Həyatı bərəkərləndirmək gərək...

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 562
Səs ver:
(səs: 0)
Gözəl bir söz var: padşah bağbana bir bağ qıydı, bağban padşaha bir alma qıymadı. Bu sözün arxasında əslində çox böyük mətləblər durur. Yəni insan sahib olduğu hər şeyi ona verənə verə bilir. Hər şey bir imtahan vasitəsidir. Sahib olduğumuz hər şeylə imtahan olunuruq.

Allah-Taala kiminə istədiyini verərək imtahana çəkir, kimini də məhrumiyyətlə sınaqdan keçirir.Sədəqə dediyin şey Allah verdiyindən verməkdir, həm də Allaha sadiq olduğunu isbat edərək verməkdir. Üzümüzdəki təbəssümü də, könlümüzdəki sevgini də, dilimizdəki sözləri də, sərvətimzi, sağlığımızı da verən Allahdır.
Biz də bu nemətlərdən sədəqə verərək,borcumuzu yerinə yetirməyə çalışırıq.

Uca Peyğəmbərimiz (s.ə.s.): "Təbəssüm də sədəqədir"
- buyurmayıbmı?!

Sədəqə vermək
- Allaha borc verməkdir.Allaha borc vermək Allahı xoşnud edə bilmək üçün onun qullarına dəstək verməkdir. Maddi sərvət şəklində verilən sədəqə dünyadakı malını Allahın Axirət bankına qoymaqdır. Əmin olmalısan ki, burada verdiyinin qarşılığını orada qat-qat artığı ilə alacaqsan. Verdiyinə minnət qoymayacaqsan. Çünki qarşılıq Allahdan umulur, bəndədən yox.

Necə düşünürsünüz, insanların bankı olar, Allah-Taalanın bankı olmazmı?
- Var, həm də ən xeyirlisindən, ən güvənlisindən.Çox görmüşük ki, banklar batır və vətəndaşların milyonlarla sərmayəsi əlindən sovrulub gedir. Allah-Taalanın banklarında isə bir misqalınız, bir quruşunuz da zay olmaz. Dünya banklarısərmayənizin faizini verirlər, Allah-Taalanın bankları isə sərmayənizi on qat, yüz qat, min qat artıraraq sizə geri qaytarır.Dünya banklarına qoyduğunuz sərmayənizdən bu dünyada istifadə edə bilərsiniz, Allah-Taalanın banklarına qoyduğunuz sərmayənin xeyrini isə həm bu dünyada, həm də heç bir bankın uzana bilmədiyi axirət dünyasında görə bilərsiniz.

Siz Allah-Zül Cəlal Həzrətlərinin əmanət olaraq sizə verdiklərindən Onun əmanət bankına da pay ayırsanız, malın-mülkün gerçək Sahibi bu dünyada sizin sərvətinizin bərəkətini artırar, üstəlik də, könlünüzə elə xoş duyğular bəxş edər ki, onun həyatınıza verdiyi dadı, ləzzəti heç bir dünya malı əvəz edə bilməz. Hələbunlar nədir ki, bütün sərmayənin, hər cür imkanların əldən çıxdığı, dostların, qardaşların, valideynlərin, övladların... hər kəsin can həşirində olacağı bir yer var ki, orada Allah-Taalanın banklarına qoyduğunuz sərmayədən başqa, əlinizə bir şey keçməyəcək. Əgər orada əliboş qalsanız, "kaş ki kaş ki..." deyib qovrulacaqsınız, bir şey qoymuş olsanız da "kaş ki, daha çox qoymuş olaydım,"- deyəcəksiniz.

Uzun bir ömür verib Allah-Taala biz qullarına və onu da bildirib ki, hər günümüzün 24 saatından birini Ona ibadətlə keçirsək, bizə əbədi səadət bəxş edər, bütün həyatımızı ibadət qəbul edər. Gözümüzə nur, qolumuza güc, ayağımıza təpər verib, övlad verib, sərvət verib...
O qədər şeylər verib ki, hansını sayaq? Verdiklərini necə sərf etməyin yollarını da göstərib.

Təbəssümün sədəqə olduğunu bildirən Allah Rəsulu (s.ə.s.) nə qədər xeyir qapılarının üzümüzə taybatay açıq olduğunu göstərməyibmi?

Allah-Taala (c.c.) Qurani-Kərimdə "Mallarınızı zəkat verərək bərəkətləndirin" buyurmayıbmı? Buyurulmayıbmı ki, Allahrizasını qazanmaq üçün atılan hər addımın, alınan hər nəfəsın belə mükafatı var? - Əlbəttə, buyurulub və Əlhəmdulillah ki, bizlər bu həqiqətə inanmış, təslim olmuş qullardanıq.Biz demək istədiyimizi dedik, bütün bankların qapısı açıqdır, buyurun seçiminizi edin.

Hər məxluq Onu zikr edirAğac ağac diliynən, quş quş diliynən, ot ot diliynən Allahı zikr edir. Sağımızda, solumuzda gördüyümüz hər şey Ona yönəlir, Onu çağırır. Və sən insan olaraq bu yer üzünün xəlifəsisən. O ağac da, o ot da, o quş da, o dənizlər də sənin üçündür. Şüursuz hesab elədiyin, istədiyin kimi şəklini dəyişdirdiyin, başqalaşdırdığın bu təbiəti Allah-Taala sənin xidmətinə verib. Sənə çox imkan, çox səlahiyyət verilib, amma hər imkanın, hər səlahiyyətin də öz məsuliyyəti, öz sorğu-sualı var.

Soruşsaq ki, ən xoşbəxt alma hansıdır, yəqin ki, təəccüblənəcəksən.
Amma burada təəccüblənməli nə var ki? - Ən xoşbəxt alma möminin dizində təpərə, gözündə nura çevrilən almadır.Ətrafda hər şey Allahı zikr edir, ibadət halındadır. Allahı zikr edən o ağac, o heyvan sənin xidmətindədir. O ağacın, o heyvanın ibadəti sənin ibadətinə qatılanda hər şey öz yerini tapmış olur. Sən yer üzünün xəlifəsisən, iradə sahibisən. Uca Yaradanı tanımaq, Ona itaət və ibadət etmək üçün yaradılmısan. Əgər öz borcunu bilmirsənsə, vəzifəni yerinə yetirmirsənsə, aldığın nəfəs, içdiyin su,yediyin alma səndən gileylidir.Bu dünya dincini almaq üçün oturduğun ağac kölgəsidir. Bir az sonra qalxıb yoluna davam edəcəksən. Durub gedəcəksən, istəsən də, istəməsən də. Çünki İlahi ədalət belə tələb edir, bu məqamda sən də acizsən, iradən də bir işə yaramır.
Xoş o adamın halına ki, getdiyi yerdə peşmanlıq duymur, rahatlıq tapır.

Sənin qismətində nə var, onu bir Allah bilir. Amma özün də hərdən qəlbinə boylan, gör orda nə görürsən. Bir də elə elə ki, yediyin alma səndən küsməsin.

Övladlar arasında ayrı-seçkilik qoymaq olmaz
Hz. Rəsulullah (s.ə.s.) dövründə baş verən bir hadisəni xatırlayaq:
Amrə adlı səhabə qadın əri Bəşirdən oğlu Numana xüsusi miras verməsini xahiş etmişdi. Halbuki Bəşirin əvvəlki xanımlarından dünyaya gələn övladları da vardı. Bununla belə, o, Amrənin sözünü yerə salmamış və xurma bağını Numana verdiyini söyləmişdi. Amrə isə ona bu vədi Rəsulullahın yanında verməsini istəmişdi. Bəşir oğlu Numan ilə birlikdə Peyğəmbər Əfəndimizin yanına gəlmiş və:
"Ya Rəsulullah, bu Amrədən dünyaya gələn oğlum Numana xurma bağımı bağışladım. Siz də şahid olun",
- demişdi.
Hz. Rəsulullah isə bu hadisəni təsdiq etməmiş və belə bir sual vermişdi:
- Sənin başqa övladların da varmı?
- Var, Əfəndim, başqa qadınlardan olan övladlarım da var.Bu cavabı eşidən Rəsulullah Bəşirə bu xəbərdarlığı etmişdi:
- Allahdan qorxun, övladlarınıza münasibətdə ədalətdən ayrılmayın. Birinə miras verib, digərini bundan məhrum etməyin.Bundan sonra Bəşir evinə qayıdaraq, Amrəyə vədini geri götürdüyünü demişdi. Amrə də Rəsulullahın xəbərdarlığını nəzərə alaraq, bir daha oğlu üçün xüsusi miras təklifi etməmişdi.

Bir məsələ də unudulmamalıdır. Valideynzəif, xəstə və ya şikəst övladlarına xüsusi qayğı göstərə bilər. Bu, ədalətsizlik deyil.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri