Qadınlar və kişilərin bərabər hüquqları varmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 932
Səs ver:
(səs: 0)
Qadınlar və kişilər – Azərbaycanda onların hüquqları bərabərdirmi? Niyə gender bərabərliyindən söz düşən kimi dərhal qadın hüquqlarından danışırlar? Ümumiyyətlə, gender bərabərliyi haqqında qanunun qəbulundan sonra bu sahədə nə dəyişib?

«İNTELLEKTUAL QADINLARIN YANINDA XOŞ DUYĞULAR YAŞAYIRAM»
Milli Məclisin deputatı, İnsan haqları komitəsinin üzvü Fuad Muradov deyir ki, «Gender bərabərliyi haqqında» qanun cəmiyyətdəki ictimai-siyasi prosesləri özündə əks etdirir və sanki cəmiyyətə ismarıc yollayır ki, öz adət-ənənəmizi qoruyub saxlamaqla yanaşı qadının ictimai-siyasi proseslərdə iştirakına yardımçı olmalıyıq:

«Amma qanunun müzakirəsi də göstərdi ki, əks fikirlər də ola bilər. Söhbət qadın hüquqlarının məhdudlaşdırılmasından getmirdi. Sadəcə, qadının cəmiyyətdə rolu haqqında fərqli fikirlər vardı. Bu gün elə xanımlarımız var ki, onlarla fəxr edirik. Bəzən onlar özlərini kişilərdən də cəsarətli aparırlar. Mən belə intellektual qadınların yanında yaxşı duyğular yaşayıram».

F.Muradov etiraf edir ki, cəmiyyətdə qadınlara qarşı başqa yanaşmalar da var. Və bəziləri cəmiyyətin qayda-qanunlarını düzgün başa düşmürlər:

«Evdə olduğu kimi, işdə də qadın və kişilərin müəyyən rolları var. Amma qadın-kişi münasibətləri təkcə qanunla tənzimlənən məsələ deyil. Burda insanın mənəviyyatı, ətrafı, kökü, təhsili böyük rol oynayır».

«ALLAH TƏRƏFİNDƏN KİŞİYƏ DAHA ÇOX GÜC VERİLİB»
Deputat bildirir ki, iş məsələsində qadınlar və kişilər arasında da fərqlər olur. Məsələn, elə mağazalarda, iaşə obyektlərində məhz qızların işləməsini istəyir, bu haqda elanlar verir, məhz xarici görünüşü gözəl, gənc qızları işə dəvət edirlər. Fuad Muradovun sözlərinə görə, dövlət qurumlarında belə ayrıseçkilik olsa, qanunla tənzimləmək olar:

«Özəl şirkətlərdə də müəyyən diskriminasiya var. Amma bu cür ayrıseçkilik hər iki tərəf üçün var. Çox nadir hallarda görərik ki, qadın sürücü olsun. Və ya əksinə - kişi katibə işləsin. Bura bəlkə də Avropa tendensiyası da təsirini göstərir. Bu, o tendensiyalardandır ki, biz onlardan bir az uzaq olmağa çalışmalıyıq. Mən eşitmirəm ki, hansısa kişi qadın tərəfindən zorakılığa məruz qaldığını desin. Yaxşı ki, eşitmirəm. Axı Allah tərəfindən kişiyə qadından daha çox güc verilib, boynuna vəzifələr qoyulub. Əsl kişi o vəzifələri yerinə yetirməlidir».

«QADINLAR DAHA GÜCLÜDÜR»
Aynur Veysəlova
Millət vəkilinin sözləri ilə razılaşmayan genderşünas Aynur Veysəlova deyir ki, nəyə görəsə kişilərin daha gülü olması haqqında stereotip beyinlərə həkk olunub:

«Halbuki, fiziki, həm də psixoloji cəhətdən qadınlar kişilərdən geri qalmır, hətta onlardan da güclüdür. Bu, dəfələrlə sübut olunub».

İŞSİZLİK – KİŞİLƏR ÜÇÜN BİR NÖMRƏLİ PROBLEM
A.Veysəlovanın sözlərinə görə, qanunlar gender bərabərliyinin tam təminatını versə də, reallıqda vəziyyət başqa cürdür. Hər iki cinsin nümayəndələri müxtəlif sahələrdə ayrıseçkiliklə üzləşirlər:

«Harda söhbət insandan, xarakterindən, nəfsində maraq və məqamını qorumasından gedirsə, orada mübarizə var. Bu mübarizədə bəzən qadınlar kişilərə uduzur və əksinə. İşsizlik, yoxsulluq – kişilər üçün bir nömrəli problemdir. Bu mənada onlar diskriminasiyaya məruz qalırlar. Çünki iş yeri tapmaq üçün bəzən özlərinə sığışdırmadıqları əməlləri görməli olurlar. Qadınların isə ailədən kənarda daha çox idarəetmədə, rəhbər vəzifələrə çəkilməkdə, bir az da siyasətdə haqları tapdanır».

Aynur Veysəlova kişilərin çox vaxt eqosu ucbatından öz problemlərini gizlətdiklərini, haqlarını qorumadıqlarını deyir. Misal kimi sonsuzluq problemini misal çəkir:

«Bu problem ucbatından kifayət qədər ailələr dağılıb. Amma zəifliyi olan kişilər qadın ginekoloquna getməyi özünə sığışdırmayıblar».

«QADINLAR NƏZARƏTDƏ OLMALIDIR»
Hüquqşünas Çingiz Qənizadə isə qadınların tam sərbəst olmasının lehinə deyil. Onun fikrincə, xanımlar ailə üzvləri tərəfindən müəyyən qədər nəzarətdə saxlanmalıdır. Amma ev işlərinin görülməsi naminə ali təhsilli qadının işə buraxılmaması düzgün deyil:

Çingiz Qənizadə
«İndi bir çox ailələrdə savadı olan, işləmək istəyən qadınlara buna icazə vermirlər. Ələlxüsus da uşaq olandan sonra. Amma qadının gələcək karyerası təkcə uzaq böyütmək deyil ki. İş o həddə çatıb ki, elçilik məsələsində qız tərəfi savad almış qadının işləməyini soruşur».

BİZNESMEN QADINLAR TANINSAYDI, QIZLARIN KUMİRİ RÖYA OLMAZDI
Genderşünas Aynur Veysəlova işgüzar qadınlara pis baxılmasını düzgün saymır. Onun iddiasına görə, qadının işləməsi ailədəki qayğıların geriyə atılmasına səbəb olmur:

«Ölkəmizin hər yerini qarış-qarış gəzib sosioloji tədqiqatlar aparan adam kimi deyirəm ki, işləməyən qadının evi daha çox tör-töküntü olur, onların övladları daha çox dərsdən yayınır. Elə biznesmenlər var ki, cəmiyyət onları tanımır. Əgər tanısaydı, cavan qızların kumirləri Röya və Aygün olmaqdansa, o qadınlar olardı».
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri