Hamilə qadınların işdə hüquqları tapdanır - Nə etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 851
Səs ver:
(səs: 0)
Qanunvericilik istər dövlət, istərsə də özəl sektorda işləyən hamilə qadınların hüquqlarını qoruyur. Qanuna görə, hamilə olduğu üçün işə qəbul etməmək, işdə sınaq müddətinə götürülmək, işdən qovulmaq yolverilməzdir. Ana uşaq dünyaya gələndən sonra da üç il müddətində əmək haqqını almaq hüququna malikdir. Lakin bir çox özəl şirkət və təşkilatlarda hamilə qadınların hüquqları tapdanır. Hamilə qadınlar hüquqlarını yaxşı bilmədikləri, həm də körpələrinə görə əsəblərini qorumaq istədikləri üçün özlərinə qarşı olan haqsızlıqlara göz yumurlar.

Özəl şirkətlər hamilə qadınları işə qəbul etməkdən qaçır

Hamilə qadınların işə götürülməsi ilə bağlı özəl şirkətlərin fikirləri fərqli olsa da, əksəriyyət hamilə qadını işə götürmək istəmədiyini bildirdi.

Bununla bağlı "Fido Group” şirkətinin ofis inzibatçısı Leyla Əkbərova işə götürərkən qadının hamilə olub-olmamasına deyil, onun bacarıq və biliyinə fikir verdiklərini deyib: "Şirkətimizdə hamilə qadınlar yoxdur, amma olsa, qanuna uyğun olaraq onlara məzuniyyət və maddi yardım veriləcək”.

Başqa bir şirkətin işə qəbul üzrə mütəxəssisi Ayazın (soyadını deməkdən çəkindi) sözlərinə görə, hamilə qadınları işə qəbul edə bilməzlər: "Səbəbi - rəhbərliyin qoyduğu tələbdir”.

Digər bir şirkətin işçisi - ofis meneceri Nuray Məmmədova isə dedi ki, qadının hamilə olması onun işə götürülməsində çətinlik yarada bilər. Hal-hazırda rəhbərlik yoxdur və bu haqda dəqiq bir şey deyə bilməz. Sonda isə o, vurğuladı ki, şirkətlərində hamilə qadınlar yoxdur: "Bilmirəm, hamilə qadın şirkətimizdə görməmişəm”.

"Avrasiya” Tərcümə Mərkəzinin işçisinin dediyinə görə, hamilə qadını işə qəbul etməyə hazırdırlar: "Bizim üçün qadının hamilə olması vacib deyil. Əsas onun iş qabiliyyətidir. Düzdür, qadın hamiləliyin sonuncu aylarındadırsa, bu, problem yaradır”.

"Netant” şirkətinin işçisi Günay Hüseynova isə səmimi etiraf etdi ki, hamilə qadınları işə qəbul etmirlər: "CV göndərməyiniz lazım deyil. Onsuz da işə götürməyəcəyik. Hamilə qadın bir müddət işlədikdən sonra işə gələ bilməyəcək. Bizə isə daimi işçi lazımdır”.

Hamilə qadınlar üçün işdə sınaq müddəti keçərlidirmi?

"Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar işə düzələrkən onlar üçün sınaq müddəti müəyyən edilmir. Sınaq müddətindən üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də azaddırlar. Bundan başqa, hamilə qadınların attestasiyası keçirilmir. Hamilə, habelə üç yaşınadək uşağı olan qadınları, üç yaşınadək uşağını təkbaşına böyüdən kişiləri işdən çıxarmaq (əmək müqaviləsini ləğv etmək) qadağandır, - deyə hüquqşünas Ramil Qaçayev bildirdi. - Hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün iş vaxtı qısaldılır. Belə ki, qanunla onlar həftə ərzində 36 saatdan çox işləməməlidirlər. Hamilə və üç yaşınadək uşağı olan qadınların gecə növbəsində işləməsi də qanun pozuntusudur”.

Hamiləlik işə götürülməmək üçün əsas ola bilməz!

Hüquqşünasın dediyinə görə, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir: "Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Bu səbəblərə görə qadın işə götürülmədikdə hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər”.

Hamilə və yaşyarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi hüququ da var. Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.

Hamiləliyə görə əmək haqqının azaldılması qadağandır

Qaçayev qeyd edib ki, hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır: "Yaşyarıma çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaşyarıma çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir”.

Qeyd edək ki, bu vaxtların birləşdirilərək nahar fasiləsi üçün ayrılması mümkündür.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 851
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri