Quranın Qadına Münasibəti Necə Dəyişdi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 720
Səs ver:
(səs: 2)

İslama qədər Qədim Çin, Hindistan, Roma və ərəb cəmiyyətlərində qadına çox pis münasibət olub. Bu dövrdə qadının cəmiyyətdə heç bir fərdi və ictimai hüququ yox idi. Hətta qadınların yaşamaq hüququ da kişilərdən asılı idi. Qədim Hindistanda qadınları həyat yoldaşları ilə bir yerdə yandırırdılar. Hətta bəzi cəmiyyətlərdə qida çatışmayanda qadınların ətini yeyirdilər. Ərəblər isə qız uşağı doğulanda kədərlənir, hətta diri-diri torpağa basdırırdılar. Bu barədə Qurani-Kərimdə belə yazılır: "Verilən müjdənin pisliyi üzündən tayfasından gizlənər. Görəsən körpəni zillətdə saxlayacaq, yoxsa torpağa basdıracaq. Necə də pis mühakimə edirlər! («Nəhl» surəsi, ayə 59). Cahillik dövründə qız uşaqları övlad sayılmır, nəslin davamı oğlanlar hesab olunurdu. Hətta anaya övladı bir müddət özündə saxlayıb sonra azad edən qab kimi baxırdılar. Müqəddəs kitabların təhrif olunmuş qanunlarına əsasən, yəhudi dinində də qadın, qız abırsızlıq və rüsvayçılıq mənbəyi hesab olunurdu. Atəşpərəstlik dinində isə qadın insan yox, əşya adlandırılırdı. Qadın o qədər dəyərsiz idi ki, hətta danışmaqda, fikirləşməkdə və hərəkətlərində belə heç bir ixtiyar sahibi deyildi. Qadın Adəmi Cənnətdən məhrum edən, hələ də şeytanın əlindəki silah olan Həvvanın təmsili, təcəssümü hesab edilirdi. Dinlərin ən humanisti olan İslam dininin yaranması və Quranın nazil olmasından sonra cəmiyyətdə qadına münasibət dəyişdi.

İslamın yaranması ilə qız uşaqlarına münasibət
İslam dininin yaranması ilə ilk olaraq qız uşaqlarına ərəb cəmiyyətində münasibət dəyişdi. Qurani-Kərim müxtəlif əsaslarla oğlan və qızı eyni bilir, köhnə adətləri kökündən sarsıdır. İslam dini oğlanla qız arasında heç bir fərq qoymur, qızın dünyaya gəlişini Allahın əta etdiyi hədiyyə hesab edir. Hətta Qurani-Kərimdə qızın doğuluşu bir hədiyyə kimi qeyd olunur. «Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir». («Şura» surəsi, ayə 49). İslamda buyurulur ki, «Qız övladlarını böyüdüb, onlarla yaxşı rəftar edənlər üçün qızları Cəhənnəm atəşinin müqabilində sədd olacaq və valideynlərini qoruyacaqlar». İslam Peyğəmbəri (s.ə.s) qadınlara hörmət etməklə, xüsusilə də qızı Fatiməyə (ə) ehtiram göstərməklə cahiliyyət dövrünün xurafi adət-ənənələrini məhv etmişdir. Peyğəmbər (s.ə.s) buyurur: «Öz qızlarınızı yaramaz (xoşagəlməz) saymayın! Həqiqətən, qızlar insanın ən gözəl və qiymətli ünsiyyət simvoludur». İslam Peyğəmbəri (s.ə.s) qızı Fatiməyə (ə) ehtiram etməklə başqalarına nümunə olmuşdur. O, başqa bir yerdə də buyurur: «Övladlarınıza hədiyyə verərkən ədalətə riayət edin! Oğlanlara, yaxud qızlara hədiyyə verməkdə tərəddüd edərsinizsə, bu zaman qızları tərcih edin!». Beləliklə, İslam dini qız uşaqlarına münasibəti dəyişdi, onların hüquq və vəzifələrini müəyyən etdi.
İslamın qadına verdiyi hüquqlar
İslamda qadın müqəddəslik və paklıq rəmzi, xeyir-bərəkət sahibi kimi tanındığı üçün misilsiz qiymət və hörmətə layiq görülür. Hər hansı bir qadının dəyəri, həmin cəmiyyətin dəyəri deməkdir. Qadına, onun saysız-hesabsız xidmətlərinə və kamalına dəyər vermək, əslində, cəmiyyətin bütün təbəqələrini qiymətləndirmək deməkdir. İslamın hüquq sistemində ailə ocağının dolanışığını təmin etmək məsuliyyəti kişiyə aiddir. Qadın isə dolanışığını təmin etmək dərdindən xilas olmuşdur. Qadın beləcə ailə vəzifələrini yerinə yetirmək və övladlarını tərbiyə etmək fürsətini əldə edir. Nikahın bağlanmasından sonra qadın kişinin üzərində maliyyə haqqı qazanır. Yəni evin kişisi yoldaşının dolanışığını və rifahını təmin etmək və ona aliment ödəmək vəzifəsini boynuna götürür. Kişi, həmçinin mehr adlı bir miqdar mal və mülkü qadının təşəbbüsünə və mülkiyyətinə buraxır. Kişi evlənərkən maddi imkanları çərçivəsində razılaşaraq qadına mehr verir. Cahiliyyət dövründə qadının zəhmət haqqı ata, qardaş tərəfindən mənimsənilirdi. Quran aşkar şəkildə onlara kişilər kimi iqtisadi müstəqillik verdi: «Kişilərin öz qazandıqlarından öz payı, qadınların öz qazandıqlarından öz payı vardır». Quran həm də kişilərlə yanaşı, qadına da irs hüququ verdi. «Ata, ana və yaxın qohumların qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür».
İslamda boşanma
Qurani-Kərimdə nikah bağının kişinin əlində olması bəyan edilmişdir. Qadının sosial cəhətdən zəif, psixoloji baxımdan daha çılğın, tez qərar verən, ehtirasa daha tez qapılan və daha emosional olması nəzərə alınmışdır. İslam dini boşanmaq mövzusunda da onların hər ikisi üçün məxsusi hüquqlar müəyyənləşdirmişdir. İslam dini boşanmaq hüququnu kişilərə versə də, qadınlara da müəyyən yollar və üsullarla evliliyi ləğv etməyə haqq, hüquq verir. Əgər ərlə-arvad ayrılacaq olarlarsa, Allah hər birini fəzl və kərəmi ilə (təmizliyi, ləyaqəti ilə) ehtiyacdan azad edər. Allahın lütf və inayəti genişdir. O, tam bir hökm və hikmət sahibidir. («Nisa» surəsi , ayə130). Peyğəmbər Həzrət Məhəmməd (s.ə.s) boşanmaq haqqında belə demişdir: «Talaq Allah nəzdində ən sevimsiz halal və mübahdır», «Evlənin, amma boşanmayın. Çünki Allah zövqünə düşkün kişi və qadınları sevməz». İslam hüququ boşanmanın bütün hallarını nəzərə almış və qadınlara xırdalıqları ilə izah etmişdir. Boşanmaq İslam dinində evlilik davam etməzsə, baş vurulan son çarədir. Allah Quranın «Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın...» «Bəqərə» surəsinin 231-ci ayəsiylə, insanlara qadınları boşadıqları zaman gözəlliklə buraxmalarını bildirmişdir. Evlənərkən, ya da evləndikdən sonra bir-birlərinə qarşı necə sevgi və hörmət bəsləyirdilərsə, bu əxlaqlarını boşanma əsnasında da qoruyarlar. Boşanma aralarında mübahisəyə, ya da incikliyə səbəb olmur. Qarşı tərəfi çətinliyə salan, narahat edən hərəkətlər etməkdən çəkinirlər. Allah Quranın başqa bir ayəsində boşanılan qadınlara qarşı göstərilməli olan əxlaqı bu şəkildə bildirmişdi: «Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. Belə olduqda onlara bir şey verib gözəl tərzdə sərbəst buraxın!» («Əhzab» surəsi, ayə 49).
İslamda qadın həyat yoldaşı kimi
Qadın elə bir kişi ilə icdivac etmək istəyir ki, sədaqətli və ailəsini dolandırmağa qadir olsun. İslam dini qadının müstəqil şəxsiyyətinə təminat vermişdir. Onun tam razılıq, könül xoşluğuyla və heç bir təzyiqə məruz qalmadan ərinə verdiyi sərvətdən başqa heç nədə həyat yoldaşının payı yoxdur. İslamda buyurulur ki, ailə quran hər bir şəxs öz yoldaşını əzizləyib hörmət etməlidir. Allah Rəsulu (s.ə.s) ərini qəzəbləndirən və xoşhal edən qadınlar haqqında belə buyurmuşdur: «Vay olsun o qadına ki, ərini narahat edib qəzəbləndirər və xoş o qadının halına ki, ərini özündən razı edər». Eləcə də İslam kişilərdən də öz həyat yoldaşlarına qarşı nəzakətli olmağı tələb edir. «Hər kim zövcəsini günahı olmadan vursa, qiyamətdə mən onun düşməniyəm. Qadınlarınızı vurmayın. Çünki hər kim zövcəsini nahaqdan incitsə, Allaha və Peyğəmbərə qarşı günah etmişdir» - Əfəndimiz belə buyurur. Daha sonra Allahın Rəsulu (s.ə.s) deyir: «Qadınlarınıza olan məhəbbətinizi izhar edin, bu halda onların sizə əlaqə və xatircəmliyi çoxalacaqdır». Peyğəmbər (s.ə.s) digər bir hədisdə qadınların psixologiyasına işarə edərək buyurur: «Kişinin qadınına söylədiyi səni sevirəm kəlməsi heç vaxt onun qəlbindən silinməz. Bu da, qadın ərinə eşq göstərməsinə, çətinliklərdə ona arxa və kömək olmasına səbəb olar. Qadının isə öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür». Qadın kişidən icazəsiz evdən bayıra çıxa bilməz. Qeyd etmək lazımdır ki, bu hüquqdan tam istifadə edən ailələr arasında söz-söhbətlər daha çox müşahidə edilir. Kişi gərək güzəştə gedə, «sən getməsən, sənin üçün də getməzlər». Yəni kişi icazə verməlidir ki, xanımı evdən bayıra çıxsın, ya da özü aparsın. Ailə quran hər bir şəxs öz yoldaşını əzizləyib hörmət etməlidir. Həzrət Peyğəmbər (s.ə.s) buyurur: «Xanımını dili ilə incidib, onu razı salmayan şəxsin, Allah-Təala heç bir xeyir işini qəbul etməz. Gündüzlər oruc tutub, gecələr ibadət etsə də, Allah yolunda cihad etsə də, qul azad etsə də, Cəhənnəmə daxil olan şəxs olar». Əlbəttə, qadın da həmçinin kişiyə qarşı təvazökar və itaətkar olmalıdır.
Qadına münasibət
Məhəmməd Peyğəmbər buyurur: "Əlbəttə, qadınların ən yaxşısı çoxövladlı, qəlbi mehr-məhəbbətlə dolu, hicablı-örpəkli, iffətli, ərinin qarşısında təvazökar olan, qohumlarının yanında əziz olan, eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib (ancaq) yad kişilərdən gizlədən, ərinin sözünə can-başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır». Heç kəs öz bağı ətrafına hasar çəkən bağbana irad tutmur. Çünki hasarsız bir bağın zərər çəkəcəyi və bağ sahibinin isə ondan bir bəhrə götürməyəcəyi məlum məsələdir. Qadın bəşəriyyətin tərbiyəçisi və bilavasitə ailənin də tərbiyə ocağıdır. Cəmiyyət bu ləyaqətli tərbiyəçi olmadan səadətin nə olduğunu bilməyəcəkdir. Ailə isə hər şeyə cavabdeh, fərasətli və bacarıqlı olan ananın varlığını tələb edir. Uca Yaradan qadını bu gözəl və hikmətli yaranış sistemində belə bir mövqedə yerləşdirib. Qadın varlığın mərkəzi, ailənin eşq və məhəbbət bazası, səfa, səmimiyyət, bəxşiş və bütün məxluqata ülfət və mehribanlıq məktəbidir. 
İslamda qadın ana kimi 
Anaların gələcək nəsillərin tərbiyə edilməsində rolu əvəzedilməzdir. Ana Allah və cəmiyyət qarşısında uşaqların tərbiyəsi sahəsində böyük məsuliyyət daşıyır. «Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir". ("Loğman" surəsi, ayə14). Həqiqətən də hər ana uşağını dünyaya gətirmək üçün aylarla böyük əziyyətlərə dözür. Allahın ayədə bildirdiyi kimi, anası onu əziyyətlə daşımış və yenə də əziyyətlə dünyaya gətirmişdir. Sonra yenə böyük fədakarlıqla uşağın bəslənməsini də boynuna götürmüşdür. Allah bu gerçəkləri insana xatırladır və ananın çox qiymətli varlıq olduğuna diqqət çəkir. Hədislərin birində buyurulur: "Behişt (Cənnət) anaların ayaqları altındadır".




(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri