Bayıl qayası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 002
Səs ver:
(səs: 2)
Bayıl qalası – Bakının Bayıl burnu yaxınlığına yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur.

Qala mənbələrdə müxtəlif adlarla ("Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və s.) anılsa da elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır.

Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 -ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batmışdır.

Arif Ərdəbili 1369 – cu ildə yazdığı "Fərhadnamə" poemasında gördüklərini belə qələmə almışdı:

Bakıda dənizdə bir qala var ki,
Yeni şəhər qalasını orda su basmışdır.

Bu misralarda şairin Bayıl qəsrindən bəhs etməsi şübhə doğurmur. Arif Ərdəbili Bayıl qalasını tikinti başa çatdıqdan bir əsr sonra görmüşdü və təbiidir ki, o, hələ el yaddaşlarında "yeni şəhər qalası" kimi qalırdı. Bu deyim, həm də Bayıl qəsrinin şəhər qalası olmasını, yəni Bakının müdafiə sisteminə daxil edilməsini bir daha təsdiq edir.

Tədqiqi
AMEA-nin Tarix İnstitutunun Xəzər arxeoloji ekspedisiyasının aşkarladığı Bayıl qalasına aid daş kitabələr
Bu abidənin 60 ildən artıq bir dövrdə öyrənilməsinə baxmayaraq, onların Xəzərin dibində olması elm aləminə lap çoxdan məlumdur. Məsələn, hələ 1782-ci ildə rus xəritəçiləri tərəfindən tərtib edilmiş Bakı limanının xəritəsində "Bayıl daşları"nın sudan çıxmağa başladığı qeyd edilmişdir. Bu marağın səbəbi abidədən daha çox, Xəzər dənizinin səviyyəsi məsələsi ilə əlaqədar olmuşdur. Bundan sonra Bayıl tərəfdə dənizin içərisindəki tikinti qalıqları haqqında 1848-ci ildə Bakıda olmuş görkəmli rus şərqşünası İ.N.Berezin və Azərbaycanın görkəmli alimi Abbasqulu ağa Bakıxanov da maraqlı məlumat vermişdir.

Bir də yüzillər keçəndən sonra, Xəzər dənizinin səviyyəsi yenidən xeyli aşağı düşdüyü zaman Bayıl qəsri su üzündə görünməyə başlamışdır. Mütəxxəsislərin əksəriyyəti o fikirdədi ki, qəsr dörd yüz ildən artıq Xəzər suları altında gizlənməsəydi, Abşeronun bir çox abidələri kimi bu qaladan da iz qalmayacaqdı. 1939 – 1969 – cu illər ərzində qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700 – dən artıq yazılı daş tavalar çıxarılmışdır. Dərin oymalı bu daş tavalar nadir monumental xəttatlıq və heykəltəraşlıq əsərləri olub, nəhəng tikinti kitabəsinin ayrıntılarıdır. İlk çağda onlar divar hörgüsündə yanaşı düzülərək qala divarlarının bayır səthində uzun kitabə qurşağı (hündürlüyü 71 sm) əmələ gətirirmiş.

Bayıl qəsrinin daş kitabələrində araşdırmaçılar 15 Şirvanşahın adını, tikinti tarixlərini oxuyub, başqa müxtəlif məlumatlar aşkar etmişlər. Bu kitabələrdən Mərdəkan qalasında "müəllif qolu" olan memar Əbdülməcid Məsud oğlunun, Ustad Zeynəddin Əbdürrəşid oğlu Şirvaninin adları oxunmuşdur.

Bir kitabə daşında Bayıl qəsrinin "Bəndər qələ" adı ilə verilməsi dəyərli faktlardandır. Anlamı liman qala olan bu ad Bayıl qalasının baş funksiyalarından birini aydınlaşdırır. Bütövlükdə isə Bayıl qəsri Şirvanşahların yeni paytaxt şəhəri yanında iqamətgahı olmuş, Şamaxı qalasının müdafiəsində Gülüstan qalasının daşıdığı vəzifəni Bakı qalasının müdafiəsində Bayıl qalası daşımışdır.

Bayıl qalasının cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti iləbağlı olduğu halda, sahilə yaxın şimal qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı olmuşdur. Qəsrin demək olar ki, ortasnda daş döşəməli meydançada monumental bir tikilinin özülü üzə çıxarılmışdır. Bəzi araşdırmaçılar bu yerdə Abşeron qalalarının ənənəvi qüllələri tipində bir qüllənin ucaldığını söylədikləri halda, əksər tədqiqatçılar onu atəşgah və ya məbəd qalıqları sayırlar. C. Qiyasi isə bu meydançada iri bir saray binasının ucalması ehtimalını irəli sürmüşdür. XII-XIII yüzillərdə möhkəm qəsr, qala liman kimi tikilmiş və Bakının dənizdən qorunmasında baş yer tutan Bayıl qəsrinin daha qədim bir memarlıq kompleksinin özülləri üzərində ucaldılması ehtimalları da vardır.

Şirvanın başqa müdafiə tikililərində (Dərbənd qalası, Şamaxı qalası, Bakı qalası, eləcə də Gülüstan qalası və Qəley-Buğurt qalası) olduğu sayaq Bayıl qəsrinin memarlıq tərtibatında da bədii daş relyeflər, yonma daş fiqurlar işlədilmişdir.

Memarlıq xüsusiyyətləri
Bayıl qalasının prof. Cəfər Qiyasi tərəfindən bərpa olunmuş görünüşü
Bayıl qəsri, yan divarları tamamilə düz olmayan uzunsov bir düzbucaqlı şəklindədir. Bu forma, ehtimal ki, divarların üzərində durduğu daş qayanın relyefinə uyğunlaşdırılmışdır. Qəsrin uzunluğu 175, eni isə 35 metrdir. Qalınlığı 1,2 x 1,8 m olan divarlar dairəvi və yarımdairəvi qüllələri bir-birinə birləşdirir.

Abidənin on beş qülləsi vardır. Bunlardan yalnız şimal-qərb tindəki və cənubdakı iki qüllə dairəvi formada olub, içərisi boşdur. İçərisi bütöv qalan on iki qüllənin hamısı yarımdairə şəklindədir. Künclərdə olan üç dairəvi qüllənin qəsrə girmək üçün 1,3 m enində qapısı vardır. Səkkiz və doqquzuncu qüllələri birləşdirən cənub divarında, habelə on dörd və on beşinci qüllələri birləşdirən şimal qərb-divarında da 1,6 m enində qapı qoyulmuşdur. Qüllələrin bəzilərində yuxarı hissəyə çıxmaq üçün daş pilləkənlər vardır. Bütün divar boyu, kürsülükdən yuxarıda, hər 15 – 20 m məsafədən bir dördbucaqlı formalı məsafələr qalmışdır.

Abidənin tədqiqi zamanı onun dövrünü göstərən materiallar da tapılmışdır. Bəzi daşların üzərində hicri 632 – ci il tarixi qeyd olunmuşdur ki, bu da miladi 1232 – 1235 – ci illərə müvafiqdir. Bundan əlavə 1939 – cu ildə burdan tapılmış mis pullar üzərində Şirvanşah Güştasp Fərruxzadə və Xəlif əl-Nəsirin (1180-1225) adları yazılmışdır.

AMEA-nin Tarix İnstitutunun Xəzər arxeoloji ekspedisiyasının aşkarladığı Bayıl qalasına aid daş kitabələr:
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 002
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri