İslam dinimiz

Müəllif: Ayşə_gül
Şərhlər: 6
Baxılıb: 2 573
Səs ver:
(səs: 2)
"Həqiqətən, bu (İslam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin! Amma (insanlar) öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar”. (əl-Ənbiya, 21/92-93)
 
Həzrət Adəmdən (ə.s.) son Peyğəmbər Həzrət Muhammədə (s.ə.s.) qədər bütün nəbi və rəsulların təbliğ etdiyi dinin ümumi adı İslamdır: "Şübhəsiz, Allah yanında din, əlbəttə, İslamdır...” (Ali-İmran, 3/19) ayəsi bizə bu həqiqəti bildirir. Allah tərəfindən göndərilmiş bütün peyğəmbərlərin əsəs hədəfi tövhid prinsipini əvvəlcə qəlblərdə, sonra da qardaşlıq və vəhdət şüuru ilə cəmiyyətdə bərqərar etməkdir.
 
Təfsir alimlərinin bir qismi yuxarıdakı ayədə keçən ərəbcə "ümmət” kəlməsinin "din” mənasına gəldiyini bildirmiş, digər qismi isə bütün ilahi dinlərin İslam olduğunu nəzərə alaraq buradakı "ümmət” kəlməsini "vahid bir din cəmiyyəti” kimi izah etmişlər. Qeyd olunan ayənin keçdiyi "Ənbiya” surəsində müxtəlif zamanlarda və bölgələrdə Allahın dinini təbliğ etmək məqsədilə göndərilmiş bəzi peyğəmbərlərdən bəhs olunur. Onların təbliğ etdikləri dinin Allahın birliyinə, bənzərsiz və uca olmasına, yəni tövhid prinsipinə əsaslanan vahid bir din olduğu və Allahın ibadətə layiq olan yeganə varlıq olduğu bildirilir. Lakin ayədən anlaşıldığına görə zaman keçdikcə insanlar dinləri barəsində təfriqəyə düşmüş, Allahın göndərdiyi elçilərə qarşı çıxmış və tövhid əqidəsindən uzaqlaşmışlar.
 
Uca Rəbbimiz bu bölünmüşlükdən və parçalanmalardan xoşlanmadığını qeyd etdikdən sonra ayənin davamında "Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar,” - buyurur. Başlanğıcda Allahdan gəlmiş bəşəriyyətin sonda da Onun dərgahına qayıdacağına görə (əl-Bəqərə, 2/156) bu düşüncə çərçivəsində tövhid əqidəsini yaşamaq üçün cəhd göstərməlidir.
 
Allahın birliyini ehtiva edən tövhid əqidəsi Allaha inananların vəhdət halında olmasını zəruri hala gətirir. Uca Allah biz insanları fərqli qövm və qəbilələr şəklində yaratmasının hikmətinin bir-birimizi tanımağımız (təaruf) olduğunu qeyd etmiş, rəng, dil, millət və digər fərqliliklərin hər birinin bir ayə olduğunu bildirmişdir. Bu hal Qurani-Kərimdə belə ifadə olunur:
 
"Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan çox qorxanınızdır...”(əl-Hucurat, 49/13). Bu ayə bizə bütün insanların yaradılış baxımından eyni ata-anadan gəldiyini elan etməkdə və üstünlük meyarının yalnız təqva olduğunu bildirməkdədir.
 
Fiziki, ictimai, iqtisadi, mədəni və sair fərqliliklərə malik olan insanların bu fərqlilikləri zənginliyə çevirməsi, əqidə baxımından isə "tövhid” kimliyində (prinsipində) birləşməsi Quranın həyata keçirmək istədiyi hədəflərdəndir. Uca Rəbbimiz bu mövzuda: "Ey iman gətirənlər! Hamınız bir yerda sülhə (İslama) gəlin!...” (əl- Bəqərə, 2/208) buyurur. Allah-Təala (c.c.) Peyğəmbərimizə digər dinlərin nümayəndələrinə müraciətlə: "Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin, Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir- birimizi Rəbb qəbul etməyək.” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!” (Ah-İmran, 3/64) deməyi əmr edir.
 
Tövhid dini olan İslam qoyduğu əsas prinsipləri ilə daim vəhdəti öz şüarı halına gətirmiş, öz nümayəndələrinin birliyini təmin edəcək "qardaşlıq” prinsipini bir vasitə kimi irəli sürmüşdür. Belə ki, Quranda "Həqiqətən, möminlər qardaşdırlar” (əl-Hucurat, 49/10) deyə buyrulmuş, "Hamılıqla Allahın ipinə (Qurana) möhkəm sarılın və (bir-birinizdən) ayrılmayın!...” (Ali-İmran, 3/103) ayəsi ilə də cəmiyyətdaxili stabilliyi və əmin-amanlığı pozan hər növ təfriqə və bölünməkdən çəkinməli olduğumuz bildirilmişdir.
 
Biz yer üzü evinin sakinləri bizdən əvvəlki həmcinslərimizin gerçəkləşdirə bilmədiklərini həyata keçirmək və Rəbbimizin bizə yüklədiyi məsuliyyəti yerinə yetirmək məcburiyyətindəyik. Bu ayələrdə aralarında vəhdət yaradaraq insan şərəfinə layiq bir şəkildə sülh və tolerantlıq şəraitində yaşaya bilməmiş insanlardan bəhs olunarkən üstü örtülü bir şəkildə bizim hər birimizə də belə bir bölünmənin səbəbkarı olmamağımız barədə xəbərdarlıq edilir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 573
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri