Ğina o musiqilərə deyilir ki, mənasız və fəsad məclislərində
səsləndirilir və insanları şəhvətə təhrik edir. Bəzən musiqinin ancaq
özü ğina olur və bəzən də mahnının sözləri.
Əgər Quran ayələrini və ya mənalı şeirləri də belə, ğina musiqisi ilə
səsləndirsələr, ona qulaq asmaq haramdır. Ğinanın gətirdiyi fəsadlara
işarə edək:
1. Fəsad əxlaqına tərəf təşviq edər, həvəsləndirər. Ğina məclisləri
adətən fəsad məclisləri olur. Bu fəsada şərait yaradan da həmin ğinadır.
2. Allahı yada salmaqdan qafil edər. Ğina insanı o qədər məst edər ki, insan Allahı yada salmaqdan qafil olar.
3. Əsəbə və psixologiyaya ziyan vurar. Ğina əsəblərə zərbə vuran
amillərdən biridir. Bu təsir hətta depressiya səviyyəsinə qədər uzana
bilər. Bundan başqa, ğina qan təzyiqinə, ürəyə mənfi təsir göstərər.
Ğina hədislərdə və Quran ayələrində.
Baxmayaraq ki, Quranda ğina sözü işlənməmişdir, ancaq ayələri təfsir
edən zaman həmin mənanı verdiyini İmamlar (ə) təsdiq edir. Ona görə də
mərcəyi-təqlidlər bu təfsirlərə əsaslanaraq hökm çıxarırlar. "Kim
Allahın müqəddəs ayinlərinə ehtiram göstərsə, (bu,) onun üçün Rəbbinin
yanında daha yaxşıdır. Həmişə sizə oxunanları çıxmaqla, bütün heyvanlar
sizə halal edildi. Buna görə də murdar bütlərdən çəkinin və (yalan,
böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri
söz(lər)dən uzaq olun". ("Həcc" 30).
İmam Cəfər Sadiq (ə) bu ayənin təfsiri haqqında buyurmuşdur: "Qul zur" -
yəni ğina deməkdir". Zeyd Şəham deyir: "İmam Sadiqdən "qul zur" sözünün
mənasını soruşdum və Həzrət (ə) buyurdu: ""Qul zur" sözünün mənası ğina
deməkdir"".
"İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları)
Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri
(insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və
söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi
sözləri) satın alar.Onların rüsvayedici bir əzabı olacaqdır". ("Loğman"
6).
İmam Sadiq (ə) buyurur: "Ğina elə məsələlərdəndir ki, Allah ona görə
əzab verəcəyini vəd etmişdir və sonra yuxarıdakı ayəni tilavət
etmişdir". Həzrət (ə) başqa yerdə buyurur: "Ğina nifaqı irs qoyur".
Başqa yerdə buyurur: "O evdəki ğina olar, ölümdən və ağrılı müsibətdən
aman olmaz. Orada dua qəbul olmaz, mələklər ora daxil olmaz".
Cabir ibni Abdullah Peyğəmbərdən (s) nəql edir: "Şeytan - ğina oxuyan
ilk kəs idi". İbni Məsud Peyğəmbərdən (s) nəql edir ki, buyurur: "Ğina
qəlbdə nifaq ruhunu inkişaf etdirər, necə ki, su bitkiləri inkişaf
etdirir".
Əlbəttə, çox sayda yaxşı musiqilər və mahnılar da çoxdur. Onların həm
musiqisi və həm də sözləri mənalı və ürəyə yatandır. İnsanı təhrik
etmir, əksinə sakitləşdirir. Ruha sevinc bəxş edir və Allahı yada salır,
Məsumların (ə) həyatından bizə xəbər verir. Bu qədər gözəl mahnı
ola-ola, axı niyə ğinaya qulaq asmalıyıq ki? Ğina haramdır, ondan uzaq
olaq.