Torpağın oyanışı ilə üst-üstə düşən Qoç bürcü hər şeydən
əvvəl insanlara xeyir-bərəkət, çal-çağır və ən əsası barışıq
gətirir. "Avesta” təqvimi ilə yeni ilin başlanğıcı hesab olunan
bu Zodiak işarəsi hər bir kəsdə yüksək əhval-ruhiyyə, əzəmət
və işlərində sürətli inkişaf təlqin edir. Lakin Balıqlar dövrü ilə
müqayisədə 31 günlük müddəti əhatə edən Qoç bürcü sanki
çılğın situasiyaların, gərgin proseslərin məntiqi davamıdır.
Çünki tarixi xronologiyaya nəzər salanda ən böyük ixtişaşların
daha çox bu dövrə düşdüyünün şahidi oluruq. Təkcə
məmləkətimizdə baş verən iki böyük faciə yuxarıda
dediyimizə əyani sübutdur: Bakıda ermənilər tərəfindən 15
min azəri türkünün qətlinə səbəb olan soyqırım (31 mart, 1918-
ci il) və Kəlbəcərin işğalı (2 aprel, 1993-cü il).
Bütün bunlara baxmayaraq Qoç dövrünün özünəməxsus gözəllikləri də istisna deyil. Belə ki, elmitexniki
tərəqqi, təhsil, mədəniyyət, ədəbiyyat və digər sahələrdə inkişaf da Qoçların əhatəsindədir.
Mətbuat sahəsində fəaliyyət göstərən həmkarlarımızın nəzərinə çatdırmaq istərdik ki, Qoç bürcünün
gəlişi onlar üçün daha düşərli olur. Ən azı ona görə ki, həmişə jurnalistikanın ən əzəmətli inkişafı da
məhz göstərilən ərəfəyə düşür.
Ulduzlar sistemində ilk yeri tutan Qoç bürcü təqribən martın 21-dən aprelin 20-nə qədər olan müddəti
(31 gün) əhatə edir. Ünsürü od, planeti Mars və Günəş, xoşbəxt rəqəmi 9 (9 işlənən bütün rəqəmlər),
astroloji rəngi moruğu, qırmızı, sarı-qızılı və bütün parlaq rənglər, qiymətli daşları almaz, akvamarin və
ametistdir
Bu Zodiak işarəsi astronomik baxımdan o qədər də diqqəti cəlb etmir. Belə ki, səmanın şimal
yarımkürəsində yerləşən Qoç bürcündə müşahidə edilən obyektlər yoxdur. Zodiakı əhatə edən 12 bürc
arasında yeganə qəmli duruş da məhz Qoçlara aiddir. Sözügedən işarənin daşıyıcıları həyatın həlledici
məqamlarında təklənir, kədərli hadisələrə yuvarlanırlar: ağrı-acılar, itkilər, uğursuzluqlar və s.
O ki qaldı Mars planetinə, ilk öncə qeyd etmək istərdik ki, bu planet astronomik hesabla 4-cü sırada
yerləşir. Qədim yunanlar onu müharibə allahı Marsın şərəfinə belə adlandırıblar. Bu planetin radiusu
3390 km, elementi od, tərkibi istilik, xarakteri isə hakimlikdir. Müasir astrologiya mütəxəssisləri 2000-ci
ildən Günəşi də Qoç bürcünün planeti kimi göstərirlər. Bu nəhəng kosmik obyekt astronomiyaya görə
sıravi planet hesab olunur. Onun adını qədim dünya dövlətləri həmişə yaxşılığa çəkiblər. Hətta
müqəddəs dinimiz olan zərdüştilikdə də Ulu Hörmüzü bəzən Günəş Allahı adlandırırdılar. Bu parlaq
obyektin radiusu 696 min km, elementi od, tərkibi quraqlıq, xarakteri isə hakimlikdir.
Haqqında söhbət açdığımız Qoç işarəsi altında dünyaya gələn adamlar ilk növbədə qeyri-adi həyat
qüvvəsinə, nikbinliyə malik olmaları ilə seçilirlər. Onlar öz şərəflərini qorumağı bacarır və onu hər
şeydən üstün tuturlar. Bu Zodiakın himayəsində doğulanlar ətraflarında cərəyan edən hadisələrə
hamıdan tez reaksiya verir, daima müasir dövrlə yaşayırlar. Sadə dillə desək, ömrü boyu kommunist
olan "qoç”lar indi ən demokratik bir lider də ola bilir. Bu işarənin himayəsində olan adamların böyük əksəriyyəti şöhrətpərəst olsa da, ehtiyatlı, enerjili, eləcə də hiyləgərdirlər. Əgər kənardan kimsə
istiqamətləndirməsə, Qoçlar heç vaxt xoşbəxt olmurlar. Çünki onların maksimal romantikliyi çətinliklə
baş-başa qalanda köməklərinə çatmır. Bu adamlar genişqəlbli olduqları qədər də eqoistdirlər. Belələri
sevgidə nadir hallarda yanılır, həmişə özlərinə layiqli tərəf-müqabil seçirlər. Amma başqalarının təhriki
ilə evlənib qəlblərinin ziddinə gedəndə bədbəxt də olurlar.
Qoça enerji verən iş və ya yeni ideya olmadıqda, az qala bütün dünya onun gözündən düşür. Lakin
adətən bu hal tez keçib gedir və Qoç yenə də həmişəki nikbin vəziyyətinə qayıdır. Düşüncə və ideya
baxımından ona daha çox yabanı, cilanlanmamış, lakin çox böyük enerjiyə malik olan ideyalar
xarakterikdir. O, bir qədər dar düşünür və etiraza qulaq asmır. Depressiyada olan Qoç əsasən belə
düşünür: "Mən orijinal birisi deyiləm, heç kim məni görmür, heç kim məni olduğum kimi görə bilmir,
görmək istəmir”.
Nifrət, əsəbilik və qəzəb partlayışları isə daha çox primitiv Qoç üçün xarakterikdir. Ali Qoç primitiv
Qoçdan son dərəcə fərqlənir. Adi Qoç kobud, primitiv, bir sözlə, əsl əsgərdirsə, Ali Qoç daha çox
ordunu böyük savaşlara ruhlandıran və aparan generaldır. Ali Qoçda nə kobudluq var, nə də vəhşilik.
Bu xüsusiyyətlər onda anlaşma və müdrikliklə əvəz olunub. Böyük işləri həyata keçirməyə qabil olan
güclü enerji isə dəyişməz qalır. Ali Qoçu allahlardan odu oğurlayıb insanlara bağışlayan Prometeylə
müqayisə etmək olar. Eynilə Prometey kimi o da öz enerjisini insanlarla bölüşür.
Qoçlar şəxsi ideyalarını hər şeydən üstün tutan adamlardır. Onlar daima keçmişin acı xatirələri ilə
yaşayır, sınmış qəlblərində ağrı gəzdirirlər. Bu səbəbdən də haqqında danışdığım Zodiak bürcü demək
olar ki, heç vaxt ürəkdən gülmür. Hətta belə bir şey baş verərsə, buna inanmaq çətindir. Çünki onların
gözləri həmişə kədərli olur. Göz demişkən, bir şeyi də diqqətinizə çatdırmaq istərdik: Qoç bürcünün
nümayəndələri yüksək intuisiya, hissetmə, öncəgörmə qabiliyyətlərinə görə digərlərindən fərqlənirlər.
Onların gözlərində güclü hipnoz bacarığı da olur. Hətta bu səbəbdən orta əsrlərdə belə adamları
cadugərlikdə günahlandırıb inkvizisiya tonqalında yandırırdılar. Yeri gəlmişkən, mart ayında doğulan
Qoçlarla apreldə dünyaya gələn Qoçların arasında da ciddi fərqlər var. Belə ki, birincilər digərlərinə
nisbətən daha tez məşhurlaşır, daha çox ədəbiyyat və incəsənətə meylli olurlar (Səməd Vurğun,
İsmayıl Şıxlı, Lütvəli Abdullayev, Cəfər Cabbarlı və b.), ikincilər isə bir qədər radikal, əsəbi və siyasət
həvəskarı olurlar (Etibar Məmmədov, Ramiz Mehdiyev, Ramil Usubov, İsgəndər Həmidov, Tofiq
Qasımov və b.). Bu adamlar üçün həzin bir musiqi, şam işığı və müvəqqəti tənhalıq yetər ki, "dağı dağ
üstünə” qoysunlar.
Bu işarə altında dünyaya gələnlər adətən ortaboylu, orta çəkili, uzun boyunlu, ala və ya qəhvəyi gözlü
olurlar. Nisbətən sarı bəniz, yuxarı dartılmış çatma qaşlar, qabarıq burun, şabalıdı saçlar, qabağa çıxmış
iri dişlər və almacıq sümüklər, dəyirmi al yanaq, quru, pıtraq, bəzən də qıvrım saçlar, enli sümük, dəqiq,
ifadəli baxışlar Qoçlar üçün xarakterikdir.
Seyers və Vinni adlı astroloqların "Qoroskopdan pis xəbərlər” kitabında Qoçlar haqqında belə yazılıb:
"Əgər siz Qoç bürcündən heç olmasa bir nəfər tanıyırsınızsa, onda həmin şəxsdə dinamikliyin,
qorxmazlığın və qüvvətin nə olduğunu görərsiniz. Kişi-Qoçlar paxıl, lakin sona qədər mübariz, qəddar
və hətta daşürəkli olurlar. Qadın-Qoçlar dünyəvi məsələlərdə çoxluq gedən yolla gedir, digər
məsələlərdə isə yalnız öz fikirlərinin yeridirlər. Buna baxmayaraq, statistika göstərir ki, Qoçların 90 faizi
bütün ömrü boyu "ana uşağı” kimi qalırlar”.
Əksər Qoçlar rüşvət verməyi xoşlamadığı kimi, almağı da sevmirlər. Yalnız haqq-ədalət tərəfdarı kimi
tanınan belələri bunun naminə hətta güclü təzyiqə, ölümə də tuş gəlirlər. Əgər metroda və ya
avtobusda hansısa bir qıza xuliqanlar sataşsa və hamı susduğu halda birisi qızı müdafiə etsə, bilin ki, o,
mütləq Qoç bürcündəndir. Amma nədənsə orta əsrlərdə bu adamları ən aqressiv və dağıdıcı kimi
qələmə verirdilər.
Acıdil, çoxdanışan, "Həmişə öz fikrim həqiqətdir” düşüncəsində olan Qoçlar başqaları tərəfindən qəbul
edilməyəndə məyus olur, bəzən sakit bir guşəyə çəkilib insanlardan təcrid də olunurlar. Amma heç
vaxt ruh düşkünlüyünə mübtəla olmur, əksinə, daha əzmkarlıqla mənəvi boşluqlarını qısa bir zamanda
doldurmağa çalışırlar.
Qoçlar digər Zodiak işarələrinə nisbətən o qədər də səliqə-sahmana fikir vermirlər. Daima zövqsüz və
ya sadə geyinən bu adamlar kənardan necə qiymətləndiriləcəklərinə əhəmiyyətsiz yanaşırlar. Onlar
baş verən hər bir hadisənin mahiyyətindən daha çox romantik meyarlarına diqqət kəsilirlər. Qoçlar
təzadları sevir, "Necə varamsa, o cür də qəbul et!” prinsipinə üstünlük verirlər.
Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi hələ qədimlərdə bu bürc altında doğulanlara ilahi bir
varlıq kimi yanaşırdılar. Elə bu səbəbdən də Qoçlara həmişə yüksək peşələrdə çalışmağı tövsiyə
edirdilər. Müasir astrologiya bu adamlardan daha çox ədəbiyyat və incəsənət xadimləri yetişdiyini bildirsə də, antik və orta əsr münəccimləri onların siyasət, hərb və səhiyyə sahələrində daha yararlı
olduğunu vurğulayırdılar