Ünsiyyət əxlaqı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 851
Səs ver:
(səs: 2)
 
İnsanlar balaca qəsəbə və kəndlərdə yaşayanda, kiçik şəhərlərdə məskunlaşanda, dar küçələrdə yan-yana keçəndə, məclis və mərasimlərdə bir araya tez-tez toplananda bir-birlərinin halından xəbərdar olurdular. Daha çox yaxınlıq edir, daha sıx əlaqə bağlayırdılar. Hal-əhval tutmaq, xəbər-ətər sormaq, dəstək və ya yardım etmək asan idi. Bu gün şəhərlər o qədər genişlənib ki, yaşayış mənzilləri o qədər çoxalıb və yaxın insanlar bir-birindən o qədər uzaqlaşıblar ki, hamı öz hayında qalıb, hay-haray edib çağıranı isə eşidən çox az və ya heç yoxdur. Fərdi azadlıq dediyimiz məfhumun çərçivəsi o qədər genişlənib ki, özünü inkişaf etmiş düşündükcə, başqaları ilə əlaqəsi də eyni zamanda zəifləməyə başlayıb. Əslində insanların bir-birlərilə əlaqələri mürəkkəbləşib və çətinləşibdir. Bu üzdən insanlar bir-birinə ya güvənmir, ya etibar etmir, ya çəkinir, qorxur, bir sözlə hər hansı bir formada uzaq durmağa yaxud yaxına buraxmamağa çalışır. 

Halbuki, İslam dininin əsas özəyi də elə odur ki, insanlar daim bir-birlərilə gözəl əlaqədə, xoş rəftarda və sıx ünsiyyətdə olsunlar. Baxırsan ki, insanların halı çox qəlizləşmiş və qəribələşmişdir. Kimisi ancaq yaxşı tanıdıqlarına salam verir, kimisi heç salam almır və ya məşğul olduğundan salam verməyə vaxt tapmır, kimisi də hətta salam verib almaqdan zəhləsi gedir. Ilk baxışdan belə bir hala, Peyğəmbərimizin sünnətinin tərk edilməsi kimi baxa bilərik. Amma məsələ getdikcə daha da təhlükəli olur. Sadəcə bir sünnət əməlini həyata keçirib keçirməməkdən deyil, insan bağlarının, cəmiyyət sütünlarının zəifləməsi və qırılmasından ibarətdir bu məsələ. Yalnız salam alıb vermək olsaydı kaş, amma dərd bununla bitmir. Qohum əqraba, qonum-qonşu, ər-arvad, valideyn övlad, iş yoldaşları və sairə kimi əziz və mehriban olması gərək olan əlaqələr, əzab-əziyyətə və nifrətə çevrilir. 
Hər gün eşitdiyimiz və xəbərlərdə gördüyümüz qohumlar və yaxınlar arasında baş verən cinayətlərin bəs səbəbi nədir? 
İlk qığılcım nədən və hansı addımdan başlayıb? 
Yaxşılıq etmək hissinin ölməsindən. 
Bir tərəfdən də əlaqəni kəsən, yaxınlıq etməkdən çəkinən insanlara da haqq qazandırmaq istəyir adam. Gözəl əxlaqlı, xoş rəftar və möminə yaraşan bir şəkildə mehriban insan olmağa çalışarkən biri, başqaları bu məqamdan fürsət kimi istifadə edib, öz mənfəətlərini həyata keçirməyə çalışırlar. Əksər hallarda da mənfəətlərini əldə etməklə yetinmir, bir də həmin adama arxadan zərbə vurub, yerə çökdürürlər. Peyğəmbərimizin, Onun əhli beytinin və səhabələrinin həyatını oxuyanda, insanlar arasında qardaşlığı necə qurduğunun şahidi oluruq. Bir-birinə yaxın olmayan, başqa şəhərlərdən, başqa ailələrdən, müxtəlif statuslardan, hətta bir-birinə düşmən sayılan insanları belə Rəsulullah Allahın izniylə qardaş etdi. Bunları xatırladıqca insanın içindən necə alovlu hisslər keçir. Amma müasir dövrdə, hətta müsəlman və özünün mömin olduğunu iddia edən insanlara baxırsan ki, nə qardaşlıq, hətta özünü doğru dürüst insan kimi apara bilmir. Müsəlman adına yaraşan şəkildə hərəkət etməyi bacarmır. 

Olanları-bitənləri, hadisələri, səbəb və nəticələri yazmaqla bitən deyil. Danışdıqca, xatırladıqca da insanın içi sızlayır, suyu bulanır, artıq məyus olmağa başlayır. Amma təbii ki, nə olur olsun məyus olmaq və geri çəkilmək olmaz. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurub ki; "İnsanlarla bir arada yaşayan, qaynıyıb qarışan və onların əziyyətinə səbr edən mömin, insanlara qarışmayan və onların əziyyətinə qatlanmayan mömindən daha xeyirlidir."
Əlaqələr zəiflədikcə, bir-birinə əziz və yaxın olacaq insanların rəftarları quru və soyuq olduqca, aralarında kin və nifrət artmağa başlayır. Gözlər bir-birinə baxanda nəfslərdə vəhşi hisslər, qəlblərdə qəddar duyğular oyanır. Hətta göz-gözə gəlməkdən ya qorxur ya da çəkinirlər. İnsanların içi o qədər sızlamağa və inciməyə başlayır ki, səbəbsiz yerə bütün insanlarla eyni cür rəftar etməyə başlayır. Bunun üçün yaxşılıq (ehsan) etmək gərəkdir. Başqasına yaxşılıq edən kəs əslində ilk öncə elə özünə yaxşılıq etmiş sayılır. Ehsanın ilk addımında həmin şəxs həmən qarşılığını və hətta demək olar ki, mükafatını alır. Rəbbimiz buyurur ki; "(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir." (Tövbə, 103).

Qəlbində iman olan şəxs tam əminliklə inansın ki, Rəbbi eşidən və bilən olduğu üçün, onun əməlini görür, həmən sədəqəsini qəbul edir, onu maddi və mənəvi olaraq paklaşdırır. Paklaşdırırsa, deməli içində olan kin-nifrət, qəlbində olan hiss-pas və sairə bütün mənfi duyğuları təmizləyir, onu sağlam edir. Sağlam olduqca da mömin daha irəliyə addımlaya bilir, Rəbbi tərəfindən müvəffəqiyyət qazanır. Çünki onun əməlini, sədəqəsini və ehsanını birbaşa Allah qəbul etmişdir. Buyurur ki, Rəbbimiz; «Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edər, sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!» (Tövbə, 104).
Gözəl rəftar, həmdəm və həmdərd olmaq, başqasının ağrısına səs vermək, bölüşmək duyğusu insanların içində, fitrətində saxlıdır. İnsan dünyaya gələrkən bunlar onun içində olur, bütün dəyişikliklər isə həyatının sonrakı dövründə baş verir. Heç görməmisinizmi, körpə uşaq başqa bir körpə uşağın ağladığını görən də, o da ağlamağa başlayır?! Bu hisslər əvvəldən var olsa da, sonradan bəslənilməsə, qorunmasa, işlədilməsə, azalıb yox olur. Boşuna deməmişdir Rəsulullah, iki barmağını birləşdirib göstərərək belə buyuranda; «Mən və yetimə baxan cənnətdə beləyik», yəni bu qədər yaxınıq. 

Çoxumuz uşaqlarımıza Qurandan surələr əzbərlədir, hədislər oxutdururuq. Onlar xeyir əmələ çağıran ayələri və hədisləri əzbərləyirlər, amma bir dəyişiklik hiss edə bilmirik, görmürük. Bu əzbərçilik o uşaqlara heç bir fayda vermir. Çünki onlar gün ərzində valideynlərinin əməllərinin şahidi olurlar. Valideynləri nəyi necə edir və insanlarla necə raftar edirlər, bunu görürlər. Valideynlər uşaqlarına yaxşılıq, ehsan və yardımlaşma kimi nümunələr göstərə bilmirlərsə, əzbərlənən ayələrin nə faydası olacaq ki?! Təbii ki, uşaqların tərbiyəsi və psixologiyasına yalnız valideynləri deyil, saatlarla oturduqları məktəb sinifləri, sinif yoldaşları, saatlarla ünsiyyətdə olduqları müəllimlər, ətraf mühit və media çox təsir edir. Bunun üçün valideynlərin tərbiyəsilə yanaşı, uşaq bağçası, məktəb, universitet və sairə tədris və təhsil ocaqları uşaqlara yalnız kitab dərsləri deyil, onlara mənəviyyat və insanlıq baxımından da marifləndirici dərslər keçməlidirlər. Bu işləri bir formada etmək lazımdır. Bu sadəcə müəllim, direktor yaxud rektorlardan asılı bir məsələ deyil ki, oturub onları gözləyib, nə olar-olar deyə əlimizi yanımıza salaq. Hər birimiz bacardığımız qədər, bildiyimiz vasitəylə bu məsələ uğrunda addım atmalıyıq, təşəbbüslər etməliyik. Mediaya öz təsirimizi göstərməyə çalışmalıyıq. Ən azından uşaqları medianın mənfi təsirindən qorumağı bacarmalıyıq. Uşaqlardan başlayarsa yaxşılıq və ehsan toxumları əkilməyə, sonradan cəmiyyət yaxşılığa doğru dəyişə bilər. Bu, çətin iş olsa da ən uğurlu iş sayılır. Ən azından, həyatının 30 ilini ehsan nədir bilmədən yaşayan insanı dəyişməkdən çətin deyil. 
Uşaqlara Allahı, Rəsulunu və insanları sevməyi aşılamağı bacarmalıyıq. 

İnsanları sevməyi bacarmaq özü, Allah təalanın böyük vergisidir. 
İbn Abbas (Allah ondan razı olsun) Allahın nemətləri haqqında danışarkən 3 məsələni qeyd edib və deyib ki; «Hansı bir yerə (torpağa) yağış yağıbsa, ona görə Allaha həmd etmişəm, sevinmişəm. Mənim o torpaqda nə qoyunum var, nə dəvəm var. Hansı qazinin ədalətini duymuşamsa, onun üçün Allaha dua etmişəm. Mənim o qazi ilə əslində heç bir məhkəmə işim yoxdur. Allahın kitabından hansı ayəni bilmişəm, öyrənmişəmsə, mənim öyrəndiyimi insanların da öyrənməsini istəmişəm, arzu etmişəm.» Insanlar üçün xeyri və yaxşılığı sevmək budur. Qəlbin sağlam, köksün kin və nifrətdən uzaq olmasıdır bu. 
Son olaraq, Rəbbimizin bir ayəsini xatırlayaq və Ona dua edək ki, bizi o ayədə qeyd olunanlardan etməsin, onlardan uzaq etsin və bizi islah etsin. Rəbbimiz buyurub ki;«O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. Biz (belə) kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!» (Nisa, 37)
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 851
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri