Şübhəsiz ki, bunda ibrət var

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 358
Səs ver:
(səs: 4)
Uca Allah buyurur: "Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: "Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin. Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir".
Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, onları yer üzünə xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu!
Sonra onun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. Elçilər onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini beləcə möhürləyirik.
Sonra onların arxasınca Musanı və Harunu Firona və onun əyanlarına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir tayfa idilər.
Onlara Bizim tərəfimizdən haqq gəldikdə: "Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!"– dedilər.
Musa dedi: "Əcəba, sizə haqq gəldikdə: "Bu sehrdirmi?" deyirsiniz? Halbuki sehrbazlar uğur qazanmazlar".
Onlar dedilər: "Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik".
Firon dedi: "Bütün bilikli sehrbazları yanıma gətirin!"
Sehrbazlar gəldikdə Musa onlara dedi: "Nə atacaqsınızsa, atın!"
Onlar əllərindəki ipləri və dəyənəkləri atdıqda Musa dedi: "Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaq. Çünki Allah fitnə-fəsad törədənlərin işini düzəltməz".
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.
Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!"
Onlar dedilər: "Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə! Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar".
Biz Musaya və onun qardaşına: "Camaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!"– deyə vəhy etdik.
Musa dedi: "Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar insanları Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər".
Allah dedi: "Hər ikinizin duası qəbul olundu. Dəvətinizdə möhkəm olun və nadanların yoluna uymayın!"
Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: "İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!"
Firona deyildi: "İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan". Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir.
Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma.
Allahın ayələrini yalan sayanlardan da olma, yoxsa ziyana uğrayanlardan olarsan.
Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, ağrılı-acılı əzabı görməyincə iman gətirməzlər. Əzab gəldiyi an, Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət əhli olubmu? Yunusun qövmü iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər fani nemətlərdən faydalanmaq imkanı verdik.
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar" (Yunus, 71-100).

"Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o öz atasına və tayfasına: "Nəyə ibadət edirsiniz?"– demişdi.
Onlar dedilər: "Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik".
O dedi: "Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?"
Onlar dedilər: "Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük".
O dedi: "Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – həm siz, həm də ulu babalarınız? Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et! Atamı bağışla! Çünki o, azanlardandır. Onların dirildiləcəyi gün məni rüsvay etmə! O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!"
(Qiyamət günü gəldikdə) Cənnət müttəqilərə yaxınlaşdırılar. Cəhənnəm də azğınlara göstərilər. Onlara deyilər: "Hanı sizin sitayiş etdikləriniz – Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?"
Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar, İblisin bütün əsgərləri də habelə. Onlar orada höcətləşərək deyərlər: "Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik – o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz, nə də bizə canıyanan bir dostumuz var! Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!"
Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir" (əş-Şuəra, 69-104).
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2 358
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri