Mənə heç bir şeyi şərik qoşma

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 1 934
Səs ver:
(səs: 4)
"Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq:

"Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə!” İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq dəvələr üstündə gəlsinlər”. (əl-Həcc, 22/26-27)
İslam dininin beş əsasından biri olan və ilin müəyyən günlərində ibadət niyyəti ilə Kəbəni ziyarət etmək mənasını daşıyan həcc, hicrətin doqquzuncu ilində əmr buyurulub, mal və bədən ilə yerinə yetirilən ibadətdir. Lazımi şərtləri daşıyan hər bir müsəlman bu ibadəti mütləq yerinə yetirməyə borcludur. Belə ki, ayədə "... gücü çatanların həcc etməsi Allahın insanlar üzərindəki bir haqqıdır...” (Ali-İmran, 3/97) ifadəsi bu həqiqəti bizə bildirir.
Həcc maddi və mənəvi, dünyəvi və üxrəvi, fərdi və ictimai tərəfi olan bir ibadətdir. O, bir tərəfdən bəndənin Allaha, peyğəmbərə, axirətə, qısaca - bütün iman şərtlərinə könüldən bağlanmasının bir əlaməti olduğu halda, başqa bir tərəfdən bizim səmimiyyət, səbir, qardaşlıq, sevgi, hörmət, fədakarlıq, bölüşmə və s. əxlaqi fəzilətlər qazanıb, tətbiq etmə imkanı tapdığımız bir sahədir.
Həcc islamdan əvvəl bilinən qədim ibadətlərdən biridir. Kəbə isə Yer kürəsində Allaha ibadət üçün inşa edilən birinci binadır. Əlaqədar ayələrdən də başa düşdüyümüzə görə, həzrət İbrahim (ə.s.) oğlu həzrət İsmail (ə.s.) ilə Kəbənin inşasını başa çatdırdıqdan sonra Uca Rəbbimiz ziyarət və ibadət edəcəkləri üçün oranı təmiz saxlamalarını və insanları həcc etmək üçün Məkkəyə çağırmasını istəmişdir. Bu ilahi dəvətə qulaq asan və ürəkdən təslim olanlar "Möminlər yalnız qardaşdırlar” (əl-Hucurat, 49/10) şəklində Quranda bildirilən din qardaşlığını həyata keçirmə imkanı tapmışlar. Bu mənada Kəbə bütün inananların qardaşlığını, dostluğunu və qaynayıb-qarışmasını təmin edən bir mərkəzdir.
Həcc ibadətinin başqa ibadətlər arasında xüsusi yeri var. Çünki həcc inananların Yer kürəsində vahid bir camaat yaradaraq, ildə bir dəfə eyni yer və eyni zamanda hamılıqla birlikdə ibadət etməsi ilə reallaşır. Dinlərin böyük əksəriyyətində mövcud olan müqəddəs zaman və məkan düşüncəsi islam dinində həcc ibadətində özünü göstərir. Həcc ibadəti yerinə yetirildiyi zaman ziyarət edilən hər bir məkanın və yerinə yetirilən hər bir əməlin simvolik mənası və əhəmiyyəti var. Həcc bir tərəfdən inanan insanın öz daxili dünyasında Haqqa gedən yolu təmsil etmə mənasında çoxluq/kəsrət içində birliyə/vəhdətə yüksəlməyi ehtiva edir, başqa bir tərəfdən də qəlbləri eyni hisslərlə və eyni məna ilə döyünən milyonlarla insanın bir yerə toplaşması ilə birlikdən/vəhdətdən çoxluğa/kəsrətə qayıdışı simvolik şəkildə ifadə edir. Bu baxımdan həcc təmiz və saf bir niyyətlə başlayan, sanki dünyəvi başqalaşmağı, nemətləri geridə qoyub bütün inananların bərabərliyinə işarə edir.
Həzrət Adəm və Həvvanın övladları kimi, bizim də həccdə qardaşlığı möhkəmləndirəcək və daha da gücləndirəcək ünsürlərimiz var. Hər il təkrar edilən bu mənzərə bir tərəfdən bütün inananların birliyini və bərabərliyini göstərdiyi halda, başqa bir tərəfdən ümumbəşəri mənada görüşü təmsil edir. Çünki fərqli ölkə, dil, irq, rəng, mədəniyyət, sosial mövqe və iqtisadi gücə sahib insanların bərabər səviyyədə eyni cür geyimləri, ehram geyinərək bir yerə toplaşması, toplu şəkildə namaz, təvaf, səy, vəqfə, dua kimi ibadətləri həyata keçirməsi, Məkkədən Ərafata, Ərafatdan Müzdəlifəyə və Minaya dəstə-dəstə hərəkəti bir cəhətdən Uca Mövlanın hüzurunda toplanmağı xatırladır. Beləliklə, həcc möminləri müqəddəs torpaqlarda birləşdirməklə əbədi görüşə hazırlamış olur.
Ehrama girənlər həmin müddət ərzində söylədikləri təlbiyə ilə hamısı bir ağızdan "buyur, Allahım, buyur” deyərək, Allahın əmrinə itaət üçün gəldiklərini, Onun heç bir şərikinin, bənzərinin olmadığını, hər cür tərif, nemət, mülk və hökmranlığın həqiqi sahibinin Allah olduğunu hamısı bir ağızdan və ürəkdən elan edərlər.
Mömin bu ibadəti yerinə yetirdiyi zaman bir tərəfdən müsəlman olmağın, ürəkdən Allaha bağlanmağın, Rəsulullahın doğulub yaşadığı, səhabəsi ilə min bir məşəqqətlərə sinə gərdiyi məkanlarda olmağın həzzini dadır, başqa bir yandan dünyanın dörd bir tərəfindən gələn mömin qardaşları ilə görüşüb, tanış olaraq İslam qardaşlığını yaşamağın şüurunu dərk edir. Belə dərin hikmətləri özündə birləşdirən həcc ibadəti İslamın şərtlərindən biri olmaqla yanaşı, həzrət İbrahimin də zamanların fövqündəki dəvətidir. Biz həzrət İbrahimin dövrləri aşıb bizə qədər gələn bu dəvətinə cavab vermək və həzrət Peyğəmbərin: ”Kim pis əməllərdən və Allaha qarşı üsyan etməkdan çəkinib həcc ibadətini yerinə yetirərsə, günahlardan təmizlənərək anadan doğulmuş kimi tər-təmiz olar” müjdəsinə çatmaq üçün maddi və mənəvi cəhd göstərməliyik.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 1 934
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri