Ey camaat! Allah bütün elmləri mənə öyrətmiş, mən də Allahın mənə öyrətdiyi bütün elmləri Əliyə öyrətmişəm.
Ey camaat! Əli (ə) barədə yolunuzu azmayın, ondan uzaq düşməyin və dediklərindən üz döndərib ona qarşı itaətsizlik göstərməyin.
Ey camaat! Allahın onu üstün tutduğu kimi siz də üstün tutun və onu tanıyıb qəbul edin. Çünki onu Allah seçib təyin edib.
Ey camaat! Bilin ki, o, Allah tərəfindən təyin olunmuş bir imamdır.
Buna görə də Allah onun vilayətini inkar edənləri bağışlamaz və heç vaxt
onların bu günahlarından keçməz!
Ey camaat! Allah bu fəzilət və üstünlüyü mənə əta edib və bunun vasitəsi ilə mənə minnət qoyub və mənə ehsan edib.
Ey camaat! Əlini yüksək tutun və ona ikram edin. O məndən sonra bütün
insanlardan – istər kişi olsun, istərsə də qadın - üstündür. Allah bizim
vücudumuzun bərəkətinə görə məxluqatına ruzi verir və onları saxlayıb
yaşadır.
Ey camaat! Bilin ki, o, "Cənbillah"dır. (yəni, onun vilayətini qəbul
etmək, Allaha itaət və bəndəlikdir). Allah-təala Öz nazil etdiyi kitabda
buyurur:
"Cənbillah" barəsində etdiyim səhlənkarlıqlara görə vay halıma!
Ey camaat! Quran üzərində dərindən düşünün, onun ayələrini dərk edin,
onda olan möhkəm ayələrə nəzər salın və mütəşabih ayələrin ardınca
getməyin. And olsun Allaha! Mənim əlindən tutduğum kəsdən başqa (yəni,
Əlidən (ə) başqa) kimsə sizə Allahın nəhy etdiklərini bəyan etməz və
həmin ayələrin düzgün izahını verə bilməz.
Ey camaat! Əli (ə) və nəslimdən olan pak imamlar "siqli-əsğər" (yəni,
çox böyük dəyərə malik olan kiçik əmanət) və Quran isə "siqli-əkbər"dir
(yəni, çox böyük dəyərə malik olan böyük əmanət). Bunların hər biri
digərindən xəbər verir. Bunların heç biri Behiştdəki Kövsər Hovuzunun
yanında mənə qovuşanadək digərindən ayrılmaz.
Ey camaat! Əli (ə) mənim qardaşım, vəsim, elmimin varisi, məndən sonra
ümmətim arasında və Allahın kitabının təfsirində mənim canişinimdir.
Allahın fərmanına əsasən deyirəm: "İlahi, onunla dost olanla dost,
düşmən olanla da düşmən ol!"
Ey camaat! Bilin ki, Allah sizin dininizi Əlinin (ə) imaməti ilə kamil
etdi. Kim ona və onun mənim nəslimdən olan övladlarına iqtida etməsə və
onları öz imamı kimi qəbul etməsə, o həmin kəslərdən olacaq ki, onların
əməlləri batil və özləri də etibardan düşmüş kəslərdir.
Ey camaat! Əli (ə) mənə sizin hamınızdan artıq kömək edib və mənim üçün
sizin hamınızdan daha yaxın və daha layiqlidir. Mütəal Allah da, mən də
ondan çox razıyıq.
Ey camaat! O, Allah dininin yavəri, Allah rəsulunun müdafiəsindən ötrü
döyüşçüdür. O, pak təqvalı və hidayət olmuş hidayətçidir. Sizin
peyğəmbəriniz (s) peyğəmbərlərin ən üstünü, Əli (ə) vəsilərin ən üstünü,
onun mənim nəslimdən olan övladları da canişinlərim və imamların ən
üstünüdür.
Hər bir peyğəmbərin canişinləri onun öz sülbündəndir. Mənim canişinlərim isə Əlinin sülbündəndir.
Ey camaat! Bilin ki, İblis Adəmi həsəd üzündən Behiştdən çıxardı. Elə
isə Əliyə (ə) həsəd aparmayın. Əgər belə etsəniz, əməlləriniz batil olar
və hədərə gedər, qədəmləriniz titrəyər.
Ey camaat! Allaha, Onun peyğəmbərinə və nazil etdiyi Nura iman gətirin!
Ey camaat! Mən sizi qorxudub çəkindirirəm. Mən Allahın sizin üçün
göndərdiyi elçisiyəm. Məndən öncə də peyğəmbərlər gəlib getmişdir. Məgər
ölsəm yaxud öldürülsəm keçmiş cahiliyyətinizə gerimi dönəcəksiniz?
Ey camaat! Müsəlman olduğunuza görə Allaha minnət qoymayın, yoxsa Onun
sizə qəzəbi tutar və sizə əzab göndərər. Həqiqətən, Allahın əzabı
günahkarların püsqusundadır.
Ey camaat! Məndən sonra sizə elə kəslər rəhbərlik edəcək ki, sizi ona
tərəf dəvət edib, Qiyamət günü də sizə heç bir kömək etməyəcəklər.
Ey camaat! Allah da, mən də həmin rəhbərlərə nifrət edirik.
Ey camaat! Onlar, onların tərəfdarları, ardıcılları və dostları Cəhənnəmin ən dərin qatlarına yuvarlanacaqlar.
Ey camaat! Mən imamət və xilafəti özümdən sonra sizin aranızda Qiyamət
gününə qədər irs və əmanət olaraq qoyub gedirəm. Mən sizə çatdırmaqdan
ötrü məmur olunduğum vəzifəmi yerinə yetirdim. Burada olanlar bunu qaib
olanlara çatdırsınlar.
Ey camaat! Allah, Onu, ayələrini, hökmlərini inkar etmələri üzündən hər
bir abadı bərbad edər. Allah sizin vəlinizdir. Bunlar onun vədələridir.
Allah vəd etdiyi hər bir sözdə haqlıdır və vəd etdiyi hər bir sözünə də
vəfa edər.
Ey camaat! Sizdən öncə bir çox ümmətlər yollarını azdılar. Allah da
onları məhv etdi. Allah keçmişdəkiləri də, gələcəkdəkiləri də məhv
etməyə qadirdir.
Ey camaat! Cənnətlə cəhənnəm arasında təfavüt çoxdur. Bizim
düşmənlərimiz Allahın lənət etdiyi kəslərdir. Dostlarımız da Onun
sevdiyi kəslərdir.
Ey camaat! Bilin ki, mən peyğəmbərəm, Əli isə mənim vəsim,
canişinimdir. Agah olun ki, axırıncı imam olan Həzrət Məhdiyyi-Qaim də
(ə) bizdəndir.
Ey camaat! "Həcc", "Səfa", "Mərva" və "Ümrə" ilahi mərasimlərdəndir.
Hər kəs Həcc, yaxud Ümrə ziyarətini yerinə yetirsə, iki dəfə təvaf
etməyinin heç bir eybi yoxdur.
Ey camaat! Allah evinin həcc ziyarətini yerinə yetirin. Bu ziyarəti
yerinə yetirən elə bir yoxsul yoxdur ki, sonradan dövlətli olsun və bu
ziyarətdən üz döndərən elə bir imkanlı şəxs yoxdur ki, sonradan fəqir və
yoxsul olsun.
Ey camaat! Həcc mərasimi zamanı Ərəfatda dayanan elə bir mömin yoxdur
ki, Allah onun bütün keçmiş günahlarını əfv edər və həcc mərasimi
bitdikdən sonra onun əməlləri yenidən yazılmağa başlayar.
Ey camaat! Hacılara kömək olunar, onların çəkdikləri xərclərin hamısı
ödənilər. Allah yaxşı əməl sahiblərinin səylərini zay etməz.
Ey camaat! Həcc ziyarətini düzgün din, fəhm və biliklə yerinə yetirin
və bu ziyarəti yerinə yetirərkən müqəddəs məkanlardan tövbə və
günahlardan qayıtmaqla geri dönün.
Ey camaat! Allahın sizə buyurduğu kimi namaz qılın və zəkat verin.
Əgər, müddət sizin üçün uzun olsa, ya səhlənkarlıq etsəniz, yaxud da
unutsanız, Əli sizin rəhbəriniz və (dini məsələləri) açıqlayanınızdır.
Ey camaat! Sizi hidayət etdiyim hər bir halal və çəkindirdiyim hər bir
haram olduğu kimi qalır. Mən onların heç birini əvəz etməmişəm. Agah
olun ki, əmr be mərufun başı budur ki, mənim nə dediyimi biləsiniz, onu
eşidib-bilməyənə çatdırasınız, ona həmin sözü qəbul etməsini göstəriş
verəsiniz və onu bu sözlə müxalifət etməkdən çəkindirəsiniz.
Ey camaat! Quran sizə imamətin Əlidən sonra onun övladlarına çatacağını
bildirir. Mən sizi agah etdim ki, onlar mənim və Əlinin nəslindəndir.
Allah-təala buyurur:
Onu nəslində həmişəlik bir söz qərar verdi.
Mən də sizə deyirəm həmin bu iki şeydən (Quran və itrətdən) yapışsanız, heç vaxt yolunuzu azmazsınız.
Ey camaat! Təqva! Təqva! Qiyamətdən qorxun. Allah buyurur:
Həqiqətən, Qiyamətin zəlzələsi çox böyük və dəhşətli bir şeydir.
Ey camaat! Sizin sayınız çoxdur və hamınız bir-bir gəlib beyət edə
bilməzsiniz. Allah-təala mənə göstəriş verib ki, sizdən Əlinin və ondan
sonra onun mənim nəslimdən olan övladlarının möminlərin rəhbəri və
xilafətin canişinləri olmağını dildə iqrar etməyinizlə söz alım. Elə
isə, siz də hamılıqla deyin: "Biz eşitdik və itaət edirik."
Ey camaat! Nə deyirsiniz? Bəs, elə isə, Allah hər bir gizli səsdən və
nəfəsdən də agahdır. Hər kəs hidayəti seçsə, onun öz xeyrinədir və hər
kəs də zəlaləti seçsə, öz zərərinədir. Hər kəs beyət etsə, Allaha beyət
edib:
Allahın (qüdrət) əli onların əllərinin üzərindədir.
Ey camaat! Allahdan qorxun, Əli, Həsən, Hüseyn və digər imamlarla beyət edin.
Ey camaat! Sizə dediklərimi deyin, Əliyə "əmirəlmöminin" kimi salam
verin və deyin: "Eşitdik və itaət etdik. Pərvərdigara, bizi bağışla,
axır dönüş Sənədir. Həmd olsun Allaha ki, bizi hadayət etdi. Əgər Allah
bizi hidayət etməsəydi, yolu tapmaz və hidayət olmazdıq."
Ey camaat! Həqiqətən, Əliyyibni-Əbutalibin (ə) fəzilətləri Allahın sizə nazil etdiyi Quranda kifayət qədər bəyan olunub.
Ey camaat! Hər kəs Allaha, Onun rəsuluna, Əliyə və sair imamlara itaət
etsə, həqiqətən də böyük bir hidayətə, böyük bir nicata nail olmuşdur
Ey camaat! Ona ilk öncə beyət edənlər, onu sevənlər, ona
"Əmirəl-möminin" kimi salam verənlər nicat tapacaq və nemətlərlə dolu
olan behiştlərdə olacaqlar.
Ey camaat! Allahın sizdən razı olmasına səbəb olacaq sözü deyin. Əgər
yer üzərində olan insanların hamısı kafir olsalar, Allaha heç bir ziyan
verə bilməzlər. İlahi, mömin və möminələri bağışla və kafirlərə qəzəb
et! Həmd olsun aləmlərin rəbbinə!"
Bu zaman hamı Peyğəmbərin (s) çağırışına cavab olaraq bir ağızdan uca
səslə dedi: "Bəli, eşitdik və Allahın, Onun Rəsulunun (s) göstərişinə
qəlbimiz, dilimiz və əllərimizlə itaət edirik."