Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur? Cavab: Yuxarıdakı sual çoxlarını
düşündürür. Qurani-kərimin ayələrinə əsasən, belələri islahedilməz
olduqlarından, yaranış qanunları və iradə azadlığına əsasən öz başına
buraxılmışlar. Allah tərəfindən verilmiş bu möhlət, əslində onları
uçuruma aparır. «Ali-imran» surəsinin 178-ci ayəsində buyurulur: «Küfr
edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər. Biz
onlara möhlət verimişik ki, günahlarını daha da artırsınlar. Onlar üçün
zəliledici bir əzab vardır».
Bəzi ayələrdən məlum olur ki, bəzən Allah zalım və günahkarlara verdiyi
nemətləri hədsiz dərəcədə artırır və onlar ləzzət içində xumarlandıqları
zaman, qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz
firavanlıqdan sonra qəfil səfalət və zəlalət həmin insanlar üçün böyük
əzaba çevirilir. «Ənam» surəsinin 44-cü ayəsində oxuyuruq: «Onlar
edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını
onların üzünə açdıq ki, şadlansınlar. Sonra isə qəfildən bütün
verdiklərimizi geri aldıq. Bununla da, onlar hədsiz narahatlığa düçar
oldular».
Təsəvvür edin ki, bir zalım, kövrək budaqları qıra-qıra üzüyuxarı,
dayanmadan ağaca dırmaşır. Yuxarı qalxdıqca, daha da şad olur. Anlamır
ki, nə qədər yuxarıdan yıxılsa, bir o qədər də çox əziləcəkdir. Qəfil
tufan qopur və bir an əvvəl şadlıqdan oynayan sümüklər yerə qaxılıb,
xıncım-xıncım olur.