Əqiqə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 389
Səs ver:
(səs: 1)

Müstəhəbdir ki, yeni doğulmuş uşağın yeddinci günündə heyvan kəsilsin. Buna fiqh elmində "əqiqə etmək” deyilir. Əgər üzrlü yaxud üzrsüz səbəbə görə körpənin yeddinci günündə əqiqə etməsələr, onu sonrakı günlərdə də edə bilərlər. Hətta bir kəsin uşaqlıq dövründə onun üçün əqiqə etməsələr müstəhəbdir ki, həddi buluğa çatdıqdan sonra özü özü üçün əqiqə etsin. ("Minhacus-salihin” Ayətullah Seyid Əli Sistani cild 3 məsələ 394; Xoyi, Təbrizi cild 2 məsələ1384; Xorasani cild 3 məsələ 1384)
Qurbanda deyilmiş şərtlər əqiqədə də mövcuddur (yəni heyvanın qüsursuz olmağı, yaşı və s.). Əqiqə olaraq qoyun, keçi, inək və ya dəvə kəsilməlidir. Lakin ən yaxşısı budur ki, qoyun kəsilsin. İmam Cəfəri Sadiq (ə) buyurur: "O (əqiqə) qoyun ətindəndir. Qurbanın yerində deyil. Hər hansı bir qoyun olsa kifayətdir. Lakin ən xeyirlisi ən yağlı olanıdır.” ("Şərhi-lümə” cild 2, səh.482)
Əgər körpə oğlan uşağıdırsa erkəkheyvan, qız uşağıdırsa dişi heyvan kəsilməsi müstəhəbdir. İmam Cəfəri Sadiq (ə) buyurur: "Əgər sizlərdən birinin oğlan yaxud qız uşağı doğularsa onun yeddinci günündə oğlan uşağı üçün erkək, qız uşağı üçün isə dişi qoyunu əqiqə edin.”("Fiqhus-Sadiq” cild 22, səh. 286)
Müstəhəbdir ki, əqiqə ediləcək heyvanın əti yağlı olsun.
Müstəhəbdir ki, əqiqə kəsilərkən hədislərdə nəql olunmuş dualardan oxunsun. O dualardan biri də aşağıda qeyd olunmuş duadır.
Kərxinin İmam Cəfəri Sadiq (ə)-dan nəql etdiyi dua:
"Bismillah və billah, Allahummə hazihi əqiqətun ən fulanin ləhmuha biləhmihi, dəmuha bidəmihi, əzmuha biəzmihi. Allahummə icəlhu viqaən li ali Muhəmmədin sallallahu əleyhi və alihi.” ("Şərhi-lümə” cild 2, səh.482)
Burdakı "fulanin” kəlməsinin yerinə əqiqə kəsilmiş uşağın adı qeyd olunmalıdır.
Əqiqəni onun qiyməti qədər sədəqə ilə əvəz etmək olmaz. Əgər əqiqə etmək mümkün olmasa bu zaman mümkün olacaq vaxta qədər gözləməli imkan tapan kimi isə əqiqə etməlidir.
İmam Sadiqdən (ə) soruşdular:
"Biz əqiqə axtardıq lakin tapa bilmədik. Onun pulunu sədəqə verməyimiz barədə nəzəriniz nədir?”
İmam Sadiq (ə) buyurdu: "Xeyr. Həqiqətən Allah (əqiqədə) yemək yedirilməyini və qan axıdılmağını (heyvan kəsilib ehsan edilməsini) sevir.” ("Şərhi-lümə” cild 2, səh. 483)
Müstəhəbdir ki, ətin dörddə bir hissəsi mamaçaya verilsin. Həmin hissənin ayaq və bud tərəfdən olması müstəhəbdir. ("Minhacus-salihin” Ayətullah Sistani cild 3, məsələ 395)
Əgər mamaça olmasa o zaman ona düşən payı ana sədəqə versin. Əqiqəni ata kəssə belə yenə də həmin payı ananın sədəqə verməsi müstəhəbdir. Hədislərdə qeyd olunanlara əsasən əqiqəni yalnız fəqirə sədəqə vermək lazım deyil. Onu istənilən şəxsə vermək olar. ("Şərhi-lümə” cild 2, səh. 483)
Həmin heyvanın ətindən atanın və onun ailəsinin yeməsi məkruhdur. Ehtiyata əsasən ana da onu yeməkdən çəkinməlidir. Ayətullah Sistani ananın o ətdən yeməsini məxsusi şəkildə məkruh bilir.İmam Cəfəri Sadiq (ə) buyurur: "Əqiqə edilmiş heyvandan kişi (uşağın atası) və onun ailəsindən olan heç kəs yeməsin.” ("Fiqhus-Sadiq” cild 22, səh. 291)
Yaxşı olar ki, ətin qalan hissəsi qaynadılaraq bişirlisin və qonaqlıq təşkil olunaraq möminlər dəvət olunsun. Daha yaxşı olar ki, möminlərin sayı ən azı on nəfər olsun. Qonaqlıqda süfrəyə yalnız əqiqə əti, çörək və duz qoyulmalıdır.
İmam Sadiq (ə) buyurur:
"Ondan (əqiqədən) on möminə yedirilər. Əgər (onların sayı) daha çox olsa daha da fəzilətlidir.” ("Şərhi-lümə” cild 2, səh.484)
Əqiqə olunmuş heyvanın sümüyünü sındırmaq məkruhdur. Bunun əvəzinə sümükləri oynaqlardan bir-birindən ayrırarlar. ("Şərhi-lümə” cild 2, səh.483). Bəzi yerlərdə əqiqə olunmuş heyvanın sümüyünü yığıb bir parçaya bükərək dəfn edirlər. Lakin bilmək lazımdır ki, bu əməlin şəri cəhətdən bəyənilən bir iş olmasına dəlalət edən heç bir dəlil yoxdur.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 6 389
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri