Son zamanlar övladlığa uşaq götürmək istəyən şəxslər müəyyən çətinliklərlə üzləşdiklərini və onlardan müəyyən miqdarda pul tələb edildiyini iddia edir.
Bununla bağlı açıqlama verən Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, uşaq övladlığa götürülən zaman pul tələb edilməsi qanunsuzluqdur: “Əgər pul alınırsa, artıq bu, insan alveridir. Həmin vətəndaşlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Övladlığa götürməklə bağlı cənab prezidentimizin sərəncamı ilə yeni sistem yaradılıb. O, sərəncama uyğun olaraq yeni format üzərində işlər aparılır. Yəqin ki, proseslər dəyişiləcək. Uşaq övladlığa yalnız məhkəmə yolu ilə verilə bilər. Məhkəmə qərarı olmadan uşaq övladlığa verilə bilməz. Bununla bağlı hansısa qeyri-qanuni hərəkətlər olsa, Dövlət Komitəsinə məlumatlar çatdırılır. Biz bununla bağlı müvafiq addımlar atmışıq. Övladlığa götürmə ilə bağlı qanunla hansısa məbləğ təyin edilməyib. Uşaq götürmə prosesi tam şəkildə pulsuz və şəffaf şəkildə aparılmalıdır. Övladlığa götürmə prosesinin əsas məqsədi uşağın düzgün ailədə böyüməsidir. Təbii ki, yalnız valideyn himayəsindən məhrum olan uşaqlar övladlığa verilə bilər”.
Elgün Səfərov qeyd edib ki, övladlığa götürən şəxslə uşağın arasında 16 yaş fərq olmalıdır: “Daha çox iki valideyn tərəfindən uşağın övladlığa götürülməsi məqsədə uyğundur. Lakin bir valideyn tərəfindən də uşaq övladlığa götürülə bilər. Uşaq övladlığa götürülən zaman yaşayış yeri üzrə arayış, şəxsin əmlakı, qazancı, sağlamlığı ilə bağlı sənədlər təqdim etməlidir”.