Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir
işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür.
Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan
daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə
maraqsız olur. Mütəxəssislər bu prosesi "emosional yanma sindromu”
adlandırırlar. Ümid edirik ki, bizim məqaləmizi oxuyaraq bu prosesin
öhdəsindən gəlməyi bacaracaqsınız.
Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla
müşahidə olunan psixi proses nəzərdə tutulur. Yanma sindromu hansı
hallarda baş verə bilər:
1. İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı).
2. Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.
3. Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə
dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş
münasibətlər.
4. İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi.
5. Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.
6. Gələcəyə aid perspektivlərin görünməməsi.
7. İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.
Beləliklə, emosional yanma sindromunun yaranma səbəbləri 2 qrupa
bölünür: subyektiv (fərdi xüsusiyyətlər), obyektiv (situativ faktor).
Subyektiv faktor: insanın şəxsi xüsusiyyətləri, həyatı dəyərlər sistemi,
fərdi psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və
həmkarları ilə qarşılıqlı münasibətlər və s.
Adətən cavan kadrlar emosional yanma sindromuna daha çox məruz qalırlar.
Obyektiv faktor birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar
yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi.
Uzun sürən və həddindən artıq funksional yüklənmə nəticəsində
şəxsiyyətlər arasında münasibətlərin gərginləşməsi emosional yanma
sindromunun formalaşmasına təkan verir. Emosional yanma sindromu
kommunikativ peşələrin nümayəndələri üçün xarakterikdir, "insan-insan” –
peşə tipinə aiddir. Bu sindromun formalaşması tədricən baş verir. Əsas
üç mərhələdən ibarətdir:
1. Emosional tükənmə - peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik,
ümümi emosional fonun zəifləməsi. Qeyri-iradi davranış, boşluq hissi,
ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir
göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.
2. İkinci mərhələdə insanda qıcıqlanma, acıq hissləri yaranmağa
başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında
münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik
ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə
olunur.
3. Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz
üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata
qarşı marağı azalır. Daim gücsüzlük hiss edir.
Yanma sindromuyla onun birinci əlamətləri aşkar edilən kimi dərhal
mübarizə aparmaq lazımdır. Mübarizə aparmadıqda vəziyyət ağırlaşır və
onda psixoloqun köməyi olmadan keçinmək çətin olur.
Sizə kiçik bir çalışmanı etməyi təklif edirəm: bir vərəq götürüb iki
hissəyə bölün. Birinci hissədə sizə sevinc gətirən amilləri, ikincidə
isə bununla bağlı keçirdiyiniz müsbət emosiyaları qeyd edin. Əgər
birinci hissədə siz cəmi 3 sevinc gətirən amili yazdınızsa, onda bu
sizin həyata münasibətinizin dəyişdirilməsinə işarədir. Ümidinizi
itirməyin, sadəcə monoton həyat tərzinizi dəyişin: kinoya gedin, səyahət
edin, öz həvəslərinizə vaxt ayırın. İş prosesinə isə rəngarənglik
qatın.
Bundan başqa, neqativ emosiyaların öhdəsindən gəlməyi öyrənmək
əhəmiyyətlidir. Vərəq götürüb eninə və uzununa (hər tərəfdən) şəkil
çəkin, bütün neqativ enerjini tökün, sonra vərəqi cırıb zibil səbətinə
atın. Bu niyə lazımdır? Emosiyalar heç yerə yox olmur. Biz onları ya
dərində gizlədirik, ya da bizi əhatə edənlərə sıçradırıq. Yığdığınız
neqativ emosiyaları kağızda əks etdirin.
Yanma sindromunu aradan qaldırmaq üçün başqa metodlardan da istifadə etmək olar:
1. Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir.
2. İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil.
3. Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.
4. Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu
aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır.
5. Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq.
İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq.
6. Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin.
Mən sizə bütün çətinliklərə baxmayaraq, daxili harmoniyanızı qorumağı
arzulayıram. İş həyatımız hər halda müvəqqəti olur. Sinir sistemimiz isə
həmişəlik bizimlədir. Onu qorumağa çalışın.