Uca Allah Cənnəti vəsf edərək buyurur:

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 609
Səs ver:
(səs: 0)
"Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur". (ər-Ra'd, 35).
Həmçinin buyurur: "Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?" (Muhəmməd, 15).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Əməlisaleh qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına belə gəlmədiyi nemətlər hazırladım. İstəyirsinizsə, bu ayəni oxuyun: "Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir". (əs-Səcdə, 17).
Cənnətdə elə bir ağac vardır ki, minikli onun kölgəsində yüz il yol getsə də onu qət edə bilməz. İstəyirsinizsə, bu ayəni oxuyun: "Uzanmış kölgəliklərdə". (əl-Vaqiə, 30).
Cənnətdə bir qamçı qədər yer, dünya və onda olanlardan daha xeyirlidir. İstəyirsinizsə, bu ayəni oxuyun: "Kim oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir". (Ali-İmran, 185)". (ət-Tirmizi, 3292).
Cənnətin çayları
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, Cənnətdə su, bal, süd və içkidən olan iri çaylar vardır. (Cənnət əhli Cənnətə girdikdən) sonra əlavə çaylar da qaynayacaq". (ət-Tirmizi, 2571).
Cənnət əhlinin xarici görünüşü və yaşları
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Cənnətə girən nemət görər, kasıblıq görməz, paltarı köhnəlməz və gəncliyi tükənməz". (Muslim, 7335).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "(Cənnətdəkilər Cənnətə girdikdə) bir çarçı belə car çəkəcəkdir: "Siz sağlam olub, heç vaxt xəstələnməyəcəksiniz. Siz yaşayıb, heç vaxt ölməyəcəksiniz. Siz gənc qalıb, heç vaxt qocalmayacaqsınız. Siz nemət içində olub, heç vaxt kədər çəkməyəcəksiniz”. Bu haqda Uca Allah belə buyurur: "Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!" (əl-Əraf, 43)". (Muslim, 7336).
Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Cənnət əhli tüksüz (başları istisna olmaqla), saqqalsız və gözləri sürməli olacaqlar. Onlar daim cavan qalacaqlar, libasları da köhnəlməyəcək". (ət-Tirmizi, 2539).
Miqdam ibn Mədi Kərib (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Elə bir ölən döl və ya qoca yoxdur ki, - insanlar ancaq bu iki yaş arasında olurlar – öldükdən sonra otuz yaşında dirilməsin. Kim Cənnət əhlindəndirsə, Cənnətə Adəm boyda, Yusuf surətində, qəlbləri Əyyubun qəlbitək daxil olacaqlar. Kim Cəhənnəm əhlindəndirsə, Cəhənnəmə dağ boyda böyüdülərək daxil olacaqlar". (ət-Tabərani: "Mu'cəmul-Kəbir", 663, 17053).
Cənnətin bitkiləri və torpağı
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Cənnətdə elə bir ağac yoxdur ki, gövdəsi qızıldan olmasın". (ət-Tirmizi, 2525).
Həmçinin buyurmuşdur: "İsra gecəsində İbrahimlə (aleyhis-sələm) görüşdüm və o belə dedi: "Ey Muhəmməd, məndən ümmətinə salam söylə və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu şirindir. Cənnətin ərazisi dümdüzdür, "Subhənəllah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər" kəlmələri isə onun bitkiləridir". (ət-Tirmizi, 3462).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Cənnətdə elə bir ağac vardır ki, atlı onun kölgəsində yüz il yol gedəcək, (amma onu qət edə bilməyəcək). İstəyirsinizsə, bu ayəni oxuyun: "uzanmış kölgəliklərdə...". (əl-Vaqiə 30)". (əl-Buxari, 3252).
Bir gün Peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdilər: "Cənnətdə olan evlər nədən düzəldilib?" O cavab verdi: "Bir kərpic gümüşdən, bir kərpic qızıldan. Onun (divarlarının) malası xoş ətirli müşkdəndir. Onun çınqılları mirvaridən və yaqutdan, torpağı isə zəfərandandır. Ora daxil olan nemət içində olar və əziyyət görməz, (orada) əbədi qalar və ölməz, libası köhnəlməz və qocalmaz". (ət-Tirmizi, 2526, 2717).
Cənnətin meyvələri
Uca Allah buyurur: "Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında və istədikləri meyvələr içində olacaqlar". (əl-Mursəlat, 41-42).
Bəra ibn Azib (Allah ondan razı olsun) Uca Allahın bu ayəsi "(Cənnətin) meyvələri də tam onların ixtiyarına veriləcək". (əl-İnsən, 14) haqqında belə demişdir: "Həqiqətən, Cənnət əhli ayaq üstə, oturaraq və uzanaraq – istədikləri hər bir vəziyyətdə Cənnət meyvələrini yeyəcəklər".
Cənnət çadırları
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Cənnətdə eni altmış milə bərabər, içi boş mirvarilərdən hazırlanmış çadırlar vardır. Onun hər küncündə bir-birilərini görməyən zövcələr vardır ki, möminlər vaxtaşırı onların yanına girəcəklər. İki Cənnət vardır ki, onların içindəki qab-qacaqlar və başqa əşyalar gümüşdəndir. Digər iki Cənnət də vardır ki, onların içindəki qab-qacaqlar və başqa əşyalar qızıldandır. Əzəmət pərdəsindən başqa heç bir şey Ədn Cənnətində olan kimsələrə Rəbbinin Üzünü görməyə maneə olmayacaq". (əl-Buxari, 4879).
Cənnət əhli ölməyəcək
Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Yuxu ölümün qardaşıdır, Cənnət əhli isə ölməyəcək". (əl-Heysəmi: "Məcməuz-Zəvaid", 10/ 410, 415).
Cənnət əhlinin xidmətçiləri
Abdullah ibn Amr (Allah ondan razı olsun) demişdir: "Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olanın xidmətində durmaq üçün min xidmətçisi olacaq. Hər xidmətçi həmkarının etmədiyi fərqli bir iş görəcək. "Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan". (əl-İnsən, 19)".
Cənnət əhlinin miniyi
Əbu Əyyub (Allah ondan razı olsun) demişdir: "Bir bədəvi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Mən atları sevirəm, Cənnətdə at varmı?" O (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Cənnətə daxil olsan, sənə iki qanadlı, yaqutdan olan at veriləcək. Onun üzərinə oturacaqsan, o da səni Cənnətdə istədiyin yerə aparacaq".
Cənnət əhlinin libasları
Uca Alllah buyurur: "Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır". (Fatir, 33).
"(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir". (əl-İnsan, 21).
Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib soruşdu: "Ey Allahın Elçisi, bizə Cənnət əhlinin libasları haqqında xəbər ver, onlar hazır yaradılacaq, yoxsa onu tikəcəklər?" Bəziləri güldü. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Nəyə gülürsünüz? Bilməyən kimsənin biləndən soruşmasına gülürsünüz?" Sonra o, başını aşağı saldı və buyurdu: "Sual verən hanı?" Kişi dedi: "Mən buradayam, ey Allahın Elçisi!" O buyurdu: "Cənnətin barı açılacaq və o libas oradan çıxacaq". O bunu üç dəfə təkrarladı".
Cənnət huriləri
Uca Allah buyurur: "Onları iri qaragözlü hurilər gözləyir – sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər". (əl-Vaqiə, 22-23).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah yolunda səhər və ya axşam döyüşə getmək dünya və onun içindəkilərindən daha xeyirlidir. Birinizin Cənnətdəki ox boyda yeri və ya qamçısının qoyduğu yer dünya və onun içindəkilərindən daha xeyirlidir. Əgər Cənnət qadınlarından biri yer sakinlərinə görünsəydi, göylə yer arasında olan hər tərəfi işıqlandırar və onun gözəl iyi hər yanı bürüyərdi. Onun baş örtüyü isə dünya və onun içindəkilərindən daha xeyirlidir". (əl-Buxari, 2796).
Cənnət əhli natəmizlikdən uzaqdırlar
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dedi: "Cənnətin sakinləri orada yeyib-içərlər, lakin sidik və nəcis ifraz etməz, tüpürməzlər". Soruşdular: "Bəs onların yedikləri necə çıxacaq?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Gəyirmək və müşk qoxusu olan tər ilə. Nəfəs aldıqları kimi onlara (rahatlıqla) təsbih (Subhaənəllah) və təhmid (Əlhəmdulilləh) etməyə ilham veriləcək". (Muslim, 7331).
Cənnət nemətləri tükənməzdir
Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Hər hansı birinizin Cənnətdəki ən aşağı məqamı ona: "İstədiyini arzu et!" - deyilməsidir. O da istədiyi qədər arzulayacaq. Sonra ona: "Arzuladıqların bitdimi?" - deyiləcək. O: "Bəli!" - deyə cavab verdikdə ona: "Arzuladıqların və bir o qədəri də sənindir" - deyiləcək. (Muslim, 268).
Əbu Səid (Allah ondan razı olsun) demişdir: "Uca Allah Cənnəti bir kərpic qızıldan, bir kərpic gümüşdən yaratdı, orada bitkilər saldı və ona buyurdu: "Danış!" Cənnət dedi: "Möminlər, həqiqətən də, nicat tapmışlar". (əl-Mu'minun, 1). Mələklər də ora daxil olub dedilər: "Xoş olsun sənin halına, ey padşahların məskəni!" (əl-Bəzzar, 3507).
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri