Zərdab rayonu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 950
Səs ver:
(səs: 1)
Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən, demək olar ki, öyrənilməmişdir.

Zərdab ərazisində tapılmiş (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır. İbtidai icma quruluşunun tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar.

XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri "Tarix-e Şeyx Uveys" əsərində monqol hökmdarları Hülakuların tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265-1282) Hülakular dövləti lazımi qədər möhkəm idilər, 1266-cı ildə "Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu"... Əsərdə haqqında danışılan Delan Naur monqol dilində "Yetmiş göl" deməkdir, monqollar Kürün şimalında Hacıqabul—Kürdəmir—Zərdab ərazilərində mövcud olmuş gölləri bu cür adlandırmışlar.

Rəvayətə çox-çox qədimlərdə Zərdab ərazisində – Bıçaqçı kəndi yaxınlığından başlanan Yerayız adlı böyük və zəngin şəhər varmış. Bu şəhər hansı səbəbdənsə məhv olmuşdur. Hətta indi də o ətrafdakı kəndlərdə adamlar bir-birlərinə, "İndi ki Yerayız şəhəri yoxdur ki, qaçıb orada gizlənəsən, səni də tapmaq mümkün olmaya" deyirlər.

Zərdabın Yuxarı Seyidlər kəndi yaxınlığında Qanlıca adlanan göl var. Bu adın nə ilə əlaqədar yarandığı hələ də dəqiq bilinmir. Lakin məlumdur ki, bu göldə su qan rəngindədir. Yerli sakinlərin dediyinə görə nə zamansa gölün dərinliyində qırmızı kərpicdən bina batmışdır, suya qırmızı rəng verən də həmin binanın kərpicləridir.

IX-X əsrlərdə yaşamış ərəb coğrafiyaşünasları və səyyahları yazırlar ki, orta əsrlərdə Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolunda – Kür vadisində mühüm ticarət mərkəzi Bərzənd (bəzi mənbələrdə Bərzənc) şəhəri vardır, karvanlar bu şəhərdən kecib gedirdi.

X əsrdə yaşamış İbn Həvqəl "Yollar və məmləkətlər" əsərində yazırdı ki, "Bərdədən Bərzəncə 18 fərsəng yoldur. Bərzəncdən Kürü keçərək Şəmaxiyyəyə 14 fərsəng yol var..." Minorski sübut etmişdir ki, bu şəhər Zərdabın Körpükənd adlanan kəndinin lap yaxınlığında – Bərdədən təqribən 35 km. şərqdə mövcud olmuşdur.

Görkəmli alimlərin Bərzəncin yaşıdı hesab etdikləri, bu gün də qədim adını yaşadan Körpükənd barədə qeydlər orta əsrlərin sonuna aid sənədlərdə yazılmışdır. Həmin tarixi mənbələrdə deyilir ki, Körpükənddə bərə vardı, Şamaxıdan gəlib Qarabağa, Gürcüstana, İrana, İrəvana gedən karvanlar bu körpüdən keçirdi.

Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir. "Azərbaycan SSR atlası" kitabında (Bakı-Moskva, 1963, səh.208.) göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından ("Qoyun ülumu"ndan — bu sözlər qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir) Kürü keçmiş, Şamaxıya getmişdir. I Şah Təhmasib öz ordusu ilə Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan (Sabirabad rayonu) Kürü keçmiş, Zərdaba ("Qoyun ülumu"na) gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Oqtay Əfəndiyev "Azərbaycan Səfəvilər dövləti" əsərində yazırdı: "I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı... Zülhiccənin 11-də "Qoyun ülumu" kecidinin yanından Kürü keçdi...

Bu günkü Zərdab şəhəri 1578-ci ilə aid türk mənbələrində "Zərdab sancağı" kimi göstərilir. Həsən bəy Zərdabi 1884-cü ildə Zərdabın 500 evdən ibarət olduğunu yazırdı. 1827-ci ildən yelkənli iri çay gəmiləri Zərdab ərazisində Kür çayı boyunca yük daşıyırdılar. H.Zərdabi qızı Pəri xanımın əri Əlimərdan bəy Topçubaşovun H.Z.Tağıyevdən icarəyə götürdüyü və redaktorluğun ona həvalə olunduğu "Kaspi" qəzetində 1892-ci ildə yazırdı: "Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır..."

1935-ci ildə Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. 1933-cü ildə Bakıda nəşr olunmuş "Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü" statistik məlumatından indiki Zərdab rayonu haqqında xeyli maraqlı bilgi əldə etmək mümkündür. Həmin məlumata əsasən 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olmuşdur. Sosialist Şuralar Cəmiyyətinin 1920-ci ildən hakimiyyətə yiyələnməsinə baxmayaraq kəndlərdə təsərrüfatlar hələ tam ümumiləşdirilməmişdi. 14 kənddə bir təsərrüfat belə ümumiləşməmişdi. Təsərrüfatlar fərdi fəaliyyətlə məşgul olurdular.

Nisbətən böyük kəndlərdə isə təsərrüfatların ümumiləşdirilməsinə başlanmışdı. Belə təsərrüfatların sayı Məliklidə 74, Gəndəbildə 69, Xələcdə 52 (o vaxt Xələc Zərdabın inzibati ərazi vahidinə daxil idi), Gəlmədə 44, Burunluda 39, Çallıda 37, Nəzərallıda 36 idi. Zərdab bölgəsində 8 kənd şurası fəaliyyət göstərirdi. Bu kənd şuraları sonralar kənd zəhmətkeş deputatları sovetinə çevrilmiş, 1977-ci ilədək bu ad altında, 1977-ci ildən SSRİ dağılanadək isə xalq deputatları soveti kimi fəaliyyət göstərmişlər.

XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 950
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri