İş xanımlarının xərçəng riski daha çoxdur

Müəllif: Barbaris
Şərhlər: 0
Baxılıb: 1 759
Səs ver:
(səs: 0)
Uzun bir təhsil dövrünün ardından iş həyatına atılan, karyera barədə düşünən qadınlarımızın sayı gündən-günə artır. Demək olar ki, oxumaq, yaxşı işlərdə çalışmaq bu gün əksər qadınların arzusudur. Bütün bunların pərdə arxasında isə yaxşı yaşamaq, azad olmaq, öz həyatını özü idarə edə bilmək istəyi durur. Karyera arzusunda olan xanımların 90 faizi "ailə qurmaq" fikrini 3-4-cü dərəcəli bir iş qəbul edirlər.

Mütəxəssislərə görə, qadınların karyera düşüncəsi təqdirəlayiq olsa da, bu, gələcək Azərbaycan ailəsini təhdid altında saxlayır. Bütün bunlarla yanaşı, karyera düşüncəsi qadınların xərçəng xəstəliyinə tutulmasına da yol açır. Onkoloq Samir Hacıbabayevin sözlərinə görə, uzun təhsil dövrü, iş həyatının stressi, balanssız qidalanma, hərəkətsiz həyat və kosmetikadan həddindən artıq istifadə qadınları xərçəng riski ilə qarşı-qarşıya qoyur.

Karyera düşünən, ailə həyatı qurmayan qadınlarda döş xərçəngi, uşaqlıq boynu, dəri və yumurtalıq xərçəngi daha çox özünü büruzə edir. "Müasir dünyada tibb qadın sağlamlığı baxımından əhəmiyyətli irəliləyişlər etsə də, dövrün xəstəliyi kimi təyin olunan və həyatı təhlükə qarşısında qoyan xəstəliklərin önündə olan xərçəng qadınlar üçün əhəmiyyətli dərəcədə qorxulu hal alıb. Qadına xas döş (nadir olaraq kişilərdə də görülə bilər), uşaqlıq boynu, uşaqlıq və yumurtalıq xərçəngləri ilə mübarizə müasir tibbin əhəmiyyətli hədəflərindən biridir".

Mütəxəssis bildirir ki, yaxşı işlərdə çalışan, özü üçün karyera quran qadınlar sonradan xərçənglə mübarizə aparmalı olurlar. Səbəb isə uzun müddətli təhsil həyatı ilə bağlı evliliyin olmaması, uşaq sahibi olmama və ya gec uşaq sahibi olmaqdır. Bunlar döş xərçənginin əsas səbəbidir. Döş xərçəngi Qərb dünyasında çox sıx rast gəlinən xəstəliklərdən biridir. Hər 8 qadından biri həyatı boyunca döş xərçənginə tutulur. Halbuki Afrikada bu xəstəlik nadir halda görülür. Erkən yaşda ailə qurub, uşaq sahibi olan qadınlarda isə döş xərçəngi daha az müşahidə olunur.

Həkimin dediyinə görə, iş xanımlarında xərçəngin ikinci səbəbi həddən artıq səy və gərgin iş saatlarından qaynaqlanan problemlərdir. Uzun iş müddəti, xroniki yorğunluq və stress adamın immunitet sistemini zəiflədir və xərçəngə zəmin hazırlayır. "Gecə saatlarında çalışma, yuxusuzluq melatonin ifrazatının azalması da xərçəngə yol açır. Gecə növbəsində çalışan tibb bacıları və digər işçilərin xərçəng riski daha böyük olur".

Qida rasionunun pozulması, fast-food tərzi yeməklər, ofis iş sistemində hərəkətsiz oturaq işlər (bu səbəblə məşq və idmandan uzaqlaşma) və gözəl görünmək üçün istifadə edilən kosmetik vasitələr də xərçəng riskini artırır. Fast-food tərzi yemək vərdişi xüsusilə qalın bağırsaq xərçənginin meydana gəlməsinə səbəbə olur. "Məşq bütün xərçənglərdən qorunmada əhəmiyyətlidir. Xüsusilə döş və qalın bağırsaq xərçəngindən qorunmaq üçün mütəmadi olaraq məşq, idman etmək lazımdır. Kosmetik məhsullarda olan kanserogenlər isə dəri xərçəngindən ağciyər, mədə və əzələ xərçənginə qədər bir çox xərçəngin meydana gəlməsində rol oynayır".

İş qadınlarının xərçəngə tez yaxalanmasının digər səbəbi isə şəhər həyatı, ekologiyanın natəmizliyidir. İş qadınları sağlamlıqlarının qayğısına gec olmadan qalmalıdırlar.

Müsahibimiz deyir ki, qadınlar xərçəngdən qorunmaq üçün birinci növbədə uşaq barəsində düşünməldirlər. "Dünyaya uşaq gətirmək üçün gecikməyin. Uşaq doğmaq üçün 30 yaşı keçməyin, oturaq həyat tərzindən qurtulmaq üçün nizamlı məşq edin. Mümkün olduğu qədər ayaqüstü qidalardan uzaq olun. Siqaret çəkməyin, spirtli içkilər içməyin. Kosmetik vasitələrdən bacardığınız qədər az istifadə edin. Yuxu saatına diqqət yetirin. Gün ərzində ən azı 7-8 saat yatın. Gecə yuxusuna xüsusilə əhəmiyyət verin və qaranlıq otaqda yatın. Evlərinizi və ofislərinizi mümkün olduğu qədər havalandırın".
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri