Dünyanın zahirini görənlər və batinini tanıyanlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 2 329
Səs ver:
(səs: 0)
Allaha sonsuz həmd və sənalar olsun ki, bizlərə Kərbəla məktəbi ilə tanış olmağı lütf edib. Allahdan istəyimiz budur ki, bizlərə verdiyi bu əzəmətli nemətin şükrünü yerinə yetirmək ləyaqətini bizlərə nəsib etsin!

Qurani-Kərim dünyanın zahirinə aldananları bizə tanıdır

Allah Təala "Rum" surəsinin əlli yeddinci ayəsində buyurur: "Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər".

Məhərrəm-Səfər əyyamında baş verənləri anlamaq üçün deyə bilərik ki, Kərbəla səhnəsində üz-üzə gələn haqq və batil cəbhələrini fərqləndirən ciddi xüsusiyyətlərdən və keyfiyyətlərdən biri də bu idi ki, onların dünyanı tanımaları, dünya ilə bağlı olan baxışları, yanaşmaları fərqli idi.

Batil tərəfin dünya haqqında təsəvvürü sırf zahiri idi. Bəziləri zahirdə namaz da qılırdılar, oruc da tuturdular, Quran da oxuyurdular, hətta bir müddət öncə onların içindən kifayət qədəri Həzrət İmam Hüseynə (ə) məktub da yazıb, dəvət də etmişdilər. Amma onların dünyaya baxışları fərqli idi. Bu ayə o yanaşmanı yaxşı izah edir. Onlar dünya həyatının zahirini bilirdilər. Elə bilirdilər ki, həyat elə bundan, bu maddi mövzulardan, bu dünyanın içərisində olan bəhrələnmələrdən, dadmalardan, içmələrdən, istifadə etmələrdən ibarətdir.

Dünya iki cür vəziyyətdən ibarətdir

Ayədən belə başa düşülür ki, Quran bizə bu cür öyrədir ki, dünya iki vəziyyətdən ibarətdir: dünyanın bir zahiri, bir də batini var. Bu ayədən anlaşılır ki, o kəslər ki, axirətdən qəflətdədirlər, o kəslər ki, bu dünyanın müvəqqəti olmasının, keçid olmaqlığının, ötəri olmaqlığının fərqində deyillər - onlar qəflət edirlər, unudurlar ki, bu dünya axirət üçündür.

Hər kimin dünyaya baxışı bu cür olar, dünyadan zahiri təsəvvürü olar - belələri dünyanın zahiri ilə yaşamış olarlar. Onlar dünya həyatının zahirini bilirlər və axirətdən tam qəflət ediblər, axirətin mahiyyətini unudublar.

Təfsirlərdən başa düşülür ki, dünyanın bir zahiri və bir də batini var. Bu ayədən anlaşılır ki, axirəti, aqibəti unudanlar, buranın müvəqqətiliyini unudanlar - belə hallarında dünyanın ancaq zahiri istedadlarından, imkanlarından, dərəcəsindən bəhrələnə bilərlər.

Bir də var ki, insan dünyanın batinindən, həqiqətindən, gerçək nə üçünlüyündən xəbərdar olsun. O zaman bu dünya dəyər yerinə, təkamül məkanına, aqibət qazanılma yerinə çevrilər.

Kərbəlada iki cəbhə üz-üzə idi

Kərbəla səhnəsində iki cəbhə üz-üzə idi. Bir cəbhə dünyanın mahiyyətini tanımışlar, dünyanın batininə bələd olanlar, dünyanın axirət üçün olduğunu bilənlər idi. Onlar bu dünyanın zahiri mövzularına aldanmırdılar. Sona qədər zahiri məsələlər onları öz yolundan döndərə bilmədi.

Amma qarşı tərəf ki, onlar dünyanın gerçək mahiyyətini anlamamışdılar, dünyanın ancaq zahirini anlamış oldular - onlar sona qədər o ağır cinayətləri də həyata keçirdilər.

Ayədən öyrənilməli mövzumuz budur ki, bizlər diqqətli olmalıyıq ki, dünyanın məşğuliyyətləri, dünyanın içərisində olan cürbəcür bər-bəzəklər, materialistik, məhdud, yalnızca maddi müstəvidə hesablanmış nəsnələr bizi aldadıb özünə çəkməsin. Əgər o cür olsa, aldanmışlardan, itirmişlərdən olarıq.

Əsri-Aşuradan sonra yola çıxan karvan

Əhli-Beytin (ə), Kərbəla əsirlərinin çətin, ağrılı günləri yaşanır. Aşuranın əsrindən başlayaraq yeni bir karvan yola düşür.

Əgər Məkkədən Kufəyə yollanan karvanın missiyası, hədəfi Həzrət İmam Hüseynin (ə) qiyamı idisə, haqq uğrunda şəhidliyi qəbul edənə qədər getmək və İslamı diri saxlamaq üçün pak qanları vermək idisə, Əba Əbdullahın (ə) şəhidliyi baş tutandan sonra bu məktəbi çatdırmaq, ötürmək missiyası başlanır.

Əgər Aşura gününə qədər hədəf - Həzrət Peyğəmbərin (s) gətirdiyi dini diri saxlamaq idisə, Aşuranın əsrindən sonra bu məktəbi çatdırmaq, baş verənləri çatdırmaq missiyası önə çıxır.

Bunların hər ikisi önəmli idi. Biz bəzən haqq olan bir işin edilməsinin əhəmiyyətini anlayırıq, amma o haqq bir işin çatdırılmasına bir o qədər də diqqət etmirik. Halbuki, Aşura məktəbi bizə öyrədir ki, bu, iki istiqamətli bir mövzudur. Biri - həqiqətin özü, ikincisi - həqiqətin çatdırılmasıdır.

Tarixdə çox olub ki, həqiqətlər çatdırılmayıb, həqiqətlər təhrif olunub, həqiqətlər baş vermiş hadisələrin haqqı olan qədər topluma, gələcək nəsillərə çatdırılmayıb. Amma, Aşura və Həzrət İmam Hüseynin (ə) mübarək şəhidlik məktəbi bu mənada istisnavi müsbət durumdadır. Çünki, ilk gündən bu məktəb çatdırılıb, fasiləsiz çatdırılıb, təhrifsiz çatdırılıb.

Qırx gün hər kəs bunun canlı şahidi olub və hər il də - bircə il belə, fasilə olmadan - bu həqiqət yaşanıb, insanlar əzadar olub. Hər kəs ki, əzadardır - o həqiqəti çatdıranların siyahısındadır.

Əzadarlıqlarda iştirak edən hər bir kəs Xanım Zeynəbin (s.ə) missiyasını, mandatını yerinə yetirir, olmuş həqiqətləri çatdırmaqla məşğuldur.

Elə ki, əzadarlar qaraları əyinlərinə geyinirlər - bəyan edirlər ki, çatdıracaq sözlərimiz var.

Elə ki, məclislərə yığılırlar - bəyan edirlər ki, bizim yad ediləcək mövzularımız var.

Elə ki, olanlar minbərlərdən xatırlanır - əslində Xanım Zeynəbin (s.ə) missiyası davam etdirilir.

Hər gün həqiqətin bir hissəsi yad olunur. Birinci gecədə Müslim ibni Əqil (ə), ikinci gecədə Aşura karvanının Kərbəlaya gəlib yerləşməsi, üçüncü gecədə Həzrət Rüqəyyə (s.ə), beşinci gecədə Həzrət Həbib ibni Məzahir (r.ə) və Züheyr (r.ə) yad edilir, sonra Qasim (ə), sonra Əli Əsğər (ə), sonra Əli Əkbər (ə), sonra Əbülfəzl Abbas (ə) yad edilir.

Bunların heç biri səbəbsiz deyil. Yad edilməli o qədər məsələlər, mövzular var. On gün bunu yaşatma, çatdırma, ötürmə - olduqca önəmli missiyadır. Rövzələr əslində Xanım Zeynəbə (s.ə) xas bir yoldur, olmuşları ən gözəl duyğularla, ruhiyyə ilə, halla çatdırmaqdır. Mərsiyələr, növhələr, rövzələr - insanda mütəali ruhu qaldıran məsələlərdir.

Məhərrəm-Səfər əyyamını yaşamaq hər kəsə dirilik verir

Bunlar insanın qəlbinin dirilməsinə xidmət edir. Bizlər Məhərrəm-Səfər əyyamında dirilik tapmışıq, yenidən həyata gəlmişik, varlığımızın susuzduğu dəyərlərlə yenidən qidalanır.

Biz bu əyyamda varlığımızın içərisində gedən savaşda Hüseyni (ə) tərəflə yezidi (lən) tərəf arasında seçim edə bilirik. Bizim içərimizdə hər gün bu savaş gedir. Bir tərəfdən ağıl, eşq, bir tərəfdən həvayi-nəfs - bunlar bizi zidd qütblərə doğru aparır.

Biz bu savaşın içərisində eşqin, ağılın müttəfiqləri ilə tanış olmuşuq. İçərimizdə bir mərəkə qopub. Biz cənab Hürrlə (r.ə) tanış olmuşuq. Biz anlamışıq ki, ən aşağı yerdən ən aliyə qədər ucalmaq mümkündür.

Biz anlamışıq ki, Züheyr (r.ə) kimi yaşamaq - başımızı birtəhər işə-gücə qatıb yaşamaq deyil, Hüseynin (ə) çağırışına qoşulmaqdır. Yalnız bununla dirilik tapmaq mümkündür.

Biz anlamışıq ki, zahirlərimiz, rənglərimiz, mənsəbimiz həlledici deyil. Con kimi yaşamaq mümkündür - zahirən bir qul, bir kölə halında olaraq, ən ləyaqətli olmaq və ən ətirli olmaq mümkündür.

Biz anlamışıq ki, bu məktəbdə hər şey var - ailə var, dəyərlər var, xanımın, ananın, bacının, qardaşın, övladın, yeniyetmənin, qocanın, cavanın necə olmalı olduğunun dərsləri var. Hər kəs bu məktəbdə özünü tapa bilər.

Kərbəla həqiqətlərini çatdırmaq missiyası

Kərbəla həqiqətlərini çatdırmaq - çox önəmli missiyadır. Xanım Zeynəb (s.ə) karvanın yolunun bu hissəsində, bu mərhələsində rəhbərliyi öz üzərinə götürür. Ağılla, tədbirlə öz missiyasını aparır.

Amma birinci gün çox çətin idi. Birinci çox ağır olmuşdu. Birinci gün yeni bir gün idi. Əsri-Aşuradan sonra gözlənilməz hadisələr baş verirdi. Tamam gözlənilməz idi ki, bu qədər müsəlman bu dərəcədə tənəzzül etsin, müsəlman adında olan insanlar cinayətlərə əl atsın. Həzrət İmam Səccad (ə) buyurur: "And olsun Allaha, hər vaxt ki, bibilərimə və bacılarıma baxıram, qəhər məni boğur və onların başına gətirilənləri xatırlayıram. O vaxtı xatırlayıram ki, onlar bir xeymədən başqa xeyməyə qaçmaq məcburiyyətində idilər. O anı yadıma salıram ki, necə yezidilər (lən) qoşununun sözcüsü qışqıraraq, fəryad çəkərək, "bu zalımların xeymələrini yandırın", - dedi".

Bir uşağın yerini bir otaqdan başqa otağa dəyişsən - deyər ki, yerim narahatdır. Bir qədər yeməyimiz soyuq olanda - çoxumuz narahat oluruq, yerimiz narahat olur - deyirik narahatdır, isti olur - narahatdır, soyuq olur - narahatdır...

Həzrət Peyğəmbərin (s) Əhli-Beyti (ə), İmam Hüseynin (ə) əzizləri elə bir halda idi ki, İmam Səccad (ə) buyurur ki, mən bibilərimə və bacılarıma baxanda qəhər məni boğur, o anları xatırlayıram ki, onlar bir xeymədən başqa xeyməyə qaçırdılar. İşə bax ki, tarixin ən zəlil, ən zalım kəsləri Əhli-Beytə (ə) zalım deyirdi! Bundan daha böyük nə müsibət ola bilər?!

Amma bütün bu müsibətlərə baxmayaraq, Xanım Zeynəb (s.ə) hər gecə Allahla raz-niyazında olur, gecə namazlarını belə, tərk etmir. Amma, Həzrət Zeynəb (s.ə) bəzi gecələri namazını ayaq üstə qıla bilmir. Tarix yazır ki, Xanım (s.ə) onlara verilən az miqdar çörəyi də Hüseynin (ə) o ac balarına verirdi, ona görə, namazını ayaq üstə qılmağa taqəti olmurdu...

Təbərrük üçün İmam Hüseynin (ə) məqamını tanıtdıran buyuruşa və eləcə də, o Həzrətin (ə) mövqeyini izah edən bəzi buyuruşlara diqqət edək.

Allahın Peyğəmbəri (s) buyurub: "Kim yer üzünün göy əhli yanında ən sevimli şəxsinə baxmaq istəyirsə, Hüseynə (ə) baxsın".

İmam Hüseyn (ə) küfəlilərə yazdığı məktubunda buyurmuşdur: "Öz canıma and olsun ki, imam və rəhbər yalnız o kəsdir ki, Allahın Kitabı əsasında hökm çıxarır, ədaləti bərqərar edir, haqq dinə tabedir və Allah qarşısında nəfsini cilovlayır".

İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının birində buyurmuşdur: "Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!".

İmam Hüseyndən (ə) münasibətlərə, rəftarlara, dünyagörüşünə aid çoxlu hədislər nəql edilib. Onlardan bəzilərinə diqqət edək.

İmam Hüseyn (ə): "Əlaqə yaratmaqda ən güclü şəxs - onunla əlaqəsini kəsmiş şəxslə əlaqə yaradan şəxsdir".

İmam Hüseyn (ə) buyurub: "Ən səxavətli insan - ona ümid bəsləməyənə bəxşiş edəndir".

İmam Hüseyndən (ə) belə nəql edirlər: "Kim öz nəzərində bir çıxış yolu tapmayıb çarəsiz qalarsa, mülayimlik onun müşkülünün həllinə açar olar".

İmam Hüseyn (ə): "Möhtac insan, xahiş etməklə öz hörmətini və abrını tökmüşdür. Sən də, onu naümid etməməklə öz abrını və hörmətini saxla".

İmam Hüseyn (ə) Ərəfə gününün duasında buyurur: "İlahi! Özün tərəfindən gəlbimə elə bir qorxu sal ki, sanki Səni görürəm. Təqva və Özündən qorxu vasitəsi ilə məni xoşbəxt et, günah və itaətsizliklə məni bədbəxt etmə".

Allahım, bizləri həqiqi əzadarlardan qərar ver!

Allahım, bizlərə Xanım Zeynəb (s.ə) missiyasını layiqincə davam etdirməyi, Kərbəla məktəbini yaşatmağı və çatdırmağı nəsib et!

Allahım, bizləri dünyanın batinini tanıyanlardan və aqibət üçün dünyanı gözəl yaşayanlardan qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 329
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri