Qəbir ziyarətinin bəzi qaydaları (2-ci hissə)

Müəllif: Catwoman666
Şərhlər: 1
Baxılıb: 14 265
Səs ver:
(səs: 3)
Ziyarət edilən məzarın yanında "Qədr” surəsini 7 dəfə, "Həmd”, "İxlas”, "Fələq” və "Nas” surələrinin, ayətül-kürsinin hər birini isə 3 dəfə oxumağın böyük savabı var. Hədislərdə buyurulur ki, bu zaman Allah-təala həmin məzarda yatan mərhumun ruhuna hədsiz mərhəmət edər. Məzarın yaxınlığında Qurani-kərim ayələrini oxumaq məzar sahibinin qəbir əzabını yüngülləşdirər, onun ruhuna rahatlıq gətirər. Peyğəmbərdən rəvayət edilir ki, qəbrin yanında "Allahummə inni əsəlukə bihəqqi Muhəmmədin və ali-Muhəmməd ən la tuəzzibə hazəl-meyyit” (Allahım, səndən istəyirəm ki, Mühəmməd və ali-Mühəmməd xatirinə, bu meyitə əzab verməyəsən) söyləmək mərhumun əzabının yüngülləşməsinə səbəb olar.

Ümumiyyətlə, məsumlarımız rəhmətə getmiş şəxslərə hədiyyə göndərməyimizi çox təkid edirdilər. Buyururdular ki, həftənin cümə günləri möminlərin ruhları dünya səmasına enib, öz qohumlarına müraciət edərək yalvarır, onlara xeyirxahlıq etmələrini və hədiyyə göndərmələrini istəyirlər. Bu hədiyyənin mənası barədə soruşanlara isə məsumlarımız dua və Quran oxumağı, savabını mərhumların ruhuna bağışlamağı məsləhət görürdülər.

Qəbri ziyarət edən şəxs üzü qibləyə sarı durmaqla əlini məzarın üstünə qoyaraq 11 dəfə "Qədr” surəsini oxusa, mərhumun ruhuna təskinlik gələr. Həmçinin, qəbir üstə Qurandan istənilən surəni oxumağın da faydası var. Xüsusilə, Quranın qəlbi adlandırılan "Ya-Sin” surəsini oxumaq böyük savabdır. Fatihə və İxlas surələrini oxumaq da ənənə halını alıb.

Mərhumun ruhuna fayda gətirən, onun əzabını yüngülləşdirən əməllərdən biri də savabını mərhumə hədiyyə etmək şərti ilə xeyir işlər görmək, sədəqə verməkdir.

Qəbir ziyarətini hər zaman yerinə yetirmək olar. Günlər içində ən münasib olanları cümə axşamı və cümə günləridir. Günün vaxtları arasında isə sübh zamanı məzarlığı ziyarət etmək daha çox bəyənilir. Hətta hədislərdə buyurulur ki, sübh zamanı edilən ziyarəti məzardakı mərhumun ruhu həm eşidər, həm də ona cavab verər. (Əlbəttə, burada cavab deyərkən dillə söylənən və qulaqla eşidilən söz nəzərdə tutulmur, mərhumun ruhunun razılığı və Allah yanında ziyarətçi üçün xeyir-dua etməsi qəsd edilir). Cümə axşamı günü zöhrdən sonra qəbir ziyarətinə getmək də məsləhətdir. Rəvayətlərdə qəbir ziyarətinə Günəş batandan sonra və gecə saatlarında getmək müsbət qarşılanmayıb.

Diqqət yetirilməli məqamlardan biri də qəbristanlıqda edilən dualarla bağlıdır. Müqəddəs şəxsiyyətlərin məzarı yanında dua etmək, onları Allahla öz aranda vasitəşi qərar vermək (buna dini anlamda "təvəssül” deyilir) demək olar ki, bütün müsəlmanlar tərəfindən qəbul edilir (radikal düşüncəli vəhhabi cərəyanının ardıcıllarını çıxmaqla). Həmin müqəddəs şəxsin hörmətinə Allah duaları daha tez qəbul edər.

Bundan əlavə, sıravi möminlərin məzarı üstündə də dua etməyin faydası vardır. Xüsusilə, insan öz ata-anasının qəbrini ziyarət edərkən dua etsə, daha tez müstəcab olar. Həzrət Əli (ə) buyurub: "Ölülərinizi ziyarət edin; həqiqətən, onlar sizin ziyarətinizdən sevinərlər. Sizlərdən hər biriniz öz istəyini atasının və anasının qəbri yanında istəsin və onlar üçün dua etsin” ("Üsuli-Kafi”).

Qəbir ziyarəti zamanı ziyarətə xas olan xüsusi əhval-ruhiyyəni gözləmək lazımdır. Unutmaq olmaz ki, məzarlığı ziyarət etmək insanın əxlaqında və imanında müsbətə doğri bir dəyişiklik yaratmalıdır. Əks halda, o ziyarətin nə insana, nə də ziyarət etdiyi ölüyə heç bir xeyri olmaz. Məzarlıqda ölüm haqqında çox düşünmək, qəbirlərə baxdıqca həyatın ötəriliyindən ibrət almaq, səs-küy salmamaq, asta səslə danışmaq, dünya söhbətləri etməmək, oxunan Quran ayələrinə qulaq asmaq və Quranın ehtiramını saxlamaq, gülüb zarafat etməmək, qəbirlərin üzəri ilə getməmək və qəbirlərin üzərində oturmamaq, yerə zibil atmamaq lazımdır.

Öz əzizinin qəbrini ziyarət edən adam Qurandan ərəb dilində surələr və ayələr oxusa yaxşı olar. Əlbəttə, qəbirdə uyuyan adamın ruhu öz əzizinin ona Quran hədiyyə etməsindən daha çox sevinər. Əgər Quranı orijinaldan ərəb əlifbası ilə oxuya bilmirsə, başqa əlifba ilə tələffüzünü (transkripsiyasını) da oxuya bilər. Əlbəttə, bunu muzdla etmək bəyənilmir. Muzdla Quran oxuyan orijinaldan, ərəbcə, qiraət qaydalarına uyğun olaraq oxumalıdır. Lakin adi ziyarətçi bacardığı şəkildə Qurandan surələr və ayələr oxumaqda azaddır.
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 14 265
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri