Əl-Haqqə (Haqq olan qiyamət) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - Haqq olan qiyamət! 2 - Nədir qiyamət?! 3 - Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?) 4 - Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar! 5 - Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi. 6 - Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu. 7 - Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. 8 - İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?! 9 - Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər. 10 - Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı. 11 - Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq. 12 - Ona görə ki, bunu (möminlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın! 13 - Sur bircə dəfə üfürüləcəyi; 14 - Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman - 15 - Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır! 16 - Və (göy) süst düşüb parçalanacaqdır! 17 - Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır! 18 - O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır! 19 - Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun! 20 - Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!” 21 - Bundan belə o, xoş güzəran içində, 22 - Yüksək bir Cənətdə olacaqdır. 23 - (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər). 24 - (Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!” 25 - Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi! 26 - Hesabımın nə olduğunu bilməyəydim! 27 - Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!) 28 - Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). 29 - Mülküm (səltənətim) də məhv olub getdi!” 30 - (Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın! 31 - Sonra da Cəhənnəmə atın! 32 - Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! 33 - Çünki o, böyük olan Allaha inanmırdı. 34 - O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı. 35 - Bu gün bax burda onun yaxın bir dostu yoxdur. 36 - İrindən başqa bir yeməyi də yoxdur. 37 - Onu ancaq günahkarlar yeyər!” 38 - And içirəm gördüklərinizə, 39 - Və görmədiklərinizə ki, 40 - Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür! 41 - O, şair sözü deyildir! Nə az inanırsınız! 42 - O, kahin sözü də deyildir! Nə az düşünürsünüz! 43 - O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. 44 - Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, 45 - Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! 46 - Sonra onun şah damarını qopardardıq! 47 - Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz. 48 - Şübhəsiz ki, bu (Quran) müttəqilərə bir öyüd-nəsihətdir. 49 - (Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik. 50 - Şübhəsiz ki, bu (Quran) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər). 51 - Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir. 52 - Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!