İsraf edən şeytanın qardaşıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 029
Səs ver:
(səs: 2)
İsraf günümüzün ən böyük problemlərindən biridir. Əgər bir toplumda israf geniş yayılıbsa, demək, İslam əxlaqı həmin toplumda qəbul olunmayıb, insanlar bu yüksək əxlaqı doğru-düzgün yaşaya bilmirlər. Hər şeydə qızıl bir ölçü var. Bir tərəfdə israf var, bir tərəfdə xəsislik. Hər ikisi də Allah-Təalanın sevmədiyi xüsusiyyətlərdir. Amma bu ikisinin ortasında ədalətli bir xətt, bir yol var ki, bizə əmr olunan da həyatımızı həmin xətt üzrə qurmaqdır.

İslami terminologiyada israf - malı, sərvəti dağıtmaq, faydasız hala gətirmək, heçə-puça sovurmaqdır. Bir qədər bədiiləşdirsək belə ifadə edə bilərik ki, israf - Allah-Təalanın yaratdığı nemətlərə qarşı hörmətsiz davranmaq, xəsislik isə - Allah-Təalaya güvənməməkdir. Müsəlman Allah-Təalanın yaratdığı hər şeyə dəyər verər və Allahdan başqa kimsəyə də güvənməz. Allah-Təala insanın yeganə və sarsılmaz güvən yeridir.

Allah-Təala Qurani-Kərimdə möminlərin xarakterik xüsusiyyətlərindən bəhs edərkən israf üzərində xüsusi dayanır:
- Yeyin, için, ancaq israf etməyin! Allah-Təala israf edənləri əlbəttə, sevməz (Araf/31).
- İsraf etmək! İsraf edənlər şeytanların qardaşlarıdır. (İsra/26-27).
- İsrafçıları həlak etdik! (Ənbiya/9).
- Xəsis olma, israf da etmə! (İsra/29).
- Onlar sərf etdikləri zaman nə israf edərlər, nə də xəsislik edərlər. Bu ikisinin arasında orta bir yol tutarlar (Furkan/67).

Elə bilirik ki, bu ayələr bizə çox böyük həqiqətləri göstərir. Müsəlman xarakterinin, şəxsiyyətinin formalaşmasında israf məsələsinin mühüm yeri var. Daha doğrusu, bir adam israfçıdırsa, o, gerçək mömin ola bilməz. Allah-Təala yuxarıdakı ayələrində hər şeyi nə qədər də açıq-aydın söyləməkdədir. Demək, israf edənlər Allah-Təalaya qarşı çıxmış olurlar. Xüsusilə də Furkan surəsinin 67-ci ayəsində möminlərdən bəhs edərkən onların nə israfçı, nə də xəsis olmadıqları xüsusi vurğulanır və bu ikisinin arasındakı o doğru yol üzrə yaşadıqları bildirilir. O doğru yol nədir? Yəqin ki, bu haqda düşünəcəksiniz. Qısa şəkildə belə söyləyə bilərik ki, o doğru yol bir qəpiyini belə heçə, boşa verməməklə yanaşı, lazım gələndə dünya boyda sərvətini zərrə qədər də üzülmədən bağışlaya bilməkdir, verməyi bacarmaqdır. Dünyaya sahib olacaqsan, amma dünyanı könlünə buraxmayacaqsan. Halal yolla qazanmaq üçün çalışacaqsan, alnından tər axacaq, hər kəsdən daha fəal, daha təşəbbüsçü, daha öndə olacaqsan, varlı olacaqsan, amma varın-dövlətin əsiri, köləsi olmayacaqsan. Var-dövlət sənin üçün məqsəd olmayacaq, olsa-olsa vasitə olacaq.

Bəli, İslam əxlaqında möminin dünya ilə münasibəti məhz bu xətt üzrə tənzimlənəcək. Bunu bacaran israfdan da, xəsislikdən də qurtarmış olacaq. İsraf malın bərəkətini aparır, qənaət bərəkətini artırır.

Birisi Həzrəti Musaya deyir:
- Ya Musa, mənim var-dövlətim o qədər artıb ki, qorxuram imanıma, ibadətimə əngəl ola. Sən gəl Allaha dua elə ki, mənim malımın bərəkətini azaltsın. Həzrəti Musa (ə) da ona məsləhət görür ki, quru çörək götürüb evin qarşısında gəzə-gəzə yesin.

Aradan aylar keçəndən sonra onlar yenidən rastlaşırlar və həmin şəxs yenidən gileylənir:
- Ya Musa, mən səndən bir şey istədim, sən də mənə məsləhət verdin, amma istədiyim olmadı.

Həzrəti Musa bir qədər düşünür və deyir:
- Yaxşı, göstər görüm, sən mənim məsləhətimi necə yerinə yetirdin?

Həmin şəxs də yaxasına bir önlük bağlayır, sonra da bir parça quru çörəyi əlinə alıb gəzinə-gəzinə yeyir. Çörək parçasını yeyib qurtardıqdan sonra önlüyün üstünə tökülmüş qırıntıları da sağ əlinə çırpıb ağzına atır.

Həzrəti Musa bu mənzərəni görəndə belə deyir:

- Doğrusu, bu önlük məsələsi heç ağlıma gəlməmişdi, elə düşünmüşdüm ki, sən o quru çörəyi gəzə-gəzə yeyərkən qırıntılar ətrafa səpiləcək və sənin evinin bərəkəti azalacaq.

Göründüyü kimi bir parça quru çörəyin ətrafa dağılan qırıntısı ilə bir evin bərəkəti azalır. İndi hər kəs öz ətrafına baxsın. Zibil yeşiklərinə atdığımız çörək qırıntılarını düşünün, "malım xarab olunca, canım xarab olsun" axmaqlığı ilə o qədər yeyirik ki, sonra da saatlarla özümüzə gəl bilmirik.

İsraf təkcə yeməkdə, içməkdə deyil, həyatımızın hər sahəsində israf var, qənaət var, xəsislik var. Heç bir üzürlü səbəbi olmadan evlənməyən və nəsil artırmayan insanlar da israfçılar cərgəsinə girirlər. İnsan zamanını boş yerə xərcləyirsə, o da israfçıdır, birisi gözünün nurunu, qolunun gücünü gərəksiz və ya zərərli işlərə sərf edirsə, o da israfçıdır. Həm də təkcə israfçı deyil, Allahın verdiyi əmanətə qarşı xəyanətkardır.

Rəsulullah (s.ə.s.) bir hədisi-şəriflərində belə buyurmaqdadır:

- Qiyamətdə hər kəs bu dörd suala cavab vermədikcə hesabdan qurtara bilməz:
1. Ömrünü necə keçirdi?
2. Öyrəndiyi elmi həyatına necə tətbiq etdi?
3. Malını haradan, necə qazandı və haralarda xərclədi?
4. Cismini, bədənini harada yordu, taqətdən saldı?
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 029
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri