Qadınlara qarşı cinayət artır

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 176
Səs ver:
(səs: 0)
Son zamanlarda bu fikir daha da yayılmaqdadır ki, cəmiyyətimizdə qadın cinayətləri sürətlə artmaqdadır. Bu fikir, əsas etibarilə, düzgün qənaətdir. Baxmayaraq ki, əvvəlki dövrlərdən fərqli olaraq,
hazırda informasiyanın yayılma radiusu və sürətinin indi çox daha böyük olması sonucunda baş verən cinayətlərdən cəmiyyət artıq daha çox xəbər tuta bilir, ancaq nəticə etibarilə, toplumda qadına qaşı zorakılıqların artması bir faktdır.
Bu faktın səbəblərinə gəlincə, hər şeydən öncə, demək lazımdır ki, xüsusən, son 15-20 ildə elm və texnikanın sürətli inkişafı nəticəsində internet və KİV insanların həyatını, belə desək, məlumat şəbəkəsi ilə "hörmüşdür”. Verilən məlumatların böyük qisminin insanlar tərəfindən hər hansı "filter” və "ələnmə” aparılmadan, doğru və ya yanlışlığı ayırd edilmədən qəbul edilməsi bu məlumatların içindəki mənfi və ziyanlı olanlarının da əxz edilməsi və şüuraltına hopması ilə nəticələnir.
Digər tərəfdən qadın və onun toplumda rolu barədə cəmiyyətdəki ümumi anlayış və fikirlər son dərəcə önəmlidir. Təəssüf ki, cəmiyyətimizin geniş kəsimlərində qadının ikinci dərəcəli insan olduğu, onun, sadəcə, kişinin əmr və istəklərini yerinə yetirməyə borclu olan bir varlıq olduğu qənaəti hakimdir. Durum belə olduqda, kişilərin böyük bir qismi tanışı və çevrəsindəki qadınlara gərəkdiyi hörmət və münasibəti göstərə bilməz. Xüsusilə, onunla ailə qurduğu zaman ona daha yaxın durumda olduğu üçün kişi-qadın münasibətləri çox fərqli və çox daha mühüm bir fazaya girmiş olur. Və kişi həmin o ikinci dərəcəli varlıq olaraq gördüyü qadına və onun haqqlarına qarşı lazımı diqqət və hörməti göstərmir ki, bunun da, ailədə gec-tez bu və ya digər problemlərə səbəb olması qaçılmazdır. Nəticədə, qadın ona etinasız yanaşan və onun haqqlarını tapdalayan kişiyə müqavimət göstərdikdə, bir çox hallarda, kişinin artıq zorakılığı və daha böyük sayğısızlığı ilə qarşılaşır. Xüsusilə, həyat yoldaşının ona xəyanət etməsini bilən qadın bunu, bəzən, çox böyük haqsızlıq kimi qarşıladığı üçün öz etirazını və mövqeyini bildirir ki, bu da, bir çox hallarda, qadına qarşı, hətta, fiziki şiddətlə nəticələnir.
Amma onu qeyd etmək lazımdır ki, kişinin qadına qarşı xəyanəti ya da hansısa fraqmental sayğısızlığından daha önəmli olan həmin kişinin, bütövlükdə, qadın və ailə anlayışına münasibətidir.
Mühit amili ilə yanaşı, digər tərəfdən fərdin şəxsi keyfiyyətləri də önəmli bir faktordur. İki ayrı şəxsin dünyagörüşü, ümumi məlumat və zəka səviyyəsi, mənəvi və əxlaqi keyfiyyətləri fərqli olduğundan eyni bir olaya münasibətdə onların reaksiyaları da fərqli ola bilir.
Xüsusilə, savad və zəka səviyyəsi daha aşağı olan insanların, belə desək, məlumat "bəlləyində”, informasiya miqdarı, ümumilikdə, yetərincə olmadığından onların verilən məlumatı olduğu kimi qəbul etmə potensialı daha böyükdür. Çünki məlumat elə bir şeydir ki, onu qəbul edən insanda həmin məlumata əks bir informasiya yoxdursa, o, həmin məlumatı qeyd-şərtsiz götürməyə meyllidir.
Şəxsiyyətində əxlaq çatışmazlığının nəticəsində problemlər olanlar isə daha böyük cinayət potensialına səbəb ola bilən insanlardır.
Ümumiyyətlə, şəxsiyyətində problem olan (zəka və ya əxlaq çatışmazlığı olan) insanlar aqressiv və emosional xarakterə sahibdirlər. Onların informasiya "bəlləyində” olan məlumatlar ya lazımı qədər olmadığı üçün ya da bundan lazımı şəkildə istifadə baxımından ciddi sıxıntıları olduğu üçün özlərini idarə etməkdə çətinlik çəkirlər və ani affekt və təsirə çox daha tez düşə bilirlər.
Qadınlara qarşı cinayətlərin yetərincə önəmli sayıla biləcək səbəblərindən biri də, iqtisadi amildir. Yəni, ailəni maddi olaraq təmin etməyə cavabdeh olan kişi, əgər, bu baxımdan problemlərlə qarşılaşırsa və ailənin normal keçim ehtiyacı təmin olunmursa, bu, xüsusilə, artıq müəyyən çatlar vermiş ailələrdə daha ciddi sarsıntılara səbəb ola bilir. Çünki, kişinin ailənin maddi ehtiyacını normal qarşılaya bilməməsi həm qadının ona münasibətinin bir çox hallarda, hətta ciddi şəkildə mənfiyə doğru dəyişməsinə gətirib çıxarır, digər tərəfdən də, bu, kişidə özünə inam məsələsində əlavə problemlərə səbəb olur.
Ümumiyyətlə, istənilən cinayətdə fərd onu icra edən zaman həmin an üçün özünü haqlı hesab etdiyi və bu şəkildə uyğun gördüyü üçün onu icra edir. Baxmayaraq ki, o, etdiyinin pis bir şey olduğunu bilir, lakin həmin anda, bir anlamda, daha pis bir variantdansa, pis variantı seçdiyini düşünür. Ki, burda da onun beynindəki məlumatların balansı(mənfi və müsbət yüklü) həll edici rol oynayır.
Məsələyə ümumi konteksdən yanaşdıqda, onu vurğulamalıyıq ki, təbii ki, istənilən halda əsil suçlu və təqsirkar hadisəni icra edən subyekt olsa da, bütövlükdə, qadın cinayətlərinin yaranması faktında ən əsas amil toplumumuzda qadın barədəki yanlış təsəvvür və fikirlərdir. Xüsusilə, cinayətə müəyyən təmayülü olan və şəxsiyyəti zəif olan şəxslərə yaşadığı mühitin ümumi qavrayış və anlayış tərzi, həmçinin, KİV-in verdiyi xam məlumatlar böyük təsir edə bilir.
Yəni, qadını 2-ci dərəcəli varlıq olaraq görən ümumi anlayışı olduğu kimi qəbul etmış kişi öz həyat yoldaşı olan qadına da təbii ki, gərəkən sayğıyı göstərmir və bu durumun ailədə problemlərə səbəb olması qaçılmazdır.
Digər tərəfdən, bizim toplum kimi, qadının boşanma haqqına normal yanaşılmayan bir cəmiyyətdə bir çox qadınlar həyat yoldaşları olan şəxslərin yanlış münasibətinə və hətta fiziki şiddətinə dəfələrlə məruz qalsa da, boşanmanı əsla bir seçim olaraq görmür. Belə olduqda, kişinin şiddət və zorakılğı üçün də, əlavə imkan və zəmin yaranmış olur. Ki, qadın haqqlarına daha çox önəm verilən toplumlarla müqayisədə qadınlara qarşı, xüsusilə, ailə daxilində şiddətin bizdə daha yüksək miqdarda olmasının əsas səbəblərindən biri də məhz bu məsələdir.
Yekun olaraq onu qeyd lazımdır ki, cəmiyyətimizdə qadınlara qarşı cinayətlərin artması kifayət qədər ciddi və həssas məsələdir. Qadına qarşı, xüsusilə, ailə daxilində zorakılığın təbii və normal bir durum və seçim olduğu düşüncəsi toplumumuzda getdikcə yayğınlaşmaqdadır. Və qadının da, hər şeydən öncə, ailənin və toplumun təməl amili olduğunu nəzərə alanda bu, birbaşa cəmiyyətin və dövlətin gələcəyi baxımından kifayət qədər ciddi problemdir.
Bütövlükdə, qadına qarşı zoraklığın aradan qaldırılması üçün, ilk növbədə, toplumun qadın anlayışına olan münasibəti dəyişməlidir. Bunun üçün də, qadın və ailə anlayışı barədə düzgün informasiyaların daha çox yayılması və bunun sistemli bir hal alması məsələsi önəmlidir ki, burda da, xüsusən dövlətin üzərinə, həm də cəmiyyətin özünə böyük məsuliyyət düşür.

Yunis bəy
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri