Ər evinə yol, ər evindən yol

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 184
Səs ver:
(səs: 3)

 Boşanmış qadınlar tənələrə tuş gəlir

"Bizim ailədə yaş söhbəti çıxdı ortaya. Ailəmin mənim haqqımda düşüncəsi beləydi ki, bu qız işinə bağlandı, qurtardı, ərə getməyəcək. Anam tipik azərbaycanlı qadındır. Savadsız deyil, natamam orta təhsil alıb. Atam da onun kimi. Bizdə bir qayda var. Valideynin sözündən çıxmaq olmaz. Bu sənin həyatını həll edən qərar olsa belə. Mənim də ailə quranda yeganə səhvim bu oldu. Dedim ki, qoy anam seçsin”. 
Bu sözləri ailə səadəti dada bilməyən müsahibim Arzu Muradova deyir. Arzu baş verənlərə görə cəmiyyəti qınayır: "Bizdə cəmiyyət bir qədər fərqlidir. Qarşında seçim şansı olmur ki, deyəsən - bu yaxşıdı, yoxsa pis. Odur ki, sevmədən ailə qururuq. Bəzən belə olduğu təqdirdə sonradan qarşılıqlı anlaşma, hörmət olur. Əlbəttə, bu, ikinci ehtimaldır. Amma mənim həyatımda belə olmadı”.
"Mən niyə evdən qaçmalıydım?”
"Boşanmağa qərar verdim. İlk baxışdan sadə görünən bu proses sonradan mənim üçün əsl faciəyə çevrildi. Bu dəfə mənə qarşı çıxan təkcə anam-atam yox, bütün nəsil-kökümüz oldu. Hamı üstümə hücum çəkmişdi. Qayıtmalısan, başqa yol yoxdu. Ərimin ailəsi də elə düşünürdü. Belə situasiyada lap təhqir olunursan. Hər kəs düşünür ki, qayıdıb gələcək, boşana bilməz. Qələt eləyir, qardaşları, ailəsi razı olarmı? Onsuz da evlərində günü gün deyil. Sonda bezəcək. Ailəm düşünmürdü ki, mən övladıma bu qədər təzyiq edirəm, bunun axırı necə olacaq? Bütün bunların sonunda bezib evdən qaçdım və rəfiqəmin özü üçün kirayələdiyi kiçik evə sığındım”.
Bu gün cəmiyyətimizdə Arzu kimi düşünənlər çoxdur, amma onlar o qədər də şanslı deyillər. Heç bütün bu əzablara son qoymağı düşünə biləcək qədər savadları da yoxdur. Başqa sözlə desək, bu qadınlar sərbəst həyata hazır deyillər. Ayrıldıqdan sonra nə edəcəklərini bilmirlər. 
Dünyanın istənilən yerində bu cür problemlər mövcuddur. Təcavüzə məruz qalan, çətinliklərlə üzləşən və müxtəlif səbəblərdən ailəsini tərk etmək məcburiyyətində qalan qadınlar çoxdur. Fərq yalnız ondadır ki, inkişaf etmiş ölkələrdə bu qadınların sığına biləcəyi, üz tutacağı yerlər var, bizdə isə hələ bu tendensiya formalaşmayıb. Dövlət dəstəyi bir yana, heç valideynlər də qız övladlarının arxasında dayanmırlar, onları müdafiə etmirlər. 
Ailənin göstərdiyi təzyiq nə ola bilər?
"Dəli olmadığıma sevinirəm. Günlərlə tək qalmışam. Otağımda oturub gözləyirdim ki, nə vaxt evdən hamı çıxıb gedəcək, ev boşalacaq və mən çölə çıxacam” deyir qəhrəmanım. "Aylarla belə davam edib. Atam nə qədər çalışsa da, qardaşlarımı, anamı başa salsın, alınmırdı. Qayğıma qalan tək o idi. Bu da səbəbsiz deyildi. Hələ nişanlı olanda üzüyü qaytarmaq istəyirdim. Bir şeyə görə qaldım. Atam dedi ki, mən dəvətnamələri paylamışam, dost-tanışın yanında məni rüsvay eləmə. Bu sözlər mənim qarşımı kəsdi. Ailə qurdum, amma səhv olduğunu bilirdim” deyir.
"Anam çox maraqlı arqumentlər gətirirdi”
"Anam çox maraqlı arqument tapmışdı. Məsələyə baxışı belə idi: "Kim bəxtəvər olur ərə gedəndə? Biz hamımız əziyyət çəkmişik də. Sən niyə təkcə özünü düşünürsən?” Bu tipli şeylərlə rastlaşanda insan özü-özünü qınayır ki, bəlkə naxələf övlad, pis övlad mənəm, bəlkə mən düz eləmirəm?” Bunu da Arzu Muradova deyir.
Təəssüf ki, bu cür problemlər bu gün də yetərincədir. "Mentalitet”, "dəyərlər” adı altında insanların həyatları alt-üst edilir, hüquqları tapdanır. 
Sığınacaq evlərinin açılması vacibdir
Hələ 2008-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bəyan etmişdi ki, 2009-cu ildə qadınlar üçün yaradılan sığınacaq mərkəzlərinin sayı artırılacaq. APA-ya danışan komitə sədrinin müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə bir yerdə həyata keçirilən "Qadınlara qarşı zorakılığın aradan qaldırılması” layihəsi çərçivəsində hazırda Azərbaycanda iki yerdə - Goranboyda və Şüvəlanda sığınacaq mərkəzləri fəaliyyət göstərir. Gələn il isə daha 5 bölgədə sığınacaq mərkəzləri yaradılacaq. Sığınacaq mərkəzlərində zorakılığa məruz qalan qadınlarla yanaşı, uşaqlar və hətta ailədə durumu yaxşı olmayan ata və analar da qala biləcəklər.
Xəbərin ardınca gedib deyilənlərin həyata keçirilib-keçirilmədiyini öyrənməyə çalışdıq. 
Sığınacaqlarla bağlı sorğumuza Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cavab verib. Qurumun mətbuat xidmətinin məlumatına görə, sığınacaqların 5 regionda deyil, 4 rayonda yaradılması nəzərdə tutulub - Gəncə, Lənkəran, Xaçmaz və Zaqatala. Hazırda isə sığınacaqların açılması istiqamətində yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində müvafiq işlər görülməkdədir.
Verilən rəsmi cavabda komitənin adından yayılmış xəbəri təkzib edəcək daha bir fakt var. Bildirilir ki, Goranboy və Şüvəlanda qadın sığınacaqları yox, Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər fərqli təyinata malik olur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların valideynilərinə dəstək göstərilməsi, onların sosial müdafiəsinin təmin edilməsi məqsədilə yaradılıb. Məlumat üçün deyək ki, sözügedən sığınacaqlar "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi çərçivəsində yaradılır. Onların tabeçiliyi və maliyyələşdirilməsi məsələləri də layihə ilə tənzimlənir. Dövlət komitəsinin məlumatına görə, bu məqsədlə müvafiq kadr bazası formalaşdırılıb və işçilərin ixtisasının artırılması üçün zəruri işlər görülür. Bu zaman xarici ölkələrin müvafiq təcrübəsindən də istifadə olunur. 2009-cu ildə Türkiyədən dəvət olunan ekspertlər "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi çərçivəsində zorakılıq qurbanı olan qadınlar üçün yaradılacaq reabilitasiya mərkəzlərinin idarə olunması məqsədilə bir sıra dövlət qurumunun nümayəndələrinə təlimlər keçiblər. Eyni zamanda, BDU-nun sosial elmlər və psixologiya fakültəsinin magistr pilləsində sosial iş ixtisası üzrə mütəxəssislər hazırlanır.
"Reablitasiya mütləq lazımdır” 
Bunu isə Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir: "Ailə zorakılığı ilə bağlı qanunvericilik bu cür problemlərin həllinə yönəlib. Həmin qanunla reablitasiya mərkəzlərinin açılması, xüsusi polis qurumlarının yaradılması və s. nəzərdə tutulur. Lakin bütün bunların həyata keçməsi üçün illər lazımdır. Bu gün Azərbaycanda insan alverinin qurbanları üçün reablitasiya mərkəzləri var. Burada onlar üçün kurslar təşkil olunur, işə düzəlmələrinə köməklik göstərilir. Bizə çox qadınlar müraciət edirlər. Gəlirlər, problemlərini danışırlar. Biz sadəcə çıxış yolu göstəririk. Amma nə edəcəklərinə qərarı öz öhdələrinə qoyuruq. Həmişə son qərarı özləri verirlər. Mübarizəni qadın özü aparır, biz yanında oluruq. Reablitasiya mərkəzləri mütləq lazımdır. Çünki bu gün boşanmaların, qadın cinayətkarların sayı artır. Qadınlar çıxış yolunu tapa bilmirlər, soyuq silaha əl atırlar. Real formada boşanmaların sayını azaltmaq və cinayətlərin qarşısını almaq üçün qadına yardım etmək lazımdır. Qadın bilməlidir ki, hara müraciət etsin”. 
Psixoloq Azad İsazadənin fikrincə, zorakılığa məruz qalmış qadın özünü alçalmış hiss edir: "Mən heç kimə lazım deyiləm” düşüncəsi onların psixologiyasına yerləşir. Bizim ilkin köməyimiz onların özlərinə inamlarını qaytarmaqdır. Bəzən belə problemlərə dövlət orqanlarının da qarışmağı şərtdir. Amma bizdə qadınlar çox vaxt dövlət orqanlarına, polisə müraciət etmirlər. Cəmiyyətin qınağından çəkinirlər. İlk növbədə valideynlər bilməlidirlər ki, onlar ailə kimi qurbanın arxasında dayanmalıdırlar. Ata-ana bizi böyüdüb deyə onların məsləhətlərini vacib hesab edirik, "döz” deyirlər, dözürük. Nəticədə ailə zorakılığı mütəmadi artır. Qadının ailəsi onun arxasında durmalıdır. Əks təqdirdə qarşı tərəf daha çox zor tətbiq edər”. 
"Ali təhsil almağım mənim yeganə şansımdır. Çünki kimsəyə möhtac deyiləm, öz ailəmi dolandıra bilirəm. Amma təhsili olmayan, öz haqlarını bilməyən qadınlar daha çoxdur və onlar zülmə boyun əymək məcburiyyətindədirlər” - bu sözləri də Arzu Muradova deyir. O da düşünür ki, problemin başlıca çıxış yolu maarifləndirmə işinin düzgün qurulmasıdır: "Yalnız qadınlar deyil, onları bu cür yaşayışa məcbur edən valideynlər də maarifləndirilməlidir. Cəmiyyətdə stereotiplər mütləq dağıdılmalıdır, insanlar bilməlidir ki, kiminsə xatirinə insan həyatını puç etmək olmaz”.

Gülər MEHDİZADƏ

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 5 184
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri