Bizim cəmiyyətimizin uğur göstərə bilməməsinin səbəbi, qadınlarımıza qarşı göstərdiyimiz laqeydlik və qüsurlardan doğur. Atatürk
Bu
günlərdə hansı sosial şəbəkəni açıramsa gözümə dəyən əsas yazıların
qayəsində qadın-kişi münasibətli yazılar görürəm. Sanki biri digərinə
qadının kişidən və yaxud kişinin qadından daha ağıllı olduğunu sübut
etmək istəyir. Bu mövzuda yazmaq rahatdırmı? Yoxsa heç bir dəlil-sübuta,
fakta əsaslanmadığı üçün, şəxsi fikrin, subyektiv düşüncənin məhsulu
olduğundan az müzakirə olunacağı qənaətindənmi bu tip yazılar çoxalıb,
bilmirəm. Bir onu bilirəm ki, bəzi qondarma «qələmşünaslara», adının
qarşısında «yazıçı» sözünü oxuduqda aldığı həzzdən stuluna yayxanan bu
tiplərə qadını aşağılamaqla ağıllarına gələni yazmaq çox rahatdır. Qadın
deyillər axı. Və onlarçün nə ailələrində, nə yaxınlarında müqəddəs
bildiyi, təmiz gördüyü xanımları yoxdur. Ya da var, amma o xanımlar da
elə öz yazdıqları təhqiredici sözlərə layiq olanlardı. Onlardan
ilhamlanıb yazıblar yəqin.
Biri
qadının cahilliyini, digəri qeyri-müsəlman millətinin xanımları kimi
azaddüşüncəli, geniş dünyagörüşlü olmamasın dilə gətirir. Hətta
təhqiredici fikirlərdən də çəkinmədən istifadə edib onu qul, səviyyəsiz
məxluqat adlandırırlar.
O
yazıları oxuduqca adamın beynində ilk bu fikir formalıaşır: bu yazını
yazmağa onları vadar edən nədir?! Kişini qadından üstün göstərərək,
qadına qarşı aqressiyanı içlərində qidalandıran hansı quyruq acısı,
hansı yanğı, hansı mənəvi yaradır? Analarımı atalarına xəyanət edib,
yoxsa arvadlarımı özlərinə? Bəlkə bacıları Azərbaycan xanımlığına
uymayan hərəkət sahibi olublar?.. Belə temaların insanın içində yaranıb,
ərsəyə gəlməsinə başqa heç bir ad verə bilmirəm.
İnsanın
dünyası əvvəlcə göz açdığı evdən başlayır. İlk tərbiyəni də, sevgini
də, şəfqəti də, acını da, zülmü də, nankorluğu da, mehribanlığı da, bir
sözlə, hər şeyin yaxşısın və pisin onu əhatə edən cəmiyyətdən qabaq
evində görür. Qadın eyni zamanda anadır. Ana hər birimizçün paklıq,
təmizlik simvoludur. Kim anasına «səviyyəsiz məxluqat» deyə bilər?
Alçaldıcı formada «tükəzbanlar» deyə bilər? Lap o ana cahil, savadsız,
bilgisiz olsun. O sözü anaya deməyə dil necə gələr?..
Pafosla
demirəm bu sözləri. Öz anamı gözümün önündə tutuban deyirəm: mənə can
verən, ilk sevgini, düzgün tərbiyəni, insanlığı aşılayan qadına sevgi və
hörmətdən başqa içimdə başqa duyğu olmayıb mənim. Savadsız ola bilər,
amma övladlarına qarşı insani davranışlar, təhsilli və savadlı olması
üçün verdiyi dəstək, düzgün əxlaq və tərbiyə, çəkdiyi zəhmət onu bizim
gözümüzdə müqəddəsləşdirən amillər olub. Yaxşını görüb yaxşı
düşünmüşəmsə, deməli, pis yazıb təhqiredici söz deyən «yazar» da
ailəsində və onu əhatə edən mühitdə təhqir və səviyyəsizliyi görüb,
yazıb. Başqa heç nə ola bilməz.
Bu
gün cəmiyyətimizdə hər cür mənfur insana da rast gəlmək olar, insan
kimi insana da. Kişisindən, qadınından asılı olmadan — yaxşı da var, pis
də. Əgər bu gün cəmiyyət mənfi özəlliklərlə doludursa, bunu orda
yaşayan xanımların üzərinə yıxmaqla özlərinə təsəlli verən kişilərin
kişiliyindən şübhə edərəm. Bir dəfə də demişdim, Azərbaycan kişisi
qadınına nə cür münasibət göstərirsə, mütləq onun əks-təsirin də görür.
Və görəcək. Aynada yansıyan obyekt kimi.
Əlbəttə,
o yazıların içində razılaşdığım, haqq verdiyim məqamlar da var. Demirəm
elə qadın yoxdur, bu gün pulu olduğu halda savadını deyil, sərvətini
artırmağı düşünür. İmkanı olduqca kitab oxuyub ağlını, beynini
qidalandırmaq əvəzinə, səyahətə çıxıb dünyagörüşünü, mədəniyyətini, ədəb
və etiket qaydalarını, xoş rəftarını, nəzakət və incəliyi özünə
aşılamaq yerinə gününü alış-verişə, dedi-qoduya, mənasız işlərə sərf
edir. Var belə qadınlar. Amma… Eyni zamanda belə kişilərimiz də var.
Bunu da deyək. Məqaləmin əvvəlində Atatürkün söylədiyi fikri nahaq yerə
yazmamışam. Bir cəmiyyətdə nöqsan varsa, inkişaf yoxdursa, bu, o
cəmiyyətdə yaşayan həm qadının, həm kişinin uğursuzluğundandır. Sanki
bizim millətin kişiləri gecə-gündüz elmlə, yaradıcılıqla məşğul olub,
yüksək intellekt sahibidirlər də, qadınlarda bu cəhətləri görməyəndə onu
yıxıb-sürüyürlər. Türklərin bir məsəli var, «nabza görə şerbet vermek».
Gözəl məsəldir. Yəni, layiq olduğuna görə davranmaq. Bu millətin xanımı
kişisiylə onun rəftarına, ona olan münasibətinə görə davranır desəm,
yanılmaram.
Kişi
nə cür mədəniyyət, etika, nəzakət, intellekt sahibi olsa, bu
funksiyaları əvvəlcə evdə xanımına, qızına aşılayacaq mütləq. Yüksək
mədəniyyətli, kübar, anlayışlı bir qadının ilham qaynağı bu gözəl
xüsusiyyətləri, özəllikləri özündə daşıyan evindəki kişi olmalıdır. Ətri
evdə üzərinə səpib çölə çıxsan, əvvəl ev, sonra getdiyin yerdə
ətrafındakılar o ətirin xoş rahiyəsindən nəsibin alar. Gül toxumunu
torpağa əkdikdən sonra onun qayğısına necə qalacaqsansa, qulluğunda
durduğun kimi də bəhrəsini görəcəksən. Əvvəl öz bağının qayğısını çək,
abadlaşdır, ondan sonra bütün cəmiyyət çiçəklənəcək.
Əgər
bu gün bir evdə kişi qadına şiddət göstərib, oxumağa və ya işləməyə
qoymursa, o qadından daha nə gözləyirsən? Əsrlədir cahil qadınlarımıza
«fatmalar, tükəzbanlar» dedilər. Onu təhqir edib, gülüş hədəfinə çevirən
kişilərimiz bir demədi ki, bu qadın mənim əlimdədir axı. Onu qul edən,
kəniz kimi görən, insan kimi davranmayan, aldadan da mənəm, gülüb ələ
salan da.
Bir
dəfə həmsöhbət olduğum kişilərdən biri qadınların yamanlığından,
fitnə-fəsadlığından danışıb, sonuncu cümləsini belə bitirdi: İmam Həsənə
(ə) zəhər verən qadın olmadımı? Allah rəva bilsəydi 124 min
peyğəmbərdən birini də qadın yaradardı da. Dedim, İmam Həsənə (ə) zəhər
vermək o qadının nə işinə yarayırdı görəsən? O qadını öyrədib, zəhərlə
İmam Həsənin (ə) üstünə göndərən, onun ölümündə öz şəxsi ambisiyaların
güdən, mövqeyinə göz dikən kim idi? Kişi deyildimi? Sadəcə, burda
qadından maşa kimi istifadə etmişdi.
Dünyada
yaranan bütün müharibələrin fitnə-fəsad planlarının, qırğınların,
genosidlərin təməlində, arxasında kişilər durmayıbmı? Bu gün ölkəni
diri-diri yeyən, prezidentindən adi məmuruna kimi xalqın qanını zəli
kimi soran, gözü doymayan, rüşvətin, bürokratiyanın toxumun səpən
şərəfsiz kişlər deyilmi? Qadına şiddət tətbiq edən, təcavüz, xəyanət
edən, ən xanım-xatınına da küçədə gedərkən sataşan bəzi nadürüst kişilər
deyilmi?..
Safruhun belə bir sözü var: «Hər qadının həyasızlığı bir kişinin qeyrətsizliyindən xəbər verir.»
Qadınları
top atəşinə tutan ağzıgöyçək kişilər! Odur ki, harda özünüzə
yaraşmayan, bəyənmədiyiniz, nəzakətsiz bir qadın görürsünüzsə, bilin ki,
o qadın öz həmcinsinizin "əsəridir".
«Kişi olan yerdə zibil olmaz, yüngüllük olmaz, həyasızlıq olmaz… Harda bunlar varsa, orda kişi yoxdur.» Bunu da Safruh deyib.
Qadınlar
cəmiyyətdə özünü bir apara bilmirsə, kişilər bu cəhətdə onlardan beş
qat artıqdı. Qadınlar savadsızlığa, oxumamağa meyllidirlərsə, kişilər
onlardan iki qat ardıqdı. (Bu arada, savad, ali təhsil almaq hələ
cəmiyyətə, ətraf aləmə layiqli insan olmaq deyil. Hər ali təhsilli insan
— qadın və ya kişi, fərqi yoxdur, alicənablığı, mənəviyyatı,
toleranltlığı, ləyaqəti özündə ehtiva etmir.) Yazırıqsa hamısından
yazaq. Birini deyib, birini saxlamayaq.
Kişi
qadına hörmətlə yanaşsa, xoş münasibət göstərsə, onda görmək istədiyi
yüksək mənəvi dəyərləri meydana çıxarmaq üçün imkan yaratsa, bunun
qarşılığını da görəcək. Yalnız öz eqonuzu oxşamaq xətrinə yox,
hərtərəfli qadının qayğısına qalın ki, sabahı gün bunun xoş bəhrəsini
görə biləsiz. Həm evinizdə, həm yaşadığınız ölkədə.
mənbə: kayzen.az