Qadın hüquqları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 066
Səs ver:
(səs: 0)
Əslində anlayış çox asandır. Qadın hüquqları, yəni qadınların hüquqları. Amma fikirləşəndə görürsən ki, asan olduğu qədər də çətindir. İnsan hüquqları olan yerdə qadın hüquqlarına nə ehtiyac vardı? Əgər qadın hüquqları varsa, o zaman kişi hüquqları niyə yoxdur?

Bu anlayışı niyə yaradıblar, bilmirəm. Bəlkə qadınların öz hüquqlarını müdafiə edə bilməməsini düşünürlər.

Ümumiyyətlə qadın hüquqları lazımdırmı? Əgər həqiqətən qadınların hüquqlarının qorunmasına yönəlsə heç bir problem olmazdı. Amma özlərini qadın haqları uğrunda mübarizəyə həsr edən bəzi təşkilatları, insanları görəndə görürsən ki, vəziyyət olduğundan daha fərqlidir. Bu təşkilatlar qadın haqlarını kimdən və niyə müdafiə edir, bunu dərk etmək çətindir. Tutaq ki kişilərdən müdafiə edirlər, o zaman bunu necə həyata keçirirlər? Bu təşkilatlar öz fəaliyyətlərini elə qələmə verir ki, sanki kişilərin düşmənidir.

Qadın hüquqları ilə bağlı təlimlərin şahidi olanda görürsən ki, yanlış istiqamətdə hüquqlar başa salınır, əslində bu başa salmanın özündə də problemlər var. Qadınları yığıb onlara hüquqlarını başa salırlar, sənin filan hüququn var, işləmək hüququn var, söz demək haqqın var və s. Guya bunu bizim qadınlar bilmirlər? Tutaq ki öyrətdilər. Nə dəyişəcək?

Qadına başa saldın ki, sənin evdə söz demək hüququn var, ərin sənə qarşı zorakılıq edə bilməz, işləyə bilərsən, etiraz edə bilərsən,. Qadın da bu sözlərdən cürətləndi getdi evə və ərinə dedi. Nəticə nə olacaq? Bəlkə də bir ailə dağılacaq. Təbii ki, həmin qadının əri onun bu sözləri asanlıqla həzm edəcək səviyyədə deyil. Onsuz da ailədə hökmran mövqedə olan bir kişinin sözü qarşısında qadının nəsə deməsi çox ciddi fəsadlar yarada bilər. Bunu qadına hüquqlarını başa salmağa çalışanlar bilir? Bəlkə də bilirlər, sadəcə düşüncələrinə yeridə bilmirlər, bəlkə də düşündükləri elə bu səviyyədədir. Onsuz da hüququnu bilməyən insan yoxdur, hər kəs nəyə malik olmasını çox yaxşı başa düşür, sadəcə ona verilən imkanlardan istifadə etmək bacarığını düzgün qiymətləndirə bilmir. Qadın bildiyi hüquqları tətbiq etmək bacarıqlarını öyrənmək üçün femisnit təşkilatların yanına gedir, onlar da qaş düzəltmək əvəzinə göz çıxarırlar. Qadına bildiyi hüquqları təkrar onun yadına salırlar, cürətləndirib evə göndərirlər ki, ərinin qarşısında söz desin. Amma ərinin hansı reaksiya göstərəcəyini ona demirlər. Qadın da ona öyrədilənləri yaxşı şagird kimi evdə təkrarlayır, amma nəticəsini ayrı cür görür. Vəssalam. Ölkədə qadın haqları bu cür izah olunur. Bilinən bir hüquqları öyrətməyə nə ehtiyac var?

İsanlara hüquqları öyrətməyə gərək yoxdur ay feministlər. Onları tətbiq etmək lazımdır. Bunları öyrədin. Təkcə qadınlara deyil, kişilərə də həmçinin.

Qadın hüquqlarını ortaya çıxartdılar ki, qadınlara öz hüquqlarını öyrətsinlər, amma qadınlar onsuz da hüquqlarını yaxşı bilir və onun tətbiq ediləcəyi təqdirdə nələri gözlədiyini də bilir, buna görə də sakitcə oturub haqqını tələb etmir. Arada qadınları yığıb hüquqlarını başa salanda zəhmət çəkib kişiləri də yığın, onlara da başa salın ki sənin qadının bu hüquqları var, onu həyata keçirməlidir. Onu döymək olmaz, döysən bax belə olar və s. Kişi də ağıllı kişilərdən olsa başa düşəcək, ağıllı olmadı, onda lap yüz feminist gəlsin onu çətin başa sala.

Nə isə, qadın hüquqları çox qəliz məsələdir, xüsusən onun ölkədə insanlara başa salınması. Uşaqlıqda ayrı-seçkiliyə məruz qalanlar böyüyəndə guya hüquq bərabərliyini başa düşəcəklər? Gözünü açandan sən qızsan, sənə bu olmaz, amma qardaşına olar cümlələrini beyninə yeridənlər stereotiplərdən azadmı olacaq? Çətin ola. Xüsusən kənd yerlərində, heç bir hüquqi müstəqilliyi olmayan qızlar, qadınlar. Bəs onların hüquqlarını kim qoruyacaq? Bir qədim şərq məsəli var. Qartal balasına körpəlikdən sən toyuqsan deyilirsə, böyüyəndə toyuq kimi ölür. Çünki özünü toyuq hesab edir.

Uşaqlara da körpəlikdən beyninə nə yeritdinsə o da qalacaq, uşaq beyni ağ kağız kimidir, nə köçürdün onun pozulması çətin məsələdir. Gözünü açandan anasının mətbəxdə işləməsini, bütün ev işlərini görməsini, bacısının axşamlar küçəyə çıxmamasını, ağır işlərə oğlanın getməsini, atasının boş-boş gəzməsini, həyətdə domino, nərdtaxta oynamasını gördükdə özü böyüyəndə kim olacaq? Məgər ona qadın hüquqları deyilən bir şeyi başa salmaqmı olar? gülər adama, qadın kimdir ki hüququ olsun? Onun yeri mətbəxdir orda işləməlidir, oxumaq nədir ya işləmək.

Rayon yerində kişilər günlərini çayxanalarda keçirir, qadınlarsa bütün işləri hətta ağır işləri görür.

O qadınların nə oxumaq, nə işləmək (ürəyi istəyən işdə) haqqı var. ancaq evdə olmalıdır, ev işləri, həyət işləri . Kişilər də dincəlməlidir. Həyat budur, belə gəlib belə gedir, kiməsə qadın hüquqlarını başa salmaq çox çətindir. Qadınlar işləməli deyil, artıq söz deməli deyil. Artıq bir hərəkət edən kimi başından vururlar. Heç gedib oxumağa da imkan vermirlər, onsuz da evdə oturacaq, uşaqları tərbiyə edəcək. Məgər uşaqlara tərbiyə savadla birgə verilmir? Yoxsa uşaqlara ancaq manqurtlaşma öyrədilir? Onlara da körpəlikdən beyninə yeridilir ki sən qızsan ya sən oğlan. Onalr da böyüyəndə anasının yolu ilə gedir, yenə hüquqsuzluq, yenə imkanların bərabər olmaması.

Qəribəsi odur ki, hər kəs oğluna oxumuş qız almaq istəyir, amma heç kim qızlarını oxutmaq istəmir. Oxudanlar da qızlarını ərə verəndən sonra qızın yeni ailəsi qızı işləməyə qoymur, o zaman niyə oxumuş qız alırlar? Yoxsa qızın diplomu həlledicidir? Bəs diplomsuz qızlar neyləsin? Diplomun hörməti qızdan bu qədərmi artıqdır? Bəs dioplomu alan qızın hörməti? Yoxsa hörməti yoxdur? Axı diplomu da qız alıb, əgər qızı oxutdurublarsa, o zaman niyə diplomu sandığa qoyub ağzını bağlayırlar? Bəlkə qızın gələcəyini düşünürlər ki, birdən ərinlə yola gedib boşanarsan, o zaman paslaşmış diplomu çıxararsan, bəlkə köməyi dəydi. Əgər dəysə.

Onsuz da xeyri yoxdur, qızları oxutsan da, oğlunu evləndirməyə diplomlu qız axtarsan da, ya diplomsuz qız aldın, fərq etməz, hamısını evdə 4 divar arasında saxlayassan, nə söz deməyə imkan verəssən, nə də işləməyə. Səsini qaldırsa, atası evinə göndərərsən ya vurub ağzını əzərsən. Zorakılıq halları onsuz da ölkədə var, etiraf etməsək belə.

Nə qədər ölkədə stereotiplər var, hələ də mənasını dərk etmədiyim milli-mənəvi dəyərlər, mental fikirlər var, çətin ki qadınların hüquqları qoruna.

Bir tanışım deyirdi ki, Azərbaycanda qadın olmaq çox çətindir. Doğurdan da çətinmiş, qadın hər bir addımını cəmiyyətin gözüylə atır, kənardan qadına daha çox nəzarət və ictimai qınaq var. Kişi üçün heç bir problemi yoxdur, istər evə gecə gəl, istər küçədə sərxoş ol, istər küçədə başqa qadınlara sataş. Heç kim söz deyən deyil, axı o kişidir. Kişi hüquqları anlayışı olmasa da kişilərə böyük üstünlüklər var. Görünür ölkədə kişi hüquqları pozulmur, ya da pozulanda biruzə vermir, yəqin utanır. Qorxur insanlar görər lağa qoyar.

Bu yaxınlarda 4 uşaq atasını həyat yoldaşı deyilənə görə döyüb evdən qovub. Yazıq kişi də qalıb qapının ağzında. Bir yerə şikayət də edə bilmir ki kişi hüquqları pozulub. Yəqin kişi hüquqları anlayışını da gündəmə gətirmək lazımdır. Onsuz da hara baxırsan qadın hüquqları, qadın haqlarını "qoruyan" təşkilatlar, feministlər. Nə qədər çox olsa da yenilik yoxdur, onsuz da hər yerdə qadınların hüquqları pozulur, şikayət edən qadına da pis baxırlar.

Qadınlar hətta şikayət edəndə bizim dəyərlərimiz var, ayıbdır deyirlər kişilər. Bu dəyərləri kim ortaya çıxarıb, nədən ibarətdir, hansı ölçülərə malikdir bunu başa düşmürəm. Kimsə də başa salmır ki, bu əndrabadi şeylər nə olan şeydir. O vaxtlar ortaya çıxan Tarixi Nadiri yarıya qədər oxudum heç orda da bu mənəvi dəyərlərə rast gəlmədim. Görünür, Nadirin dövründə bu qədər problemlər yox idi, milli dəyərlərə də ehtiyac yox idi. Indi ölkə dəyişib, daha da inkişaf edir, insanların düşüncələri dəyişir, artıq insanlar milli dəyərlərini hazırlamağa başlayırlar. Amma bu dəyərlər kimi müdafiə edir, onu da anlamaq olmur. Bəlkə də kişilər üçünmüş bu dəyərlər. Axı kişi hansısa hərəkət edəndə, qadınlara sataşanda, həyat yoldaşına xəyanət edəndə, arvadını döydükdə, evə gec gələndə yaxud günlərlə gəlməyəndə heç kim heç nə demir, uzağı qohum, tanışlar bir balaca kişini utandırmağa çalışırlar vəssalam. Otur evində, eşiyində arvadının yanında. Bundan başqa ona heç kim bir söz demir. Qadın da ona etiraz edə bilmir. Qadın nə desin? Gedib haqqını tələb edəcək, deyəcəklər o kişidir ona olar. Səsini kəs otur ərinin yanında. Vəssalam.

Bu hərəkətləri qadın edə, o zaman hər kəs danışacaq. Qadın ərinə etiraz etdi yaxud xəyanət etdi? Vəssalam qanı getdi, kənd yeri olsa öldürərlər, şəhər yerində bir az humanistlik göstərərlər, mentalitetə ziddmiş qadın xəyanəti, cəzası da ağırdır, ən yüngülü boşanma. Hara istəyir getsin. Hər kəs qadını qınayacaq, günahlandıracaq, hər kəs ondan üz çöndərəcək. Axı o xəyanətkardır, ərinə xəyanət edib.

Maraqlı vəziyyət yaranır. Kişi həyat yoldaşına xəyanət etdikdə, ona baxmayanda heç kim söz demir, onu qınamır. Qadın ərinə xəyanət etdikdə, onun sözü qarşısında söz dedikdə ictimai qınaq obyektinə çevrilir, onu qınayırlar. Görünür qadının hərəkətləri mental fikirlərlə qiymətləndirilir, kişilərinki isə yox. Azərbaycanda qadının nə sözü var, nə haqqı. Tələb də etsə irad bildirəcəklər. Qadının hüququ varmış yalnız kağızda. Onsuz da müdafiə edən yoxmuş, imtina edin bu hüquqlardan getsin. Bəlkə bu yolla onların hüquqları tanına .

Fariz Namazov

 

(səs: 0)
Şərhlər: 9
Baxılıb: 5 066
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri