Hamilə xanımı işdən çıxarmaq olar?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 382
Səs ver:
(səs: 0)
Hamiləlik və doğuşdan sonrakı dövr qadın və ailəsi üçün çox çətin dövrdür. Bunu nəzərə alan qanunvericilik işləyən analara bəzi güzəştlər və imtiyazlar verib.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Vasif Həsənov deyir ki, əmək qanunvericiliyi istər dövlət, istərsə də özəl sektorda işləyən hamilə qadınların hüquqlarını qoruyur. O qeyd edir ki, qadını hamilə olduğu üçün işə qəbul etməmək, işdə sınaq müddətinə götürülmək, işdən qovmaq yolverilməzdir.
Hüquqşünasın dediyinə görə, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir: "Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Bu səbəblərə görə qadın işə götürülmədikdə hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər”.

Hamilə və yaşyarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi hüququ da var. Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül və sağlam işə keçirilirlər.

"Elə hallar da olur ki, işəgötürən işçilərin ixtisarı, səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə, işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi, özünün əmək funksiyasını yerinə yetirməməsi adı altında hamilə, yaxud uşaqlı ananı işdən azad etmək istəyir".

Vəkil qeyd edib ki, hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır: "Yaşyarıma çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaşyarıma çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir”.
Hamiləlik və doğuşa görə nəzərdə tutulan sosial məzuniyyətlərə toxunan hüquqşünas bildirib ki, bu növ məzuniyyətlər ödənişli olur. Belə ki, əmək qanunvericiliyinə görə, normal doğum zamanı analara verilən məzuniyyətin müddəti doğuşdan əvvəl 70 təqvim günü, doğuşdan sonra isə 56 təqvim günüdür. Amma doğuşun çətin keçməsi (qeysəriyyə əməliyyatı) və ya iki və daha çox uşağın doğulması hallarında doğuşdan sonrakı məzuniyyətin müddəti daha 14 gün artırılır.

Ödənişli sosial məzuniyyət pulunun hesablanması ilə bağlı hüquqşünas bildirib ki, bu məsələ Nazirlər Kabinetinin 15.09.1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamə ilə tənzimlənir:

"Əsasnamənin 3-cü bəndinə görə, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz".

Əmək qanunvericiliyi ödənişli sosial məzuniyyətlə yanaşı uşağa qulluqla bağlı qismən ödənişli məzuniyyət hüququ da müəyyən edir. Həsənovun sözlərinə görə, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər:
"Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Əmək müqaviləsi ilə işləyən qadın hamiləliyə və doğuşa görə məzuniyyət müddəti qurtardıqdan sonra ya işə çıxmalı, ya da işəgötürənə qismən ödənişli məzuniyyətin verilməsi ərizəsi ilə müraciət etməlidir. Əgər qadın qismən ödənişli məzuniyyətdən imtina edərək işə çıxmaq istəyirsə, bu barədə işəgötürəni məlumatlandırmalı, qarşı tərəf də buna uyğun qərar qəbul etməlidir".

Təcrübədə bəzi hallarda qismən ödənişli məzuniyyətdə olan və işə qayıtmaq istəyən qadınla əmək müqaviləsinə xitam verilməsi hallarına rast gəlindiyini deyən Həsənov bildirib ki, bu halda qadın hüquqlarının qorunması üçün məhkəməyə müraciət edə bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 382
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri