Hələ qədim dünyanın adamları qızmar Yay fəslinin gəlişinə təsadüf
edən Xərçəng bürcünün gəlişindən ehtiyat edir, özlərini buna
hazırlayırdılar. Belə ki, onlar Günəşlə Ayın bir-birinə daha yaxın
məsafədə olduğu bu ərəfəni Xeyirlə Şərin bərabər gücə malik olması
və haqqı nahaqdan ayırmağın çətin olması kimi qiymətləndirirdilər.
Orta əsrlərdə isə Xərçəngin hakimiyyətdə olduğu dövrü daha çox
qadınlar üçün təhlükəli hesab edirdilər. Onların qənaətinə görə,
mistik məxluqların himayədarı olan Ay qadınları xəstələndirir, onları
ailədən təcrid edir, gücdən salır, hamilə olanları öldürür. Bədirlənən
Ay zamanında isə qadınların daha zəif və əsəbi olduqları bildirilirdi.
Bu səbəbdən də Xərçəng bürcündə daha çox zərif məxluqları
qoruyurdular.
Zodiak sistemində 4-cü yeri tutan Xərçəng bürcü təxminən iyunun 22-dən iyulun 22-nə qədər olan
dövrü (31 gün) əhatə edir. Ünsürü Su, planeti Ay, Bu bürc altında doğulanların düşərli günü bazar
ertəsi, cümə axşamı, düşərsiz günü çərşənbə axşamı, şənbə, uğurlu rəngi ağ, açıq-mavi, göy, yaşıl,
uğursuz rəngi boz, uğurlu daşı rubin, zümrüd, Ay daşı, metalı gümüş, enerji verən çiçəyi jasmin, bütün
ağ çiçəklər, xoşbəxt rəqəmi 4, 5, 8, talismanı ürəkdir.
Girişdə qeyd etdiyim kimi bu Zodiak işarəsinin gəlişi iqlimin daha da istiləşməsinə təsadüf edir. Bir
qayda olaraq bu ərəfədə məzuniyyət götürülür və uzaq səfərlərə çıxırlar. Druidlərə görə, insanların ən
"tənbəl” dövrü də məhz bu ərəfəyə düşür. Ən böyük bəla isə göstərilən müddətdə insanların bir-birinə
qarşı yaranmış soyuqluğunun daha kəskin xarakter almasıdır. Hesablamalara görə ən çox insan tələfatı
da məhz adı çəkilən zodiakın əhatə etdiyi günlərə təsadüf edir. Bir tərəfdən siyasi hadisələr,
müharibələr, terror hadisələri, digər tərəfdənsə təbii fəlakətlər insanların sayını kəskin surətdə azaldır.
Xərçəng bürcü Göy qübbəsində yerləşən ən kiçik Zodiak işarəsidir. O, səmanın cəmi 500 kvadrat
dərəcəlik sahəsini tutur. Adi gözlə görünən 60 ulduza malik olsa da, heç bir parlaq ulduzu yoxdur.
Xərçəng bürcünün himayədarı olan Ay, bəzi mənbələrdə ən kiçik planet, bəzi mənbələrdə isə qeyriplanet
sırasına şamil edilir. O, Yerin təbii peyki və gecə səmasının ən parlaq obyektidir. Hətta təzə
doğan Ayın parlaqlığı Veneranın maksimal parlaqlığından 2500 dəfə çox olur. Antik dövrün
astroloqları hesab edirdilər ki, Ay insanlarda inam, ümid, xeyrxahlıq və digər emosional duyğular
yaradır, gündəlik qayğılarla məşğulluğa və ev işlərinə müsbət təsir göstərir. Onun radiusu 1738 km,
elementi su, tərkibi soyuqluq, xarakteri isə hakimlikdir.
Yerə yapışan, köklüyə meyllilik, solğun, dəyirmi sifət, enli alın, açıq şabalıdı saçlar, böyük gözlər, iri
döşlər, xırda pəncəli ayaqlar və uzun, qələməbənzər əllər… "Xərçəng”lərin zahiri görkəmindən söz
düşəndə ilk növbədə bu amil qabardılır. Bütün dövrlərin astroloqları bu bürc altında dünyaya gələn
adamların ilk növbədə dinpərəst olduğunu vurğulayıblar. Qənaətlərə görə, bürclər arasında onlar
qədər Axirət dünyasına, Tanrıya inanan yoxdur. Məhz bu inamdan irəli gələrək onlar nə qədər
uğursuzluq və faciələrlə rastlaşsalar da, istənilən anda özlərində təmkin tapa bilirlər.
Bir qayda olaraq "xərçəng”lər hündürboy, yaraşıqlı və ağıllı olurlar. Onlar nə qədər eqoist görünsələr də, insanlardan daima qayğı, mərhəmət, bir sözlə, ana doğmalığı umurlar. Belə adamların taleyini xoş
təsadüflər və bəxtlərinin gətirməsi təşkil edir. "Xərçəng”lər hədsiz dərəcədə hissiyyatlı və əyləncə
həvəskarı olurlar. Kənardan baxana elə gələ bilər ki, bu bürcün sakinləri qapalı, səriştəsiz və
kobuddurlar. Çünki görünən mənzərə məhz deyilənlərlə eynilik təşkil edir. Lakin dərindən bələd
olanda onların xoş davranışlarının, mərhəmətinin şahidi olmaq da mümkündür. Müasir dünya
astrologiyasının qənaətinə görə, bu işarə altında dünyaya gələn qadınlar uşaqları çox sevir, ailəcanlı-
qohumcanlı olur, kişilərsə əksinə, çox vaxt ailədən təcrid olunur, ayağısürüşkənliyə meyl edirlər.
Ümumiyyətlə, bu bürcün kişiləri peşəni və pulu hamıdan çox sevirlər. Onları Ay idarə etdiyindən az da
olsa, hipnoz etməyi bacarırlar. Məhz bu faktor həmişə "xərçəng”ləri diqqət mərkəzində saxlayır, onlara
ehtiyac olduğunu büruzə verir. Konkret olaraq məhəbbətə gəlincə, bildirək ki, incəqəlbli "xərçəng”
üçün məhəbbətini itirmək çox ağır zərbədir. Belə üzücü hallarda bu romantiklər gözlərini yumur və
sevgilisinin qayıtmasını arzulayır. O isə qayıtmaq haqqında heç fikirləşmir də. Belə məqamlarda bir
qədər daşürəkli olmaq lazımdır.
Tipik "Xərçəng” çox qapalıdır, onun fikrində emosiya və düşüncə tamdır. Real həyatda baş verən
istənilən dəyişiklik, onun daxili dəyişikliyinə səbəb olur ki, bu da öz növbəsində heç də itkisiz ötüşmür.
Buna görə də "Xərçəng” özünə aid olan hər şeydən – duyğu və düşüncələrindən, dünyagörüşündən,
onu əhatə edən fraqmentlərdən dördəlli yapışır. Bu adam öz-özlüyündə kövrək və emosional, ətraf
üçünsə tapmaca və bir növ "qara dəlik”dir. Beləsi qətiyyən ətrafa enerji saçmır.
Ali "xərçəng”lər isə dini araşdırmalara, Tanrını mistik baxımdan hiss edib, aramağa meyllidirlər. Onlar
mənəvi atalar, dini rəhbərlər və müqəddəslərdir. İnkişaf etmiş "Xərçəng” sizinlə qatarda yol gedən
zaman ikicə saat söhbət etməklə ola bilər ki, sizə bütün ömrünüz boyu əzab verən suala cavab tapsın.
Bu arada o, özü həm gərəkli informasiya, həm də emosional rahatlıq əldə edir. Bu adam inanılmaz
dərəcədə başqasının cavab reaksiyasını hissetmə qabiliyyətinə malikdir, o, çox dərindən qavrayır.
İnsan üçün həqiqətən də bu, çox nadir və qeyri-adi bacarıqdır.
"Xərçəng”lərin cəmiyyətdə nüfuz qazanmalarına mane olan amil onların eqoistliyi, məsuliyyətsizliyi,
xasiyyətinin tez-tez dəyişməsidir. XIII əsrdə yaşamış ingilis astroloqu Rocer Bekon bu bürcə aid olan
kişilər haqqında belə deyirdi: "Onların əksəriyyəti qorxaq və namərddir”. Kişi-Xərçənglərin hiyləgərliyi
və emosional dayanıqsızlığı, onların qadınlarla olan münasibətlərinə mənfi təsir göstərir. Adətən bu
bürcdən olan qadınlarla ailə həyatı qurmaq üçün kişilər uzun müddət gözləməli olurlar. "Xərçəng”
sürücülərsə çox şıltaq olur: qırmızı işığı keçmək, sürəti həddindən çox artırmaq onların adətidir.
Bu adamlar bütün yaradıcı potensialı evdə sərf etməyi üstün tuturlar. Onların fəaliyyəti adətən peşəkar
xarakter daşıyır və qonaq qəbul etmək üçün "ixtisaslaşıb”. Onlar adətən qarşılarına qoyduqları
məqsədə çatırlar, çünki səylə işləməyi bacarırlar. Pul "Xərçəng”də özünəinam hissini gücləndirən
yeganə amildir. Onlar hətta lap çox pul qazandıqda belə bədxərclik etmirlər.
Biznesdə bu adamlar təkrarolunmaz intuisiyaya malikdirlər. Xərçənglər uğurla maliyyə
problemlərindən və müflis olmadan yan keçirlər. İnvestisiya qoymaq üçün ən uğurlu olan sahələr
şərabçılıq, dəniz məhsulları və yağ istehsalıdır.
Daima hakimiyyət iddiasında olan belələri öz istəklərinə yetişmək üçün daha çox başqalarının
köməyinə arxalanırlar. Ümidlərini "ağ atlı oğlana” bağlayan "xərçəng”lər nadir hallarda əzmkarlıq
göstərə bilirlər. Onlarda bəzi hiyləgərlikləri də görmək mümkündür. Belə ki, haqqında danışdığımız
adamlar riskli iş görərkən məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar. Hər hansı bir işə başlayarkən
mütləq özlərinə təcrübəsiz bir fiqur tapan "xərçəng”lər sonradan "paxır açılarsa”, bütün səriştəsizliyi
"müttəfiqlərinin” üstünə atmaq istəyirlər. Bu amili nəzərə alan oxucularımız sözügedən bürc altında
dünyaya gələn adamlarla həddindən ziyadə ehtiyatlı olmalıdılar. Unutmayın ki, "xərçəng”lərin
hipnozlu baxışlarından yayınmaq hər adama nəsib olmur.
Orta əsrlərin ərəb astroloqları qeyd edirdi ki, Xərçəng bürcü altında doğulanlar təkbaşına heç bir
müvəffəqiyyətə yetişə bilmirlər. Ona görə də belələrinə mütləq kənardan dəstək vermək lazımdır.
Müasir nücum elmi də bu adamlar haqqında ərəblərin göstərdiyi fikirləri təsdiq edir. "Başqalarının
dəstəyi olmasa, onlar heç vaxt xoşbəxt olmurlar” – bu fikirlərsə XIX əsrin fransız astroloqlarınə aiddir.
Və bütün bunlardan da belə nəticəyə gəlmək olar ki, mühacirət, qürbətdə yaşamaq, tənha qalmaq,
türməyə düşmək haqqında danışdığımız adamların məhvinə səbəb olur.
Xərçəng bürcünün nümayəndələri romantik duyğularla yaşadığı üçün tez sevilirlər. Onları Ay idarə
etdiyindən daha çox gecələr fəaliyyət göstərirlər. Ovqatları sabit olmasa da, qismətlərindən qaçsalar
da, tez qızışsalar da, hər halda sevilməyi və yaxşılıq etməyi də bacarırlar.
Antik dövrün astroloqları xərçəngin həm suda, həm də quruda yaşamasından çıxış edərək belə
qənaətə gəlirdilər ki, bu bürcün himayəsində olan adamlardan yalnız balıqçılar çıxır. Lakin sonrak dövrlərdə bu siyahı xeyli artmağa başladı. Belə ki, bu bürcün altında doğulan adamlar zaman-zaman
sübut etdilər ki, onlar çox şeyə qadirdilər. Məsələn, haqqında danışdığımız adamlardan yazıçı, dilçi,
filosof, tarixçi, pedaqoq, rəssam və bu kimi digər peşə sahibləri də çıxır. Amma bir şey var ki,
"xərçəng”lər incəsənət sahəsinə o qədər də meylli olmurlar.