İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 235
Səs ver:
(səs: 0)
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
Ara-sıra şirkətinizdə və ya təşkilatınızda boş vakansiyalar olur. Sizin vəzifənizdən daha maraqlı və daha sərfəli olan bu vakansiyaların niyə sizə yox, bir başqasına nəsib olduğunu heç düşünmüsünüzmü? “Work.ua”nın bu ədalətsizliyin niyə baş verdiyinə dair bir neçə versiyası var.

Karyera artımınızı müzakirə etmirsiniz

İşçilərin istər vəzifələrdə, istərsə də maaşlarda irəli çəkilməmələrinin ən yayılmış səbəblərindən biri sadəcə bunu dilə gətirməmələridir. Rəhbərliklə bu cür söhbətlər çoxlarını qorxudur. Bəzi işçilər bununla çox iddialı, acgöz və qeyri-adekvat görünməkdən çəkinirlər. Rədd cavabı və ya hər hansı digər mənfi reaksiya irəliləmə barədə danışmaq niyyətini əvvəlcədən öldürür.

Həll yolu: Karyera nərdivanı ilə inamla qalxmaq istəyirsiniz? Elə isə bu barədə danışın!

Əgər müəssisəyə töhfə verən əməkdaşsınızsa, yüksəlmə istəməkdə yanlış bir şey yoxdur. Üstəlik, bu, hökmən edilməlidir. Birincisi, uzun illərdir, “avtomatik” olaraq heç kim irəli getməyib. İkincisi, bu barədə danışmasanız, rəhbər hər şeyin yaxşı olduğunu və hər şeydən məmnun olduğunuzu düşünməkdə davam edəcək.

Müdirinizdən nəyi inkişaf etdirməyinizin zəruri olduğunu soruşun. Hətta bir il ərzində vəzifədə yüksəlmək istədiyinizi bildirin və buna nail olmaq üçün hansı addımları atmalı olduğunuzla maraqlanın. Öz yerinizə kimi təklif edə biləcəyinizi düşünün, çünki bu, vəzifədə irəli çəkilməməyinizin başqa səbəbi ola bilər. Sırf bütün cari işlərinizi aparacaq bir adam axtarmamaq üçün sizi öz yerinizdə saxlaya bilərlər.

Özünüzü əskildirsiniz

Bəzən elə olur ki, özünüz də fərqinə varmadan öz səriştəsizliyinizi aləmə car çəkirsiniz: yoxlamalardan qorxur, tez-tez “biz bunu edə bilməyəcəyik”, “bu iş də batacaq” və ya “necə axmağam!” və s. kimi ifadələr işlədirsiniz. Bu ibarələr nə qədər tez-tez səslənirsə, həmkarlarınızın şüuraltına bir o qədər tez həkk olunur. İnsanlar işləyə bilmədiyinizi düşünməyə başlayır, hətta bunun reallıqla əlaqəsi olmasa belə.

Həll yolu: Dayandırın!

Özünüzü daha az tənqid etməyə çalışın və əksinə özünüzə daha çox dəstək olun, əks halda heç kim sizin səriştənizi görməyəcəkdir. Güclü bir daxili tənqidçiniz varsa, ailəniz və dostlarınızla danışın və özünəinamınızı artırın.

İşdən ayrılacağınızı bildirirsiniz

Planlarınızı səsləndirirsiniz: Afrikada xeyriyyəçiliklə məşğul olmaq, başqa şəhərə köçmək, iş yerini dəyişdirmək və s. Hətta “bir gün hər şeyi atıb çiçək yetişdirməklə məşğul olacağam” kimi ifadələr də karyerada yüksəlmə şansınızı birbaşa təhdidlər və konkret planlar barədə danışmaqla eyni dərəcədə azaldır. Əgər rəhbərlik sizi hər an yox ola biləcək qeyri-sabit bir element kimi qəbul edirsə, onda sizi niyə irəli çəksin?

Həll yolu: Ciddi münasibətinizi göstərin

Heç nəyə baxmayaraq bu işdə qalmaq istəsəniz, planlarınızın dəyişdiyini və özünüzü layihəyə həsr etməyə hazır olduğunuzu söyləyin (əgər, həqiqətən, hazırsınızsa). Mütəmadi olaraq şöbənizin, ümumiyyətlə, fəaliyyət göstərdiyiniz sahədəki digər şirkətlərin işləri ilə maraqlandığınızı, sizin sənayedəki trendləri və innovasiyaları izlədiyinizi, strateji düşünə bildiyinizi nümayiş etdirin.

Hər kəs susanda belə problemlərin həlli yollarını təklif edin. Bu sizi işçilərin ümumi kütləsindən ayıracaq və hal-hazırda məşğul olduğunuz işlərdən daha ciddi vəzifələrə maraq göstərdiyinizə işarə edəcəkdir.

Özünüzü düzgün qiymətləndirmirsiniz

Özünü qiymətləndirmək asan məsələ deyil və hamımız bacarıqlarımızı həddən artıq şişirtməyə və ya müəyyən bacarıqlarımızı aşağı qiymətləndirməyə meylliyik. Xəyal etdiyiniz liderlik mövqeyi kənardan göründüyündən daha mürəkkəbdirsə, nə etmək olar? Parlaq bir mütəxəssis olsanız da bu, liderliyə hazır olduğunuz demək deyil.

Həll yolu: Oxumaq, oxumaq, yenə oxumaq!

Əlavə təhsil almaq barədə düşünün, o cümlədən menecment sahəsində ixtisaslaşmış kurslara yazılın, peşə fəaliyyətinizlə bağlı seminarlarda, master-klaslarda iştirak edin, hətta bir bloq aça bilərsiniz (bunun üçün kifayət qədər imkan var: YouTube-dan Telegram-a qədər). Profilinizə müvafiq tədbirlərdə çıxış etməyə başlayın. Bu, yalnız dəyərinizi artırmayacaq, həm də sizi daha görünən hala gətirəcəkdir. Üstəlik, bütün bunları artım istəyəndə qeyd etmək olar.

Təşəbbüs göstərmirsiniz

Vəzifədə yüksəlmək istəyirsinizsə, öhdəliklərinizi yaxşı yerinə yetirməkdən daha çox şey tələb olunur. Çünki əməyinizin qarşılığında sizə maaş və bəzən bonus ödəyirlər. İrəli getmək üçün yalnız yaxşı deyil, həm də unikal, fəal mütəxəssis olmalısınız.

Həll yolu: Müstəqil hərəkət edə biləcəyinizi rəhbərliyə nümayiş etdirin

Hər bir şirkətdə həll edilməsi lazım olan məsələlər yaranır. Onları tez bir zamanda aradan qaldırmağı və təşəbbüsü öz üzərinə götürməyi bacaran işçi əlavə bal qazanır və karyera pillələrini uğurla qalxır.

İstehsal prosesini yaxşılaşdırmağı təklif edin (heç kim bu barədə xahiş etməsə də), bunun üçün məsuliyyəti öz üzərinizə götürün. Ancaq səlahiyyətiniz daxilində hərəkət etdiyinizi bildiyiniz zaman təşəbbüs göstərin, şirkətin niyə bu və ya digər yeniliyə ehtiyac duyduğunu anlayın və problemin həlli üçün alqoritminizi hazırlayın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 235
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri