncə şəhəri Azərbycanın ən qədim şəhərlərindəndir. Şəhərin adı orta əsr ərəb mənbələrində Gənzə, fars mənbələrində Gəncə, bəzi mənbələrdə isə Qandzak şəklində işlənir. Şəhərin adı bəzi qaynaqlarda “gen yer” mənasında izah olunur. Rəvayətə görə şəhərin adının “xəzinə” kimi də izahı vardır. Bəzi alimlər şəhərin yaranmasını e.ə.VII əsr, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğu şübhəsizdir. 730-cu ildə ərəb-xəzər döyüşlərində xəzərlərin keçdiyi şəhərlər içərisində Gəncənin də adı çəkilir.
Həmdullah Qəzvini şəhərin 659-660-cı illərdə, M.Kalankaytuqlu isə 846-847-ci illərdə ərəblər tərəfindən inşa edildiyini göstərmişlər. Dədə Qorqud dastanında Bərdə ilə bərabər, Oğuz türklərinin şimal sərhədlərində Bəkil oğlu İmranın mülkü olaraq Gəncənin də adı çəkilir. Əl-İstəxrinin verdiyi məlumata görə, Gəncə şəhəri ərəb fəthlərinin ilk dövrlərində Bərdədən Tiflisə gedən yolda kiçik bir şəhər vəziyyətində idi.

X əsrdən (944 – cü ildən) Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən onun yerini X əsrin II yarısında Arran vilayətinin mərkəzinə çevrilən Gəncə tutdu. Bərdə-Tiflis yolu üstündə yerləşən Gəncə bölgənin yalnız siyasi həyatında deyil, ticarətində də fəal iştirak etməyə başladı. Şəhəri əhatə edən qalınlığı orta hesabla iki metrə çatan üç cərgə qala divarları iri sənətkarlıq və gur ticarət mərkəzi kimi əhəmiyyəti günü-gündən artan gəncənin sürətli inkişafını təsdiq edir. Köhnə Gəncənin ərazisində qazıntı aparmış arxeoloqlar müəyyən etmişlər ki, üç cərgə divarların qalıqları ilə əhatə olunmuş şəhərgahın sahəsi təqribən 250 hektara, ümumi sahəsi 9-10 kbadrat kilometrə yaxın olmuşdur. Bununla yanaşı, şəhərgahda aşkara çıxarılmış maddi-mədəniyyət qalıqları onun yaranma tarixini mənbələrdə göstərildiyi kimi VI-IX əsrlərə deyil, daha dərin dövrlərə aid edir.

IX-X əsrlərdə Ərəb xəlifətinin zəiflədiyi bir dövrdə Azərbaycanda müstəqil feodal dövlətləri olan Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər yaranmağa başladı. X əsrin ortalarında Gəncə şəhəri Salarılərin hakimiyyəti altında olmuşdur. Daha sonra isə Şəddadilərin paytaxt şəhərinə çevrilmişdir. Şəddadi hökmdarı Fəzlin (895-1030) dövründə Gəncə ən güclü, tərəqqi dövrünü yaşamışdır. Bu dövrdə Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlamışdı. Şəhərin həyatında sənətkarlıq və ticarət mühüm yer tutmuşdur. Dəmir, mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdi. Gəncə paytaxt şəhər kimi əsas diqqəti hərbi qüvvəsinin qücləndiril¬məsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları daha da möhkəmləndirilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi.

Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim Osman oğlu məşhur Gəncə darvazalarını düzəltdi. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı. Zəkəriyyə əl-Qəzvini Gəncədə monqol basqınınadək ipək emalının təsvirirni belə verir: “Şəhərin özündə arx var, ona iki yolla düşürlər: bunlardan biri Bab əl-Məqbərə (Qəbiristan darvazası), digəri isə Bab əl-Bərdə (Bərdə darvazası) yanındadır. Adamlar Bab əl-Məqbərə yanında su götürərək, ipəyi burada emal edirdilər, bundan sonra onun qiyməti Bab əl-Bərdə yanındakı suda yuyulmuş ipəyin qiymətinə nisbətən baha olur. Suyu Bab əl-Məqbərədən götürüb, Bab əl-Bərdəyə aparanda, bundan bir şey çıxmır, əksinə edəndə, çox gözəl alınırdı”.

Gəncədə pambıq parçalarla yanaşı, atlas, zərxara kimi bahalı parçalar istehsalı inkişaf etmişdi. Bu şıhərdə hazırlanan xəz əmmamələrə, keçəyə, “əl-Gənci” və “əl-kutni” (pambıq) adlanan paltarlara ölkədə və onun hüdudlarından kənarda geniş təlabat vardı.

XI əsrin ortalarında Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Təbrizi tutduqdan sonra I Toğrul (1038-1068) 1054- cü ildə qoşunlarını Gəncə istiqamətinə yönəltdi. Şəddadi hökdarı Şavur XI əsrin ortalarında Şəddadi hökmdarı Şavur göstərilən müqavimətin mənasız olduğunu görərək I Toğrulun vassalı olmağa razılıq verdi. 1086-cı ildə Səlcuq hökmdarı Məlik şah (1072-1092) öz ordu başçısını, Buganı Gəncəyə göndərdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular. O dövrdə Yaxın Şərqin ən iri ticarət-sənətkarlıq mərkəzlərindən biri olan Gəncənin inkişafı üçün əlverişli şərait yaranmışdı. Gəncənin daha intensive inkişafı Şəddadi hökmdarı Əbuləsvar Şavurun hakimiyyəti dövrünə (1049-1067) təsadüf edir. Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: "İndi Gəncə sanki Cənnəti xatırladır".

XII əsrin I yarısında Gəncənin tərəqqi və inkişafı burada baş verən dağıdıcı zəlzələlər və gürcülərin “daha dağıdıcı” basqın və qarətləri ilə ləngidildi. Dövrün tarixçisi İbn əl-Əzraqın “Məyyəfariqinin tarixi” əsərində xəbər verdiyi kimi, birinci zəlzələ 1122/23-cü illərdə baş vermişdi. O zaman, şəhərin bir hissəsi batmış, divarları isə uçmuşdu. Qarışıqlıqdan istifadə edən gürcü hökmdarı David şəhər basqın edərək, salamat qaalmış sakinlərini əsir aparmış, şəhəri qarət etmişdi. Bu hadisədən sonra şəhərin mühüm iqtisadi və strateji əhəmiyyəti nəzərə alınaraq, Gəncənin dağıdılmış təsərrüfatı tezliklə bərpa edilmiş və o yenidən Yaxın Şərqin gur şəhərlərindən birinə çevrilmişdi. Lakin 17 il sonra – 1139-cu il sentyabrın 30-da baş verən yeni zəlzələ şəhərin vəziyyətinə daha ağır təsir etmişdi. İbn əl-Əsir yazır ki, “Gəncədə, eləcə də Azərbaycan və Arranın başqa nahiyələrində zəlzələ oldu. Lakin Gəncədə baş verən zəlzələ ən güclüsü idi. Onun bir çox evləri dağılmış, saysız-hesabsız sakinləri məhv olmuşdu”. Əl-Bundarinin məlumatına görə, baş vermiş zəlzələ “şəhəri elə məhv edib dağıtdı ki, sanki o heç vaxt olmamışdı”. Hadisələri öz gözləri ilə görmüş alban tarixçisi gəncəli Mxitar Qoş bu müdhiş hadisəni belə təsvir edirdi: “Areq ayının 18-ci günündə, cümədən şənbəyə keçən gecə (şənbə 30. IX. 1139) Allahın qəzəbi dünyanı tutdu. Yerin dəhşətli qeyzlə hərəkətə gələn coşğunluğu və böyük dağıntı Albaniyanın torpağına da yetişdi. Nəticədə, onun paytaxtı Gəncə də cəhənnəmin girdabına atılaraq, öz sakinlərini uddu”.

Zəlzələ nəticəsində Gəncə elə dağılmışdı ki, sanki burada əvvəllər heç vaxt şəhər olmamışdı. Mənbələr (İbn əl-Əsir və b.) Gəncə zəlzələsi zamanı 230 mın adamın həlak olduğu haqqında məlumat verirlər. Hətta əl-Bundari bu rəqəmin 300 min olduğunu qeyd edir. Zəlzələ zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsdi və Göygöl əmələ gəldi. Bu göl indi də Azərbaycanın mirvarisi sayılır. Fürsət gözləyən gürcü çarı I Demetr dağılmış şəhərə basqın edib onun salamat qalmış sakinlərini soyub-taladıqdan və bir qismini qırıb-çatdıqdan sonra, minlərlə əsir götürmüş, indi də bir tayı Kutaisi yaxınlığındakı Gelati mönastrında saxlanılan məşhur Gəncə qapılarını da özü ilə aparmışdır. Çox keçmədən sultanın canişini Qara Sunqurun tələsik gəlmiş qoşunları gürcüləri darmadaın edərək, şəhərdən çıxarmışdır.

Gəncə şəhəri XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir. Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirmişdi. XII əsrdə Gəncədə təxminən 500 min nəfərə qədər adam yaşayırdı. Bu dövrdə dünya ölkələrində Gəncə kimi böyük şəhərlər az idi. Uzun müddət paytaxt şəhəri olmuş Gəncədə sultan sarayı, ayrı-ayrı hökmdarlara, ruhanilərə, dövlət məmurlarına məxsus olan saraylar, imarətlər, həmçinin məscid, mədrəsə, hamamlar və başqa binalar tikilmişdi. Bu isə şəhərdə memarlığın və bununla əlaqədar olan bir çox sənət sahələrinin inkişafına təkan vermişdi. XII-XIII əsrlərdə Gəncə Ön Asiyanın ən inkişaf etmiş şəhərlərindən biri olmuşdur.

Eldənizlər dövlətinin hökmdarları Şəmsəddin Eldənizin (1137-1175 ) və Cahan Pəhləvanın (1175-1186) dövründə Gəncə şəhəri özünün siyasi və iqtisadi cəhətdən inkişaf dövrünü yaşayırdı. Bu dövrdə Gəncədə Əbül-üla Gəncəvi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi tanınmış şair və mütəfəkkirlər yaşamışlar.

XII əsrdə Gəncə bütün Şərqdə ən məşhur ticarət və sənətkarlıq şəhəri olmuşdu. Gəncədə gözəl və yaxşı silahlar düzəldilirdi. Şəhərdə ən çox satılan mallardan biri silahlar idi. Gəncə əhalisi həmişə özü ilə silah gəzdirirdi. Onlar cəsur döyüşçü və mahir oxatan idilər. Gəncədə sənətkarlar çox idi. Onlar sənət növü üzrə birləşir, öz birliyini yaradırdılar. Sənətkarlar öz peşələrinin adını daşıyan məhəllələrdə yaşayır¬dılar (məsələn, zərgərlər məhəlləsi və s.). Şəhərdə müxtəlif cür dulusçuluq şeyləri də hazırlayırdılar. Gəncədə ipəkqurdu bəslənilməsi də geniş yayılmışdı. Gəncə ətraf rayonlarla birlikdə Azərbaycanın ən böyük ipəkçilik mərkəzlərindən biri idi. Buradan başqa ölkələrə atlas, xam ipək, zərxara, iplik və ipək parça, «Əl Gəncə» adlanan xüsusi paltar aparırdılar. Gəncə bazarı çox gur olurdu. Ətraf kəndlərdən gələnlər burada meyvə, bostan məhsulları, mal-qara, qoyun və s. satır, özlərinə lazım olan sənətkarlıq məhsulları alırdılar. Azərbaycanın başqa yerlərindən buraya tacirlər mal alıb-satmağa gəlirdilər.

Gəncə bir neçə dəfə zəlzələ nəticəsində dağılmışdı. Gəncə həm də Azərbaycanın və Yaxın Şərqin ən böyük elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Burada bütün şərqdə məşhur olan zəngin kitabxanalar, mədrəsələr, məktəblər fəaliyyət göstərmişdir.

Azərbaycanın ərazisi aramsız olaraq bir - birinin ardınca yadelli hücumlarına məruz qalmış və Gəncə şəhəri də bu basqınlardan ziyan görmüş və dağıntılara məruz qalmışdır. 1221- ci ildə Gəncə monqolların hücumuna məruz qalmışdı. Lakin şəhər hakimi xərac verərək şəhəri dağıtıdan xilas etmişdir. 1225- ci ildə isə Xarəzmşah Cəlaləddin Azərbaycana yürüşü zamanı şəhər hakimi Cəmaləddindən şəhəri təslim ala bilmişdir. 1231- ci ildə Cəlaləddinin yeritdiyi siyasətə qarşı usta Bəndərin başçılığı altında şəhər əhalisinin güclü üsyanı baş vermişdir. Hərbi hiylədən istifadə edən Cəlaləddin üsyanı amansızlıqla yatıra bilmişdir. Monqolların Azərbaycana ikinci yürüşü zamanı digər şəhərlərimiz kimi Gəncə də ciddi müqavimət göstərmişdir. Yalnız monqollar 1235-ci ildə şəhəri ələ keçirərək tamamilə dağıtmışdılar.

XIV əsrdə Cəlairilərin, XV əsrin əvvəllərində isə Azərbaycan Qaraqoyunlu dövlətinin tərkibində olan Gəncə şəhəri Əmir Qaraman və varisləri tərəfindən idarə edilmişdir. Ağqoyunlular dövründə (1468- 1501) Gəncə bölgəsi Ziyadoğlu Qacar əmirlərinin idarçiliyində olmuşdur. Azərbaycan Səfəvi dövləti yarandıqdan sonra da Gəncə Ziyadoğlu Qacar nəslinin irsi idarəsində olmuş və Qarabağ bəylərbəyiliyinin mərkəzinə çevrilmişdir. I Təhmasibin dövründə Gəncə bəylərbəyi Şahverdi Ziyadoğlu Qacar olmuşdu. 1804- cü ildə Gəncə çar Rusiyası tərəfindən işğal olunana qədər həmin ərazinin idarəçiliyi Ziyadoğulların əlində qalmışdır.

XVI-XVII əsrlərdə baş verən Səfəvi-Osmanlı müharibələri zamanı Gəncə şəhəri dağıdıldığı üçün Şah Abbas tərəfindən Gəncə şəhəri əvvəlki yerindən bir fəzsəx (təxminən 6 km) aralıda yenidən salınmışdır.

1647-ci ildə Övliyə Çələbi Gəncəni 6000 evi, 20 min əhalisi, qala və imarətləri, hamamları, bağ və bağçaları olan şəhər kimi təsvir edir. Şəhərdə XIV- XV əsrlərə aid İmamzadə türbəsi, XVII əsrə aid Cümə məscidi indi də qalmaqdadır.

1703-cü ildə Gəncədə olmuş hollandiyalı rəssam Korneli de Bruyin yazırdı: “ Gəncə Şamaxıdan dörd dəfə böyükdür. Şəhərdə əksəriyyəti iki mərtəbədən ibarət olan daş evlər, yaraşıqlı enli küçələr, böyük karvansaralar bəylərbəyinin əzəmətli sarayı vardır. Şəhərin ortasından qəşəng çay axır, burada çoxlu bağ vardır, yaxşı şərab hazırlanır, meyvəsi boldur… bura Azərbaycanın ən böyük şəhərlərindəndir”. Gəncənin ətrafı təbii zənginliyi ilə fərqlənirdi. Burada dəmir, qurğuşun, mineral duz yataqları mövcud idi. Məhz bu zənginlik Gəncə şəhərində sənətkarlığın müxtəlif növlərinin inkişafı üçün zəmin yaratmışdır.

XVIII əsrin 20-ci illərində Gəncə şəhəri Osmanlı və çar Rusiyasının hücumlarına məruz qaldı. Bu şəhərin inkişafına mənfi təsir göstərdi. 1747 - ci ildə Nadir şah Əfşarın ölümündən sonra Gəncə şəhəri müstəqil Gəncə xanlığının mərkəzi olmuşdur. Gəncə təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda gözəl və böyük şəhərlərdən sayılırdı. Bağlı-bağatlı və yaraşıqlı küçələri olan gəncə şəhəri yaşıllıqlara bürünmüşdü. Səyyah Avril Filip Gəncəyə gəlişini belə təsvir edir: “Biz oraya (Gəncəyə) baharın ortalarında gəldik, saysız-hesabsız çiçəkli və yarpaqlı ağaclarla örtülən evləri yaşıllıq daha da gözəlləşdirirdi, məən belə bir valehedici mənzərə görməmişəm”.

Gəncə eyni adlı xanlığın paytaxtı olandan sonra dəfələrlə Kartli-kaxeti çarlarının hücumlarına məruz qalmışdır. Gəncəli Cavad xan Ziyadoğlu xanlığın idarəsini ələ aldıqdan sonra bu hücumların qarşısı bacarıqla alındı, xanlığın mövqeyi xeyli möhkəmləndirildi. Lakin XIX əsrin başlanğıcında Azərbaycan xanlıqlarının işğalına başlayan general Sisianov gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarı idi. “Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. Bax buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir”. Cavad xan general Sisianovun haqsız tələblərini qətiyyətlə rədd etdiyi üçün rus qoşunları Gəncəni mühasirəyə aldılar. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə Gəncə rus qoşunları qalaya hücuma başladılar. Qalanın müdafiəçiləri inadlı müqavimət göstərdilər. Cavad xan və oğlu Hüseynqulu ağa göyüşlərdə qəhrəmancasına həlak oldular. Gəncə xanlığı ələ keçirilərək ləğv olundu və hərbi dairəyə çevrildi, şəhər isə öz qdim adını itirdi I Aleksandrın arvadının şərəfinə Yezavetpol adlandırıldı. “Gəncə” adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar cərimə edildilər.

Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi inzibati islahat nəticəsində 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı və Gəncə bu quberniyanın mərkəzi oldu. Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişdiyi bir yerdə yerləşməsi ona Şərqin böyük ticarət mərkəzləri ilə ticari əlaqələri yaratmasına imkan yaratdı. Rusiya idarəçiliyi dövründə, xüsusən də 1883-cü ildə Bakı – Tiflis dəmir yolu çəkildikdən sonra Gəncə şəhəri yenidən öz əvvəlki əhəmiyyətini bərpa edərək iqtisadi və mədəni mərkəzə çevrildi. Ümumrisiya əhəmiyyətli iri mərkəzə çevrilən Gəncə şəhərində əhali sürətlə artmağa başladı. 1897-ci ildə Gəncə şəhərində 33.6 min əhali yaşayırdı. Bu dövrdə Gəncə ticarət mərkəzi olmaqla yanaşı, həm də mühüm dəmiryol daşımaları, şərab, konyak və cpirt istehsalı məntəqəsi idi. Şəhərdə sənaye müəssisələrinin sayı durmadan artmaqda idi. 1900-ci ildə gəncədə 1425 sənaye müəssisələri fəaliyyət göstərirdi.

XX əsrin əvvəllərində Gəncə şəhəri Azərbaycanın ikinci ticarət-sənaye mərkəzi idi. 1914-cü ildə şəhərdə hər birinin istehsal gücü 180 rubla çatan 8 pambıq emalı zavodu, 3 spirt və konyak zavodu, 37 çaxır istehsalı müəssisəsi, meyvə şirəsi, biyan kökü emal edən 23 zavod, 5 gön-dəri müəsssisəsi, tütün fabrik, kərpic zavodu və s. müəsssisələr var idi. Gəncə həm də mühüm ticarət mərkəzi idi. Şəhərin ticarət dövriyyəsi 14-16 mln. rubla çatırdı. 1914-cü ildə şəhərdə 2.129 müəsssisə fəaliyyət göstərirdi. Gəncədən Moskva və Lodza pambıq emalı zavodlarının məhsulu, rusiyanın mərkəzi şəhərləri və Sibirə təzə meyvə, çaxır ixrac olunurdu. Gəncənin xariclə ticarətində İran mühüm yer tuturdu. İrana əsasən taxıl və heyvandarlıq məhsulları ixrac olunur, oraya yerli məhsullarla yanaşı, Rusiyadan gətirilmiş mallar da yola salınırdı. Gəncə eyni zamanda böyük dəmir yol şəbəkəsi idi. 1883-cü ilə nisbətən 1913-cü ildə Gəncə stansiyasına gətirilən malların miqdarı 15 dəfə, buradan göndərilən malların miqdarı isə 20 dəfə artmışdı.

1918-ci il iyunun 16-dan sentyabrın 17-dək Gəncə şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin mərkəzi oldu. 1920-ci ilin 28 aprelində AXC Sovet Rusiyası tərəfindən işğal edilən zaman Gəncə şəhəri Azərbaycanda bolşevik rejiminə qarşı milli-müqavimət hərəkatının mühüm mərkəzinə çevrilmişdi. May ayının 25-26-da Gəncədə general Cavad bəy Şıxlınski, general Məmməd Mirzə Qacar və polkovnik Cahangir bəy Kazımzadənin başçılığı altında yeni hökumətə itaətsizlik göstərən Azərbaycan Milli ordusunun üsyanı başladı. Üsyançılar şəhərdəki XI Qırmızı ordu hissələrini tərksilah edərək dəmir yol stansiyasına nəzarəti ələ aldılar. Mayın 27-də XI Qırmızı ordunun və erməni dəstələrinin həmlələri dəf edildi. Düşmən böyük itki verib geri çəkildi. Bunu görən bolşeviklər Gəncə üzərinə yeni hərbi qüvvələr göndərdilər. Mayın 28-də M.Q.Yefremovun komandanlığı altında 18-ci süvari və 20-ci atıcı diviziyaları şəhərə hücuma keçdilər. Şəhər aramsız top atəşinə tutuldu. Üsyançılar şəhəri böyük mərdliklə müdafiə edir, düşmən hücumlarını rəşadətlə dəf edirdilər. Mayın 29-da XI Qırmızı ordu hissələri Şimal və Şimal-qərb istiqamətindən şəhərin ucqar məhəllələrinə girə bildilər. Döyüşə yeni qüvvələr gətirən XI Qırmızı ordu hissələri mayın 31-də şəhərə daxil oldu. Küçə, tin və ev uğrunda ölüm-dirim döyüşləri başlandı. Fürsətdən istifadə edən ermənilər də azərbaycanlıları qırırdı. Onlar xeyli adamı Ozan məscidinə yığaraq yandırmışdılar. Ermənilər üç gün şəhəri qarət etdilər. Güclü müqavimətə baxmayaraq mayın 31-də axşam çağı şəhər XI Qırmızı ordu hissələrinin nəzarətinə keçdi. Üsyanın yatırılması zamanı milli ordunun 6 generalı, o cümlədən general-mayor C.Şıxlıncki, general-mayor Məmməd Mirzə Qacar qətlə yetirildi, 76 nəfər zabit və əsgər Natgin adasına aparılaraq güllələndi. Bəzi məlumatlara görə, XI Qırmızı ordu tərəfindən 8800, üsyançılar tərəfindən isə 13 min nəfər öldürülmüşdü. Bolşeviklərin 31 may qətliamı nəticəsində Gəncə şəhərində əhalinin sayı yarıba-yarı azaldı. 1923-cü ilin məlumatlarına görə, şəhərdə 38 min əhali yaşamışdı.

Gəncə üsyanının Azərbaycan xalqının istiqlal və azadlıq mübarizəsi tarixində çox mühüm yeri vardır. O, Azərbaycan xalqında istiqlal ideyalarının hələ sönmədiyini, onun azadlıq uğrunda ölümə getmək əzmində olduğunu nümayiş etdirən hadisələr kimi tariximizə daxil olmuşdur. Bu müqavimət hərəkatı xalqımızın istiqlal arzusu ilə yaşayan sonrakı nəsilləri üçün örnək rolu oynadı.

1935-ci ildə şəhərin adı yenidən dəyişdirilərək Kirovabad qoyuldu. Yalnız 1989-cu ildə şəhərin doğma adı özünə qaytarıla bildi. 1941-1945-ci illər müharibəsində 25.643 nəfər Gəncəli cəbhəyə yollanmışdır. Gəncəli kiçik leytenant İsrafil Məmmədov Novqorod şəhəri yaxınlığında Pustınka kəndi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilmişdir. Sovet İttifaqı qəhrəmanları arasında İ.Məmmədov ilk Azərbaycanlıdır. 1946 -1950 ci illərdə bütün ölkədə olduğu kimi Gəncəni də represiya, həbslər, deportasiya dalğası bürümüşdü.

Müstəqillik illərində Gəncə şəhəri Respublikanın Bakı və Sumqayıt şəhərlərindən sonra ağır, yüngül və yeyinti sənayesinin inkişaf etdiyi böyük sənaye mərkəzinə çevrilmişdir. 90-cı illərin sonunda Gəncənin 22 sənaye müəssisəsində 400 çeşiddə xalq istehlakı malları istehsal edilirdi. 2012-ci ilin yanvar ayında Gəncədə alüminium istehsal edən zavod açılıb. Yeni açılan “DET AL” alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Gəncə “DET AL” alüminium kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin edilib. İşçilərin orta aylıq əməkhaqqı 450 manatdır. Zavodun tikintisinə Gəncədən və respublikamızın digər regionlarından 2000-dən çox işçi cəlb edilmişdir.

Gəncə Azərbaycanın əsas elm və təhsil mərkəzlərindən biri olub, Bakıdan sonra elm və tədrisin miqyasına görə ikinci şəhəridir. Burda tərkibində 24000 tələbə və 2800 dən çox müəllimi (99-u elmlər doktoru, 44-ü elmlər namizədi, 584-ü isə baş müəllim. ) olan dört dövlət və iki özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri