Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 651
Səs ver:
(səs: 2)
İnsan ümidini üzdükdə, qəm-qüssə içərisində boğular, ümidsizliyə qapanar. Geniş və rahat dünyanı dar və sıxıntılı görər. Özünün xoşbəxtliyi və uğuru üçün heç bir şansın qalmadığını düşünər.
Əslində ümidsizlik insanın gözünü gözəllikləri görməkdən məhrum edir. Qəlbi yaxşı zənn etməkdən və ümidlənməkdən məhrum edir.
Ümidsizlik həyatın hər bir sahəsində ola bilər. Lakin dinimiz bizə hər növ ümidsizliyi aşmağı öyrətməkdədir.
İnsan ümidsizliyə qapandığını aşağıdakı əlamətlərlə dəqiqləşdirə bilər
*Birinci: Günhakar insanın tövbə etməkdən ümidini üzməsi.*
Ümidsizliyin ən təhlükəli növü budur. Çünki bu hal, insan nəfsini Allahdan uzaqlaşdırır və nəfsi günah bataqlığında saxlayır.
Tövbəsinin qəbul olunacağından ümidini üzən kimsə, özünün həlak olduğunu və tövbə ilə xilas olmayacağını güman edir. Bu isə onu qəm-qüssəyə boğur və ümidsiz edir. Bu hal isə onun günahında davamiyyətli olmasına səbəb olur.
Dəyərli oxucu, sən şəriət dəlillərini oxusan görərsən ki, dinimiz səni Allahın rəhmət və mərhəmətinə səsləyir. Günahkar insan bu mərhəmət çağırışını dərk etsə, Allahın hüzuruna qaça-qaça gələr, tövbə edib bağışlanma diləyər.
Uca Rəbbimiz belə buyurur:
“ — (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) *de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”*
(əz-Zumər surəsi, 53-cü ayə).
Siz əvvəlcə ayənin bu hissəsinə — “özlərin zülm etməkdə həddi aşmış bəndələrim!”, sonra isə “Allah (tövbə etdikdə) bütün günahları bağışlayar.” hissəsinə diqqət edin. Bu ayəni eşidəndən sonra bağışlanmaqdan ümidini üzən insan tövbəyə tələsməzmi?!
Dəyərli oxucu Peyğəmbərin ﷺbu kəlamına da bir bax!
O ﷺdemişdir:
*“Uca Allahın mömin bəndənin tövbəsinə görə sevinməsi, səhrada olarkən üzərində bütün azuqəsi, yeməyi-içməyi olan dəvəsini itirmiş insanın timsalındadır. O, yatmış, oyananda isə dəvəsinin itdiyini görmüş? bütün günü onu axtarmış, susuzluqdan taqəti qurtaranda öz-özünə, “qayıdım əvvəlki yerimə, ölənə qədər elə həmin yerdə yataram” – deyərək, ora qayıdır və ölümlə barışıb başını yerə qoyur. Yuxudan oyandıqda min iyini üzərindəki azuqəsi, yeməyi-içməyi ilə birlikdə başının üzərində dayandığını görüb sevinir. Bax, uca Allah da mömin bəndənin tövbəsinə bundan daha çox sevinir.”*
(Muslim: 2744).
Uca Allah nəinki tövbə edənin günahını bağışlayır, hətta onun tövbəsinə görə sevinir. Bu, yaxşılıq, rəhmət və mərhəmət sevincidir.
Bu həmçinin göstərir ki, uca Allah tövbə edib Allaha tərəf qayıdan kimsəni sevir.
*“Allah tövbə edənləri və paklığa çıxanları sevir.”*
(əl-Bəqərə: 222).
Ona görə dəyərli qardaşım və bacım, heç vaxt ümidsiz olma! Hansı günahı etsən də, tövbə qapısı açıqdır, tövbə et!
*İkinci: Allahın mərhəmətindən ümidini üzmək.*
Bu növ ümidsizlik də insanlar arasında çox yayılmışdır. Həyatda bunun müxtəlif növlərini görmək olar. Bəzi insanlar ruzisinə görə ümidsizdir, bəzisi Rəbbi haqqında pis düşünür, digəri özü haqqında pis fikirdədir, bir başqası Allahın ona edəcəyi köməkdən ümidsizdir, kimisi isə xəstəliyinin sağalacağından ümidini kəsmişdir.
Bütün bu növ ümidsizliklər dinimizdə haram edilmişdir. Belə ki, Allahın rəhməti hər şeydən genişdir. Uca Allah buyurur: *“Mərhəmətim hər şeyi ehtiva etmişdir...”*
(əl-Əraf: 156).
Ona görə də uca Allah bəndələrinə Allahın rəhmətindən ümidini üzməyi haram etmişdir:
*“Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”*
(Yusuf: 87).
*Üçüncü: Duasının qəbul olacağından ümidini üzmək.*
Bəzi insanlar duada bədbinliyə qapanırlar. O duanı inkar etməsə də, onun qəbul olunmasında tələsir. Buna görə də ümidsizliyə düşür. Çünki o, Allah haqqında dərin elmə sahib deyil. Uca Allah biləndir və hikmət sahibidir. O bütün işləri elm və hikmətlə idarə edir. Bəzən bəndəyə rəhmət olaraq, bəzən isə onu imanına görə sınayaraq, yaxud maneə olduğu üçün onun duasının qəbula keçməsini gecikdirir.
Duanın qəbul olmasına mane olan amillərdən biri müsəlmanın duasının qəbul olmasına görə tələsməsi və duanı tərk etməsidir. Peyğəmbər ﷺ
bu amili, duanın qəbuluna mane olan amil olaraq dəyərləndirmişdir. Səbəb isə bəndənin üzun müddət keçsə, yenə də duasının qəbul olmasından ümidini üzməməyi öyrənməsidir. Çünki uca Allah duasında yalvaran bəndələrini daha çox sevir.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin ﷺbelə dediyini rəvayət edir:
*“Siz “dua etdim, duam qəbul olunmur” – deyərək, tələsməsəniz, duanız qəbul olunar.”*
(Buxari və Muslim).
Ona görə də duanın qəbul olunması üçün tələsmək lazım deyil. Gecikmənin bir çox səbəbləri ola bilər. Bu səbəbləri araşdırıb aradan qaldırmaq lazımdır.
*Dördüncü: Bədbin olmaq.*
Bədbinlik, dərin psixoloji problemdir. Bunun ortaya çıxma səbəbi isə iman zəifliyi və həyat təcrübəsinin azlığıdır. Bu cür insanlar böyük bacarıq və qabiliyyətə sahib olduqları halda, özlərini aciz və çarəsiz hesab edir, daim pis işə düçar olacaqlarını düşünürlər.
Bədbinlik iman və ibadət ruhuna ziddir. Belə ki, imanlı insan bütün işlərin açarı əlində olan Allaha ümid etməlidir. İşlərində müsbət düşünən insanlar bu səbəblə müvəffəqiyyət əldə edirlər. Belə ki, o qarşısında duran işlərin öhdəsindən sakit və rahat şəkildə gəlir. Olmayan və baş verməyən bir şey onu narahat etmir. Ona görə də Peyğəmbər ﷺ
müsbət emosiyaları sevərdi. Bu səbəbdən də o dəyərli səhabələrindən birinə belə tövsiyə etmişdi: *“Sənə fayda verən işlərə can at və Allahdan yardım istə, aciz olma. Başına bir iş gəldikdə, “əgər belə etsəydim belə olardı!” – demə, əksinə belə de: “Allahın qədəridir və nə istəyibsə, o da olub!” Çünki “əgər” demək şeytan əməlinə qapı açır.”*
(Muslim: 2664).
Dəyərli oxucu, Allahın rəhmətindən ümidsiz olmaq lazım deyil və bunu hər kəsə çatdırmaq lazımdır. Qoy hər kəs Allahın nə qədər rəhmət, mərhəmət sahibi olduğunu görsün.
Uca Allah buyurur:
*“Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.”*
(Talaq surəsi, 3-cü ayə).
*“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!”*
(Ğafir (əl3-Mumin) surəsi, 60).
Heç vaxt Allahın rəhmətindən, mərhəmətindən ümdini üzmə, bədbin olub özünə qapanma.
Bil ki, sənin bağışlayan, rəhm edən, mərhəmətli Rəbbin vardır
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri