Qədim Babil astroloqları bu işarə altında dünyaya gələnləri
varlı və "öz mənafeyini hər şeydən üstün tutan adam”
adlandırırdılar. Əgər bundan əvvəl yola saldığımız Qoç dövrü
cəmiyyətdə və siyasi həyatda gərginlik yaradırdısa, Buğa
bürcünün Göy qübbəsinə hakim kəsildiyi dövr nisbətən sabit
keçir. Torpağa bağlı olan Buğa bürcündə müəmmalı cəhətlər
çox olduğundan hələ də onun xarakteri tamamilə aşkar
olunmayıb. Müşahidələr göstərir ki, təbiətin ən gözəl çağına
təsadüf edən Buğa bürcü həm də toy-nişanla zəngin keçir.
Ulduzlar sistemində ikinci yeri tutan Buğa bürcü təxminən
aprelin 21-dən mayın 21-nə qədər olan dövrü (32 günü) əhatə
edir. Ünsürü torpaq, planeti Venera, xoşbəxt rəqəmi 6 (6-ya
bölünən bütün rəqəmlər), uğurlu günü cümə, uğursuz günü çərşənbə axşamı, astrolji rəngi ağ, yaşıl,
narıncı və yasəməni, qiymətli daşı brilyant, opal və Ay daşı, yaşamaq üçün uğurlu ölkələri İrlandiya,
Rusiya, Polşa, İraq, İran, Əfqanıstan, Cənubi Qafqaz, Avstraliya və İsveçrədir.
Bu Zodiak Göy qübbəsində təqribən 800 kvadrat dərəcəlik sahəni əhatə edir. Onun tərkibində 230-
dan artıq ulduz var və onlardan yalnız 25-ni adi gözlə görmək mümkündür. Buğa bürcündə parlaq
ulduzlar, eləcə də iki böyük ulduz toplusu var. Bu bürcün planeti olan Venera (Dan ulduzu) astronomik
hesabla ikinci yeri tutur. O, Günəş və Aydan sonra Yerdən görünən ən parlaq obyektdir. Qədim
romalılar onu sevgi, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə belə adlandırıblar. Bu planetin
radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimlikdir. Müasir astrologiyada artıq üç
ildir ki, Yerin təbii peyki olan Ayı da Buğa bürcünün himayədarı kimi qələmə verirlər.
Yuxarıda dediyimiz kimi Qoçla müqayisədə Buğa bürcünün əhatə etdiyi dövr kifayət qədər sakit keçir.
Haqq-ədalətin, tapdanmış hüquqların bərpası, kəskin qarşıdurmaların sonuclanması da bu ərəfəyə
təsadüf edir. Hesablamalar göstərir ki, Buğa bürcünün yalnız 1-ci dekadası (21-30 aprel) insanlar üçün
təlatümlü keçir, qalan dekadalardasa həqiqət üzə çıxır, müəmmalı hadisələrə aydınlıq gəlir. Müasir
dünya münəccimlərinin qənaətinə görə, cinayət işlərinin ən çox açılması da məhz bu Zodiakın əhatə
etdiyi müddətə düşür.
Amma Buğa bürcü məmləkətimiz üçün o qədər də əhəmiyyətli deyil. Çünki sənayedə, elm və təhsildə
nə qədər uğurlarımız olsa da, hərbi zəmində zaman-zaman yalnız məğlubiyyətlərlə üzləşmişik. Bu
səbəbdən də hər dəfə "Buğa”nın təmkinini pozmamalı, onun nazıyla oynamalıyıq.
Söhbət açdığımız Zodiak işarəsi altında dünyaya gələn adamlar ilk növbədə yüksək qabiliyyətləri və
əməksevərlikləri ilə diqqəti cəlb edirlər. Onlar hətta mənasız görünən məsələlərdə də ciddi nüanslar
tapırlar. Güclü yaddaş, özünəinam, dəqiqlik, hədsiz təmkin bu adamların ən mühüm keyfiyyətlərindən
hesab olunur. Belələri ətrafda cərəyan edən hadisələrə tələsik reaksiya vermir, hətta hər şey aşkarlansa
belə, fikir bildirməyə tələsmirlər. Hər bir məsələdə vaxtı uzatmağı sevən "buğa”lar nadir hallarda
yanılırlar. Onların qapalılığı ünsiyyətdə olduğu adamlarda ikrah hissi doğursa da, ciddi görkəmləri və
yüngüllükdən uzaq olmaları münasibətlərin korlanmasına mane olur.
"Buğa”ların nə düşündüyünü və hansı addımlar atacağını öyrənmək çox çətindir. Çünki bu bürcün
sakinləri ən yaxın simsarlarına belə sirr vermir, gələcək perspektivlərini hamıdan gizlədirlər. Riskdən
uzaq olan bu adamlar adətən tələsmir, hər şeyi öz axarında həll etməyə çalışırlar. "Buğa”lar o qədər
dözümlü olurlar ki, bəzən onların hər şeydən məhrum olduğunu zənn edirlər. Lakin gərgin
situasiyalardan elə ustalıqla çıxırlar ki, hamı inanılmaz dərəcədə təəccüblənir.
Karmik astrologiyaya görə, bu bürcdən olan adam hər şeyi əsaslı və möhkəm şəkildə qurmağa çalışır.
Onu öyrəşdiyi və adət etdiyi şəraitdən – evindən çölə çıxarmaq çətin məsələdir. Buğa dünyanı
hissetmə əsasında qavramağa çalışır və bu yolla düşünə bilinəcəyindən daha çox informasiya əldə
edir. Bu bürcün sakini çox hissiyyatlıdır (Buğa Zodiakın ən hissiyyatlı bürcü hesab olunur). O,
incəsənətin plastik növləri olan rəsmi, qrafikanı və memarlığı çox sevir. Barəsində danışdığımız şəxs öz
karmik proqramını tapmayana qədər əzab çəkir. Əksinə, o, bu proqramı tapa bildikdə, heç kim onu
mənəvi yüksəlişə doğru gedən yoldan saxlaya bilməz.
Ali Buğa həyatı çoxtərəfli şəkildə qəbul edir. Digər adamlardan fərqli olaraq həyat ona qat-qat gözəl
görünür. Çünki başqaları həyatı olduğu kimi görmür və qəbul etmirlər. Harmoniyada olan Buğa öz
yaradıcılığı sayəsində başqalarına da dünyanı özünün qəbul etmə prizmasından yanaşmanı öyrədə
bilər. Ali Buğanın fəaliyyətinə səbəb olan yalnız onun bəslədiyi sevgidir. O, gəzdikdə, qulaq asdıqda,
hətta danışdıqda belə siz onun daxildən gələn hisslərlə davrandığını görə bilərsiniz. Bu zaman əmin
olursan ki, o, həqiqətən də yaşayır. Xırdalıqlar ya onun ətarafında birləşib tama çevrilir, ya da kül kimi
havaya sovrulur. Dərin əhəmiyyətli mahiyyət isə onun yanında daha da əhəmiyyətli və parlaq olmağa
başlayır.
Bəri başdan nəzərinizə çatdıraq ki, bu bürcə aid olan kişilər ən darıxdırıcı insanlardır. Onların öz
həmsöhbətləri ilə ünsiyyəti yalnız Miriş demişkən, "Salam. Sağ ol” çərçivəsindən çıxmır. Əgər siz bir kişi
ilə tanış olarkən cəmi beş dəqiqə sonra onunla söhbətdən bezirsinizsə, çox ehtimal ki, yeni tanışınız
Buğa bürcündəndir.
Orta əsrlər astroloqlarının qənaətincə, Qadın-Buğalar çox tamahkar olur, ən gözəl, ən yaraşıqlı
oğlanları ovsunlamağa çalışırlar. Ümumiyyətlə, bu adamlar həddindən artıq xidmət göstərən olur,
işlədikləri müəssisənin şərəfini qaldırmaqdan və müəssisə rəhbərini razı salmaqdan böyük zövq alırlar.
"Buğa”larla yaxşı ünsiyyət yaratmaq üçün onların xarakterinə uyğun davranış nümayiş etdirmək lazım
gəlir. Hər hansı yumor, yüngül hərəkət, çılğınlıq və ya yalançı meyllər ağır nəticələr verə bilər. Bizim
leksikonda işlədilən "yerəbaxan” sözünü haqqında danışdığımız zodiaka şamil etsək, heç də
yanılmarıq. Lakin onların sakitliyini fağırlıq və ya qorxaqlıq kimi qəbul etmək də səhv olardı. Çünki
onlara "sataşmaq” çox təhlükəlidir. Ən azı ona görə ki, belələri hiddətlənəndə mütləq qisas alırlar,
üstündən hətta 20 il keçsə də.
"Buğa”ların nəyə maraq bəslədiyini bilmək kiməsə nadir hallarda müyəssər olur. Məktəb illərində heç
vaxt qabaqcıl şagird olmasalar belə, bu, heç də onların passiv oxumasına dəlalət eləmir. Hər şeyə
qiymət verən "buğa”lar qənaəti sevir, yığımcıl olurlar. Hətta həddi-buluğa çatmamış övladlarında bu
qabiliyyəti görən valideynlər öz "qaraqabaq” uşaqlarının gələcəyinə ümidlə yanaşırlar. Yeri gəlmişkən,
nəzərinizə çatdırırıq ki, Buğa bürcü altında doğulan hər kəs – istər qadın olsun, istərsə də kişi – gözəl
aşbazlıq qabiliyyətinə malik olurlar.
Yəqin çoxlarınız bilmirsiniz ki, bürclər arasında ən varlısı da məhz "buğa”larla "oxatan”lardır. İkincilər
var-dövlətə əziyyətləri və dostlarının köməyi ilə çatırlarsa, birincilər buna bəxtləri, ağılları və hiylələri
hesabına yetişirlər. Onlar özlərindən və ailələrindən daha çox başqalarının mənafeyini təmin etməyə
üstünlük verirlər. Bu bürcdən olanlarda bir qədər hiyləgərlik də var. Lakin onlar bunu yalnız lazımi
məqamda icra edirlər. Məsələn, öz ideyalarının obyektiv olduğuna valideynlərini inandırmaq,
münasibətləri soyuqlaşan iki şəxs arasında sülh yaratmaq üçün biclik işlədirlər.
O ki qaldı "buğa”ların sevgisinə, bu barədə bəzi incə nüansları nəzərinizə çatdırmaq istərdik. İlk öncə
qeyd edək ki, "buğa”lar sevgidə çox tələbkardır. Hər nə istəsən, etməyə qadirdilər. Amma bunun
əvəzini də görməyə çalışırlar. Cüssəli, qamətli, qəşəng görkəmli "buğa”ların məhəbbətini qazanmaq
istəyirsinizsə, əvvəlcə özünüzə fikir verin. Çünki onlar sevdiyi adamı gözəl və yaraşıqlı görmək
istəyirlər. Siz dəbə uyğun, zövqlə geyinməyi bacarmalısınız. Ehtiraslı "buğa”nı intim əlaqələrdə də razı
salmaq çox çətindir. Siz məhəbbətin bütün sirlərinə yiyələnməlisiniz. Əks halda, onlar sizə qarşı bütün
maraqlarını itirəcəklər.
Hələ qədimlərdə bu bürc altında dünyaya gələnləri hakimiyyətə iddialı hesab edirdilər (II Yekaterina, II
Nikolay, Karl Marks, Mustafa Kamal Atatürk, Vladimir Lenin, Heydər Əliyev, Ayaz Mütəllibov, Səddam
Hüseyn və başqaları). Onların ticarət sahəsində məşhurlaşacağını da bildirirdilər. Lakin "buğa”lar
səyyah, incəsənət xadimi və icmalçı kimi də məşhurlaşırlar. Bu adamlar daha çox rəhbər vəzifələr dəçalışırlar. Çünki Buğa bürcünün sakinləri digərlərinə nisbətən idarəetmə funksiyasını mükəmməl
bilirlər.