Qadın hüquqları, müasirlik və Azərbaycan reallığı...

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 3 172
Səs ver:
(səs: 1)
Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.

Ümumiyyətlə qeyd edilməlidir ki, Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrumkən 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilirdi.

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb.

1992-ci ildə Azərbaycan BMT və ATƏT- in, 2001-ci ildə isə Avropa Şurasının üzvü olduqdan sonra isə bu təşkilatların hər birinin tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturlaın hər biri ilə sıx əməkdaşlıq etməyə başlayıb.

Ölkəmiz 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında” 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız Həyat” Regional Məlumatlandırma Kampaniyasına, 2001-2002 –ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına qoşulub.

Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əmkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib. “Gender (Kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Qadın zorakılığı haqqında” Qanunları, Ailə Məcəlləsinə edilən dəyişikləri misal çəkmək olar.

Bütün bunlara baxmayaraq, ölkədə qadın hüquqları ilə bağlı problemlər hələ də qalmaqdadır. “Məişət zorakılığı”, “gender bərabərsizliyi”, “qadınların ictimai-siyasi sferalarda az yer tutması” və s. kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir.

Ümumiyyətlə, beynəlxalq təşkilatların hesabatlarında da bu faktorlar öz əksini tapır. Məsələn, 2006-cı ildən gender bərabərsizliyi hesabatını hazırlayan Dünya İqtisadi Forumunun illik nəticələrinə görə, Azərbaycan 5 ildə bu istiqamətdə geriləyib. Belə ki, Azərbaycan sözügedən təşkilatın 2007-ci il hesabatında 59-cu yerdə idisə, 2008-ci ildə 61-ci, 2009-cu ildə 89-cu, 2010-cu ildə 100-cü yerə düşüb. 2011-ci ildə ilk dəfə olaraq 100-cü yerdən 91-ci yerə qalxıb.

Problemlərin miqyası respublikada ərazilərə görə dəyişir. Şəhərlərə nisbətən rayon və kəndlərimizdə qadınların hüquqları daha çox pozulur.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvi, millət vəkili Elmira Axundovanın sözlərinə görə, Azərbaycan qadınlarının hüquqlarının qorunmasına dair qanunvericilik bazası yaradılıb və tam həcmdə fəaliyyət göstərir. Lakin o da hesab edir ki, xüsusən rayon və kənd yerlərində qadınların hüquqi maarifləndirməsi sahəsində xeyli işləri görülməlidir.

“Nəzəriyyədə bizdə bu istiqamətdə hər şey yüksək səviyyədə ola bilər, amma düşünürəm ki, təcrübədə maarifləndirmə işlərinə böyük ehtiyac var. Mən bu istiqamətdə KİV-lərin və QHT-lərin öz fəaliyyətlərini artırmalarını istərdim”.

Qeyd etməliyik ki, bu gün ölkədə fəaliyyət göstərən QHT-lərin əksəriyyəti qadın, gender problemləri üzrə fəaliyyət göstərir və onların da əksəriyyətinin başçısı qadındır. Onlar hər zaman qadınların öz hüquqlarını bilməsi, onların buna uyğun hərəkət etmələri üçün müxtəlif seminarlar təşkil edirlər.

“Bizdə QHT-lərin böyük əksəriyyətini qadınlar idarə edir. İstərdim ki, onlar öz fəaliyyətlərində qadın hüquqlarının qorunması məsələlərini prioritet məsələyə çevirsinlər, müvafiq layihələri həyata keçirsinlər və bu tədbirlər daha çox rayon və kənd yerlərində görülsün” - deyə Elmira Axundova vurğulayıb.

Azərbaycan sivil ölkədir, bura sərt qadağalar, gərəksiz qanunlar yoxdur. Dövlət hər iki cinsə - qadın və kişiyə eyni gözlə baxır. Bəzən deyirlər ki, bu ölkədə qadınlar insan yerinə qoyulmur, haqları tapdanır. Ancaq “Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı bu fikirlə razılaşmadığını bildirib.

“Mən də qadınam, mənim haqqımı niyə tapdamırlar? Niyə kimsə mənə “sən qadınsan, buna haqqın yoxdur” deyə bilmir? Qadınlar haqqını bilməsə də, bu ölkədə onların haqqı qorunur.

Ən adi bir misal: Əmək Məcəlləsinin 125-ci maddəsinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü ödənişli məzuniyyət verilir, amma övladı doğulan ataya problemləri ilə məşğul olmaq, ailəsinə zaman ayırmaq üçün cəmi 14 gün izin verilir, amma ödənişsiz. Yəni, Azərbaycanda atalıq məzuniyyəti yoxdur. O zaman kişilər də desin ki “bu ölkədə mənim haqqım tapdanır”. Bu sadə bir misal idi, demək istəyirəm ki, qadın daha öncəliklidir. Yetər ki haqqını-hüququnu bilsin”.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 172
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri