Səfinə hədisi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 421
Səs ver:
(səs: 0)
«Səqələyn» hədisi bizə Әhli-beyti (ə), Qur᾽anın mə᾽na və həqiqətlərini, hikmət və sirlərini bəyan edən şəxslər kimi tanıtdırdı. «Səfinə» hədisi isə onların müsəlmanlar üçün nicat gəmisi və qurtuluş yolu olduqlarını müəyyən edir. Bu hədisdə izah olunur ki, hər kim bu gəmidən istifadə etməzsə və onunla birgə hərəkət etməzsə, şübhə yoxdur ki, günah dənizində bataraq məhv olacaqdır. Eyni zamanda Әhli-beytin (ə) nicat gəmisinə minməyən şəxs insanları hidayət və mənəviyyat sahilləinə aparan ilahi rəhbərləri rədd edir və bununla da özünün əbədi bədbəxtçilik dənizində boğulmasına razı olur.
 
Şəbravi Şafeyi, Әbuzər Ğəffarinin xidmətçisindən belə rəvayət edir: «Bir gün Әbuzər Kə᾽bənin astanasına çıxdı və qapının halqasını tutub özünə tərəf çəkdi və belə dedi: Ay camaat! Hər kim məni tanıyırsa tanıyıb, tanımayanlar bilsinlər ki, mən Әbuzərəm! Mən Peyğəmbərdən (s) eşitdim ki, O, buyurudu:
 
«Mənim əhli-beytim Nuhun gəmisi kimidir. Hər kim ondan uzaq düşsə cəhənnəm oduna düşər.»
Yenə də Peyğəmbərdən eşitdim:
 
«Mənim əhli-beytimi bir bədəndə baş və yaxud bir başda gözün yerində fərz edin. Şübhəsiz bədən başsız və baş da gözsüz heç bir zaman bir iş görməyə qadir deyildir.» [«Әl-ithafu bihubbil əşraf (Şərbavi Şafeyi) Müəllifin öz sözü, səh.26.]
 
Әbu Nəsim öz sənədi ilə Səid ibni Cübeyr və ibni Abbasdan belə rəvayət edir: Peyğəmbər (s) buyurdu:
 
«Mənim əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Hər kim ona minsə nicat tapar və hər kim ondan üz döndərsə məhv olar.» [Bu hədisin nəql olunduğu kitabların bə᾽ziləri aşağıdakılardan ibarətdir: «Hilyətul-övliya» (4-cü cild, səh.306), «Zəvaidu müsnədil-Bəzar» (Әhli-beyt vəl-ərvah) fəsli, (səh.277), «Məcməüz-zəvaid» (9-cu cild, səh.163), «Möcəmül-kəbir» Təbərani (1-ci cild səh.125) «Müsnədi əlimam Әlhəsən (ə)», «Zəxairul-uqba (səh.20), «Müstədrək», Hakim (2-ci cild, səh.343) «Kənzul-ümmal» (6-cı cild, səh.216)]
 
Bu hədisi Hakim öz «Müstədrək»ində (2-ci cild, səh. 343) nəql etdikdən sonra demişdir: «Bu hədis «Səhihi Müslim» nöqteyi nəzərindən də düzgün bir hədisdir.» Bu hədis Әnəs ibni Malikdən də bu şəkildə rəvayət edilmişdi: Həzrət Peyğəmbər (s) buyurmuşdur:
 
«Mən və mənim Әhli-beytim Nuhun gəmisi kimiyik, hər kim ona minsə nicat tapar və hər kim ondan üz döndərsə həlak olar.»
 
Süyuti də bu hədisi «Dürrül-mənsur» kitabında aşağıdakı ayənin təfsirində nəql etmişdir:
 
«Biz (Bəni Israilə) bu qəsəbəyə girin dediyimiz zaman, onlara söylədik ki, oradan arzuladığınız şeyləri yeyin. Qəsəbənin qapısından girən zaman səcdə edin və «Ilahi, bizi bağışla» söyləyin və biz də sizi bağışlayaq.» (Bəqərə surəsi, 58-ci ayə)
 
Süyuti bu ayənin izahında ibni Әbi-Şeybədən, o da həzrət Әlidən (ə) belə izah edir:
 
«Həqiqətən biz (Әhli-beyt) bu ümmətin içərisində Nuhun nicat gəmisi və Bəni Israilin «məğfirət qapısı» (bağışlanma qapısı) misalındayıq.» [«Fəzailul xəmsəti fissihahi-ssittə» (2-ci cild səh.64)]
 
Bu hədisi Müttəqi də «Kənzul-ümmal» kitabında (6-cı cild, səh. 216) bu şəkildə nəql etmişdir:
 
«Mənim əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Kim ona minsə xilas olar və hər kim ondan üz döndərsə həlak olar. Həmçinin, ((Әhli-beytim) Bəni-Israilin «məğfirət» qapısına bənzəyər.»
 
Bu hədisi Təbərani də Әbuzər Ğəffaridən nəql etmişdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 421
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri