Bəni-Haşimin müdrik qadını

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 811
Səs ver:
(səs: 0)
(Xanım Zeynəbin (s.ə.) vəfatının ildönümü münasibətilə)

Zeynəbi-kübra Həzrət Muhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əli ibn Əbu Taliblə (ə) Fatime­yi-Zəhranın (ə) qızıdır. Hicri 6-ci il cəmadiyül-əvvəl ayının 5-də (miladi 627-ci il) Mədinədə doğulmuşdur. Adının mənası barədə iki əsas fərziyyə vardır. Bəziləri bu kəlməni "zeyn” və "əb” sözlərinin birləşməsi kimi qəbul edib, "atasının bəzəyi” şəklində tərcümə edir, bəziləri də bunu ağac və ya bitki adı sayırlar.

Zeynəb təqribən 5 yaşında ikən babasını və anasını itirmişdir. Daha sonra öz əmisi oğlu Abdullah ibn Cəfəri-təyyarla ailə qur­muşdur. Rəvayətə görə, Zeynəb Abdullaha ərə gedərkən onun qarşısında şərt qoymuşdu ki, istədiyi vaxt qardaşı Hüseynin (ə) yanın­da olmasına, hətta uzaq səfərdə belə, Onu müşayiət etməsinə icazə versin.

Abdullahla izdivacdan Zeynəbin dörd oğlu və bir qızı doğuldu. Oğullarının adı Əli, Övn, Mühəmməd və Abbas, qızının adı isə Üm­mi-Külsum idi. Deyirlər ki, Müaviyə Həzrət Zeynəbin qızı Ümmi-Külsumu öz oğlu Yezid üçün almaq və gələcəkdə Yezidin nəslindən olanların hakimiyyət hüququnu bu yolla qanuniləşdirmək istəyirmiş. İmam Hüseyn (ə) Müaviyənin planından xəbər tutan kimi Ümmi-Külsumun kəbinini əmisi oğlu Qasim ibn Mühəmməd ibn Cəfəri-təyyara kəsdi.

Hicri 60-cı ildə Həzrət Hüseyn (ə) Kufə istiqamətində yola çıxarkən Zeynəb həyat yoldaşı Abdullahın icazəsi ilə iki oğlunu (Mühəmməd və Övn) götürüb qardaşına qoşuldu. Kərbəla faciəsində Zeynəbin iki oğlu da sair şəhidlərin cərgəsində həlak oldu. Aşura faciəsi Zeynəbin gözləri qarşısında baş vermişdir. Lakin İmam Hüseynin (ə) tap­şırığı ilə o, düşmənin qabağında özünü sın­dırmamış, bütün müsibətləri mərdliklə qarşı­lamışdı.

Kərbəla hadisəsindən sonra əsir düşmüş Əhli-beyt qadınlarına və körpələrə başçılıq etmək missiyası Zeynəbin öhdəsində idi. Dördüncü İmam Zeynül-abidin (ə) bu zaman ağır xəstə olduğu üçün Zeynəb Ona qulluq etmək vəzifəsini də öhdəyə almışdı. Bütün bunlarla yanaşı, Zeynəb yolboyu öz atəşin xütbələri ilə camaata aşura qiyamının fəlsəfəsini çatdırır, Kərbəla hadisəsinin səbəblə­rini açıqlayır, Yezidin və əlaltılarının iç üzü­nü ifşa edirdi. Kufə şəhərinin küçələrində, Kufə valisi Übeydullah ibn Ziyadın hüzurun­da, eləcə də, Diməşqdə xəlifə Yezidin sara­yında Zeynəbin söylədiyi xütbələr Kərbəla şəhidlərinin qatillərini lərzəyə salırdı.

Həzrət Zeynəbin Diməşqdən Mədinəyə qayıtdıqdan sonrakı taleyi haqqında məlumatlar ziddiyyətlidir. Şiə rəvayətlərində hicri 62-ci ildə (miladi 681-682-ci illər) Yezid qoşun­ları tərəfindən Mədinədə törədilmiş qətlü-qarətdən sonra Zeynəbin Diməşqə getdiyi və orada həmin ilin rəcəb ayının 15-də (miladi 682-ci il) vəfat etdiyi bildirilir. Zeynəbin Di­məşqə getməsinin səbəbini belə izah edirlər: Mədinə qırğınından sonra şəhərdə qəhətlik baş verir. Abdullah ibn Cəfərin Şamda əkin sahələri vardı. O, həmin sahələrin məhsu­lundan faydalanmaq üçün Diməşqə yollanır, Zeynəbi də özü ilə aparır. Zeynəb burada vəfat edir və qədim Diməşq şəhərindən 7 km. şərqdə yerləşən Raviyə kəndində dəfn olunur. Hal-hazırda buralar Diməşqin Zeynə­biyyə məhəlləsi adı ilə məşhurdur. Həzrət Zeynəbin məzarı üzərində qızıl günbəzli, qoşa minarəli iri məqbərə tikilib. Məqbərə kompleksinin ümumi sahəsi 10 min kv.m.-dən artıqdır. Həzrət Zeynəbin məzarı gümüş zərihin içindədir. Məqbərənin hüdudları da­xilində bir neçə məzar vardır ki, bunlardan biri "Əyanüş-şiə” adlı fundamental əsərin müəllifi Möhsin Əmin Amüliyə məxsusdur. Görkəmli İslam mütəfəkkiri Əli Şəriəti də Zeynəbiyyədə dəfn edilib.

Əhli-sünnə mənbələrində isə göstərilir ki, Yezidin imzaladığı sürgün əmrindən sonra Zeynəb Misrə yollanmış, orada Misir valisi Məsləmə ibn Müxəllid Ənsari Xəzrəci tərəfindən ehtiramla qarşılanmışdı. Zeynəb Misirdə camaata İslam qanunlarını təlim edir, onların şikayətlərini valiyə çatdırıb həllinə nail olurdu. Bu nəzəriyyəyə görə, Zeynəb hicri 65-ci ildə (miladi 684-685-ci illər) Misirdə vəfat etmişdir. Məzarı Qahirə şəhərində böyük ziyarətgahdır.

Həzrət Zeynəbə "Zeynəbi-kübra” (böyük Zeynəb) deyilməsinin səbəbi budur ki, Fatimənin (ə) vəfatından sonra Əli ibn Əbu Talibin (ə) başqa qadından Zeynəb adlı daha bir qızı doğulmuşdur; yaşca kiçik olduğuna görə ona "Zeynəbi-süğra” deyirdilər.

Zeynəbi-kübranın məşhur ləqəbləri bunlardır: əqilə (çox ağıllı və müdrik qadın), ali­meyi-ğeyri-müəlləmə (heç kimdən öyrənmədən alim olmuş qadın), ümmül-məsaib (başı çoxlu müsibətlər çəkmiş qadın).

Həzrət Zeynəb hələ atasının sağlığında öz elm və biliyi ilə məşhur olmuş, qadınlara Quran təfsiridən və fiqhdən dərs demişdir. O, əsasən atası İmam Əli (ə) və anası Həzrət Fatimə (ə) vasitəsilə Peyğəmbərdən hədis rəvayət edirdi. İmam Zeynül-abidin (ə), İmam Hüseynin (ə) qızı Fatimə, Abdullah ibn Abbas və b. Həzrət Zeynəbdən hədis rəvayət etmişlər. Hətta bəzi rəvayətlərə görə, İmam Zeynül-abidin (ə) xəstə olduğu müddətdə Həzrət Zeynəb İmam Hüseynin (ə) vəsisi (canişini) olmuşdur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 811
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri