Sosial problemə çevrilən aliment məsələsi necə həll edilməli?

Müəllif: Son Bahar
Şərhlər: 1
Baxılıb: 3 514
Səs ver:
(səs: 0)
Azərbaycanda boşanan ailələrin sayı durmadan artır. Bu ailələrin əksəriyyətində böyüyən uşaqlar maddi sıxıntılar içərisində qalır, onlar üçün aliment almaq valideynlərinin həll edə bilmədiyi çox ciddi problemə çevrilir. Alimentin alınmasında yaranan ciddi problemlər belə ailələrdə böyüyən uşaqların taleyində ağrılı izlər buraxır. Biz də bu problemi araşdırmağa çalışdıq və məsələyə aydınlıq gətirmək üçün “İrəli” İctimai Birliyinin Hüquq Mərkəzinin sədri, hüquqşünas Roman Qaraşova müraciət etdik.Qeyd edək ki, aliment problemi millətin gələcəyində, genefondun qorunmasında, uşaqların mühafizəsində aktul olduğundan məsuliyyətli məsələdir. Bu problemlə üz-üzə qalan ailə və uşaqlar üçün fərdi xarakter daşımamalıdır. Unutmaq olmaz ki, hər bir dövlət üçün ən böyük sərvət insan faktorudur. Məsələnin həll edilməsi bir çox cəmiyyətlər üçün də xarakterikdir. Beləliklə, bizi maraqlandıran suallara cavab axtaraq.

Boşanmadan sonra aliment məsələsi hansı qaydalar əsasında icra olunmalıdır?
Roman Qaraşovun sözlərinə görə, aliment valideynlər arasında bağlanan saziş əsasında, eyni zamanda, məhkəmə qətnaməsi əsasında ödənilə bilər. Valideynlərdən hər iki tərəfin aliment öhdəliyi vardır: “Belə ki, aliment həm atadan, həm anadan alına bilər. Adətən azyaşlı uşaqlar ananın yanında qalır, ancaq bu məcburi deyil. Məhkəmə valideynin həyat tərzini, maddi vəziyyətini, uşağın maraqlarını əsas götürərək uşağın atanın yanında qalmasını müəyyən edə bilər. Bu halda atanın tələbi ilə anadan alimentin alınması da müəyyən oluna bilər”.Müsahibimiz qeyd edir ki, aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq, istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. O bildirir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur: “Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər”.
Əgər aliment ödəyən tərəfin rəsmi və sabit iş yeri varsa…

Hüquqşünas bidirir ki, əgər valideynin rəsmi iş yeri və sabit gəliri varsa, o zaman aliment uşaqların sayından asılı olaraq aşağıdakı qaydada tutulur:

- 1 uşağa görə, qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
- 2 uşağa görə, qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
- 3 və daha çox uşağa görə, qazancın (başqa gəlirlərin) yarısı.

Həmsöhbətimizin sözlərinə görə, bəzən aliment sabit pul məbləğində də tutula bilər. Bu, o halda mümkün olur ki, valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olur, yaxud qazancı olmur. Həmçinin, alimentin valideynin gəlirindən müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu hallarda aliment məhkəmə qaydasında sabit pul məbləğində tutula bilər. O bildirir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas
tutularaq müəyyən edilir.

Alimentin alınmasında qarşıya çıxan problemlər əsasən hansılardır və hansı formada aradan qaldırlır?
R. Qaraşov bu sualımızı belə cavablandırdı ki, ən əsas problem aliment məbləğinin çox aşağı təyin olunması, bir çox hallarda isə formal xarakter daşıyaraq ödəməkdən yayınması hallarının geniş vüsət almasıdır. Bir məsələni də nəzərə çatdırdı ki, əgər aliment ödəməli şəxs xarici ölkəyə gedirsə, o zaman aliment alan şəxs məhkəməyə müraciət edib aliment miqdarını sabit pul məbləğində müəyyən edir. Bununla da, onun birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilər.
Əməkhaqqı leqal olmayanda…

Qeyd etdiyimiz kimi, tərəflər ayrıldıqdan sonra növbəti münaqişə alimentin ödənilməsi zamanı meydana çıxır. Bu gün alimentin tutulması üçün 2 forma var:
1)
məhkəmə stabil məbləğdə aliment təyin edir;
2) ödəyicinin əməkhaqqından müəyyən faiz tutmaqla aliment kəsir.
Aliment təyin edilərkən yalnız ailədəki uşaqlar deyil, həmçinin, onun həyat yoldaşı da nəzərə alınır. Ancaq kişilərin əməkhaqqı leqal olmayanda təyin edilən alimentin ödənilməsi problemə çevrilir. Hüquqlarını bərpa etməkdə çətinlik çəkən qadınlar kimdən və necə kömək alacaqlarını bilmirlər. Ölkədə bu problemlə üzləşənlərin sayı yüzlərcədir.Belə ki, bəzən aliment ödəməli olan şəxs ödənişdən yayınır, ya da müxtəlif bəhanələrlə iş yerinin olmadığını əsas gətirərək alimentin kəsilməsinə qarşı çıxır. Hətta məhkəmə qərarlarının olması işin həllinə, yəni aliment üzrə borcların qaytarılmasına köməklik etmir. Borclunun ya ünvanı məlum deyil, ya da o, maaşının cüzi hissəsini rəsmiləşdirir, qalanını qeyri-leqal formada alır və s.

Aliment ödəməkdən boyun qaçıran şəxs haqqında nə kimi tədbirlər görülür?
Hüquqşünasın fikirlərinə görə, əgər məhkəmə boşanan şəxsə qarşı qətnamə çıxarırsa və icra vərəqəsi verirsə, qətnamə icra edilməlidir. Həmiçinin, aliment məhkəmə qərarından 5 gün sonra ödənilməli, atanın iş yerinə xəbər verilməlidir. O qeyd edir ki, Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, borclu olan tərəf alimenti ödəmədən ölkəni tərk edə bilməz. Aliment ödəməkdən yayınan şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə (Məhkəmə qərarını icra etməkdən boyun qaçırma) məsuliyyətə cəlb edilə bilər.

Aliment ala bilməmək sosial problemdirmi və həlli yolu nədir?
Müsahibimiz bildirir ki, uşağın və ya əmək qabiliyyəti olmayan ananın saxlanması xərclərinin qarşılanmaması, minimum ehtiyaclarının ödənilməməsi çox böyük və qarşısıalınmaz sosial problemlərin yaranmasına və dərinləşməsinə səbəb olur.
Sözügedən problemin həlli üçün dövlət tərəfindən maliyyələşən fondun yaradılması labüd və mümkündürmü?
Roman Qaraşov bunun mümkün olduğunu vurğuladı. Onun sözlərinə görə, bütün sivil dövlətlər bu yolla gedir və hər kəs üçün layiqli həyat şəraitinin yaradılmasına çalışır: “Dövlət, ilk növbədə, alimentin ödənilməsi vəzifəsini kimin üzərinə qoyulmuşsa, həmin şəxsin məhkəmə qərarını icra etməsi üçün mümkün olan bütün sərt tədbirləri görməlidir”. Müsahibimiz təklif edir ki, qanunla müddət müəyyən olunsun və bu müddətdə aliment ödənilməzsə, dövlət həmin məbləği aliment almalı olan şəxsə ödəsin. Bununla əlaqədar dövlətin aliment verməli olan şəxs qarşısında tələb hüququ yaranır. Bu zaman artıq alimentin ünvanına çatmamasından söhbət belə gedə bilməyəcək. Yəni alimentin məqsədi nədirsə, məhz o məqsədə nail olunacaq.
Sevinc Fədai
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 514
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri