Tərəzi bürcü haqqında ümumi məlumat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 609
Səs ver:
(səs: 2)

Tərəzi bürcünün astroloji xüsusiyyətləri

Tərəzi bürcü Zodiakın cansız əşyaya həsr edilmiş yeganə işarəsidir. Payızın gəlməsiylə bərqərar olan bu bürc iki fəslin ab-havasını özündə cəmləşdirib. Belə ki, həm yayın qızmarlığı, həm də payızın soyuq təbiəti məhz Tərəzilərin qismətinə düşüb. Elə bu səbəbdən də qədim misirlilər bu bürcü "gündüzü gecə ilə, əməyi istirahətlə tarazlayan” adlandırırdılar. Babil münəccimləri isə belə hesab edirdilər ki, bu işarə altında dünyaya gələnlər qətiyyətsiz və dəyişkən adamlardır. Bir-birini inkar edən bu məlumatlar Tərəzilərin konkret xarakterini təyin etməkdə çətinlik yaradır. Amma, hər halda bəhs etdiyimiz qrupa aid olan insanlar haqqında "Qoroskop”un da özəl baxışları var. İndi sizlərə məhz bunu çatdıracağıq.


Haqqında danışdığımız bürcün gəlişi təbiətdə olduğu kimi ictimai-siyasi hadisələrin axarında, elm və texnika sahəsində, eləcə də insanların həyatında mühüm əhəmiyyət kəsb edir. Bir qayda olaraq Tərəzi bürcünün əhatə etdiyi dövr bir neçə istisna olmaqla, məmləkətimiz üçün nisbətən düşərli olur.

Zodiak sırasının ikinci yarısına düşən Tərəzi bürcü təxminən sentyabrın 24-dən oktyabrın 23-nə qədər olan dövrü əhatə edir. Ünsürü hava, planeti Venera, düşərli rəngi açıq-mavi, çəhrayı, qiymətli daşı sapfir, uğurlu günü cümə, uğursuz günü çərşənbə axşamı, magik rəqəmi isə 5-dir.

Tərəzi bürcünün səmadakı təsvir pozası haqqında danışmaq bir qədər çətindir. Çünki bu bürc cansız olduğundan, eləcə də ətrafında olan Qız və Əqrəb bürclərinə "toxunmadığına” görə onu xarakterizə etmək çətindir.


Bu bürc səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. Tərəzidə parlaq ulduz yoxdur. Amma onu himayə edən Venera Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Bizlərdə ona "Dan ulduzu” da deyirlər. Çünki səhərlər hava işıqlaşmağa başlayanda bütün ulduzlar "sönsə” də, Venera öz parlaqlığını saxlayır. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə Tərəzini deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir.

Bu Zodiak işarəsi zəif və incə bədənləri, hiyləgər və qalın sifətləri, düz burunları, mavi, bəzən də qara-qonur gözləri, kəhrəba və ya şabalıdı saçları ilə digər bürclərdən seçilirlər.


Bu bürc altında dünyaya gələn adamlar olduqca təzadlı xarakterə malik olurlar. Bu səbəbdən də onları anlamaq çətinlik yaradır. Orta əsrlərdə belələrini "ən etibarsız adam” adlandıran fransız astroloqları onlara tapşırıq və ya sirr verməkdən ehtiyat edirdilər. Lakin həmin dövr əsrlərin arxasında qaldığı üçün biz bu bürcə müasir nəzərlərlə baxmağa çalışacağıq.


Tərəzilər nadir hallarda özlərindən çıxır və demək olar ki, əsəbiləşərkən ümumiyyətlə, hay-küy, dava-dalaş qaldırmırlar. Amma adi bir sözlə münaqişə yaratmaqda da qabiliyyətlidirlər. Onlar hər şeydə sərbəstliyi sevir, başqalarının təklif və məsləhətlərini qulaqardına vururlar. Buna baxmayaraq, əgər onlar bu üsulu başqaları üzərində tətbiq etsələr, ömürləri boyu təhlükəli məqamlar yaşayırlar.


Tərəzilər 25 yaşdan sonra böyük iddialarla yaşayır, az qala hamını özlərinə xidmət etməyə çağırırlar. Həmin ərəfədə onlara "yox” deyənlər asanlıqla düşmənə çevrilirlər. İnadkarlıq etdikdə onların öhdəsindən gəlmək çox çətin olur.


Belələri sərbəst fikir irəli sürmək, müstəqil hərəkət etmək istedadına nadir hallarda yiyələnirlər. Tərəzilər təsir altına başqalarından daha tez düşürlər. Bu bürcün kişiləri qadınlarına nisbətən qaşqabaqlı deyil, zarafatcıl və deyib-gülməyi sevən olurlar.


Deyilənə görə, bu bürcdən olanlar hamıdan yaxşı yalan danışa və rəhbərliyə yaltaqlana bilirlər. Bu, onların əsl peşəsidir. Bu işarəyə mənsub qadınlar ciblərində qəpik-quruş olanda belə, məsələn, "Komfort” mebel salonundan bahalı avadanlıq almaq, "Cip”də gəzmək, xarici səyahət və daş-qaşlar haqqında xəyallara dalırlar. Kişi-Tərəzilər zahiri görünüşdən həddindən artıq cazibədar, ehtiraslı görünsələr də, avtomobili nadir hallarda idarə edir, döngəyə çatandasa hansı tərəfə dönməyi dəqiqləşdirməkdə çətinlik çəkirlər.


Məhəbbət sahəsində Tərəzilər etika qanunlarına əməl etməyi unutmur. Onlar hər şeyi sakit, konfliktsiz həll etməyi xoşlayırlar. Bu Zodiak işarəsi öz tərəf-müqabillərində ciddiliyi üstün tuturlar. Əvvəlcə onunla dostluq münasibətləri saxlayır, planetlər öz yerlərini dəyişəndə isə bu dostluq gözlənilmədən məhəbbətə çevrilir. Bu adamlarla əlaqələrinizin uzun müddət davam etməsini, möhkəm olmasını istəyirsinizsə, baxışlarınız mütləq üst-üstə düşməlidir. Yoxsa Tərəzilərlə sizinki tutmayacaq.


Bu adamlar məhəbbət magiyasının ən gözəl biliciləridir və bundan məharətlə istifadə edirlər. Lakin başqalarının məhəbbət oyunları üçün onlar praktiki olaraq sarsılmazdır. Tərəzi bürclülər tez-tez şər qüvvələrin hücumuna məruz qalırlar. Onlara müxtəlif dini ayin və mərasimlərdə iştirak etmək məsləhət görülmür. Əks təqdirdə böyük fəlakət və xəstəliklərlə üzləşə bilərlər. Başqa bürclərə təhlükə törədə bilən şeylər Tərəzilərə böyük uğurlar gətirə bilər. Məsələn, opal daşı onlara çox faydalıdır. Əgər istəsələr, belələri fövqəltəbii sirlərə malik olar, xüsusən də müalicə sahəsində böyük uğurlar qazanarlar. Maraqlı orasıdır ki, Tərəzi bürcünə aid insanların əksəriyyəti fövqəltəbii elmlərlə məşğul olurlar.


Əgər övladınız bu bürcün himayəsində doğulubsa, ciddi sınaq qarşısında qalacaqsınız. Hər an sizi həm müsbət, həm də mənfi mənada sürprizlər gözləyir. Valideyn kimi bilməlisiniz ki, bu bürcdən olan uşağınızın gələcək taleyi birbaşa sizin tərbiyələndirməyinizdən asılı olacaq. Çünki yuxarıda dediyimiz kimi, bu adamlar təsir altına tez düşürlər və hər şey ağıllarına batır. Hələ uşaqlıqdan yaddaşları möhkəm olan Tərəzilər müxtəlif dövrlərdə baş verən hadisələri bütün təfərrüatıyla yadda saxlaya bilirlər. Valideyn kimi onu da unutmayın ki, belə uşaqların gözündən heç nə yayınmır. Əgər övladınızın gələcəyini xoşbəxt görmək istəyirsinizsə, yuxarıdakı məsləhətlərimizə qulaq asın.


İstər cəmiyyətdə, istərsə də ictimai proseslərdə fəaliyyət göstərən Tərəzilər tez məşhurlaşsalar da, nadir hallarda liderə çevrilirlər. Bu isə onların özlərinə inamsızlıqlarından irəli gəlir. Bu adamlar həmişə kənardan kiminsə kömək edəcəyini düşünürlər. Onların qəlbində daima narahatlıq və nisgil olur ki, bu da ömürlərinin sonuna qədər davam edir. Duyğu və hisslərin qarşılıqlı münasibətlərində Tərəziləri başa düşmək olduqca çətindir. Bu adamlar öz qabiliyyət və bacarıqlarından heç vaxt razı olmurlar.


Müasir dünya astroloqlarının fikrincə, Tərəzi bürcünə şamil edilən adamların çoxlu sayda düşmənləri olur. Bu səbəbdən də onların həyatı daima təhlükəyə məruz qalır. Belələri əksər hallarda sui-qəsdlərin qurbanı olurlar. Amma gözəl intuisiya, səmimi dostlar, səliqə-sahman, ciddi xarakter, yaradıcılıq eşqi və başqa müsbət keyfiyyətlər də məhz bu bürcə şamil edilir. Yüksək incəsənət duyumu, artistlik qabiliyyəti olan Tərəziləri bu sahələrdə şöhrət və varlanmaq gözləyir.


Çağdaş münəccimlər bu bürc haqqında konkret olaraq xarakteristika da veriblər. Gəlin, onları birlikdə nəzərdən keçirək.


Müsbət keyfiyyətləri:  mülayim, ictimai, cəzbedici, yüksək zövqlü, səbrli, "zəif yeri” tez tutan, qiymətləndirməyi bacaran, taktikalı, eleqant…

Mənfi keyfiyyətləri: qərar çıxara bilməyən, çətin situasiyalarda özünü itirən, təklikdən qorxan, boş şeydən hay-küy qaldıran, təzadlı fikir söyləyən, ovqatı asanlıqla təlx edən…


Bu bürc altında dünyaya gələn adamlar digər peşələrə nisbətən daha çox pedaqoqluğa meylli olurlar. Bu isə onların öyrətmə qabiliyyətindən, eləcə də səbrli olmalarından irəli gəlir. Zodiakın bu nümayəndələri hələ erkən yaşlarından məşhurlaşmaq şansı qazanırlar. Amma əksər hallarda öz başısoyuqluqları ucbatından bu şansdan istifadə edə bilmirlər. Onlar diplomat, siyasətçi, aktyor, zinət əşyaları alverçisi, incəsənət və mətbuat işçisi, həkim, dərzi, bərbər və sairə peşələr üçün məqsədəuyğun sayılırlar.

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri