Qiyamət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 099
Səs ver:
(səs: 3)
Hər dəfə hansısa təbiət hadisəsindən, zəlzələdən, daşqından, sunamidən sonra, bir qayda olaraq, qiyamət haqqında söhbətlər daha tez-tez gündəmə gəlir. Hətta telekanallarımızda alimlərimiz, ilahiyyətçılarımız, psixoloqlarımız "dəyirmi masa" ətrafında toplaşaraq mövzu ilə bağlı fikir mübadiləsi də aparırlar.

Qiyamət qaçılmaz gerçəkdir, bu sözün tərcüməsi "dikəlmək, ayağa qalxmaq" mənalarına gəlir, özü də kainatın dağılması anlamında işlədilir.

Adama deyən lazımdır ki...
Son yüzilliklərdə bu mövzü müxtəlif məqamlarda tez-tez gündəmə gəlir və bir müddət sonra yenidən səngiyir. İndi də kimlərsə yenidən söhbəti qızışdırır və hətta belə deyənlər də var ki, yaxın gələcəkdə, məsələn, filan ildə qiyamət qopmalıdır. Nə qədər də məntiqsiz və mənasız polemika! Adama deyən lazımdır ki, niyə gedib öz başının hayına qalmırsan, öz əməllərini hesaba çəkmirsən, kainatın sabahından narahat olursan? O şey ki, Allahın (c.c.) sirlərindəndir və Rəsulullah (s.ə.s.) da dəqiq bir zaman göstərməyib, sənin nəyinə lazımdır ki, onunla bağlı baş sındırırsan?

Hər dəfə qiyamət haqqında düşünəndə uca Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) bir hədisi-şərifi bütün düşüncələrimi, ovqatımı tənzimləyir: "Əgər ağac əkdiyiniz yerdə qiyamətin qopduğunu görsəniz, siz öz işinizə davam edin".

Quran işığında "məhəlli qiyamətlər"

Qurani-Kərimdə çox mühüm tarixi hadisələrdən bəhs edilir. Kimi o hadisələri tarixin bir parçası, kimi də, ən maraqlı oxu mətni və ya nağıl kimi qəbul edir. Amma Qurani-Kərim öyrənmək, orada oxuduqlarından ibrət almaq və həyatını düzgün istiqamətdə və düzgün şərtlər içində qurmağı öyrədir bizə. Qurani-Kərim bizə öyrədir ki, qiyamət, hər şeydən öncə, toplumun əxlaqında, insanların bir-birinə münasibətində və eləcə də Haqqa qarşı davranışlarında başlayır. Bu mənada, Yer üzünün ilkin qiyaməti Nuh dövründə başlayıb. Doğrudur, həmin hadisədə kainat dağılmayıb, amma insanlar öləndən sonra kainatın qalıb-qalmamasının onun üçün nə əhəmiyyəti var axı? Nuh hadisəsində ancaq gəmiyə minənlər xilas ola bildilər, çünki onlar doğru yolda, doğru istiqamətdə idilər. Suda boğulanlar isə azğınlar və Allahı inkar edənlər idilər.

Lut qövmündə azğınlığın və qiyamət şərtlərini yetişdirən başqa iyrənc mənzərələrlə tanış oluruq. Həzrəti Musanın başına gələnləri göz önünə gətirin, bəla gəlir, Misir kafirləri öz inadlarından dönəcəklərini vəd edirlər, amma bəla sovuşan kimi öz yollarına davam edirlər. Nəticədə kafirlərin böyüyü Firon və ordusu Qırmızı dənizin sularında qərq olur.

Quranda bəhs edilən Ad və Səmum qövmləri də öz azğınlıqları ucbatından Allahın qəzəbinə gəlirlər. İnsan üçün əsas olan da elə bu nöqtədir: Allahın mərhəmətini qazanmaq, yoxsa qəzəbinə tuş gəlmək? Qəzəbə tuş gələnlərin qiyamət ssenariləri uydurmalarına nə ehtiyac var ki?

Yaponiya örnəyi
Bir neçə il əvvəl Yaponiyada baş vermiş sunami, elə bilirəm ki, hamımızın yadındadır. Mən o qənaətdəyəm ki, Yaponiyada baş verənlər, inşallah, nəticə etibarilə onların xeyrinə olacaq. Ekranda gördüyüm bir kadrı heç unuda bilmirəm: 42 min nəfərlik bir qəsəbə sunami ilə yerlə yeksan olub, ölənlərin sayı belə məlum deyil. Yerli inancın şərtlərinə görə, ölülər yandırılmalıdır, ancaq qəsəbədəki krimatoriya aparatları sunami zamanı ya axıb gedib, ya da xarab olub. Haradansa bir aparat tapıblar, o da 3-4 saat ərzində cəmi bircə meyit yandıra bilər. Amma qəsəbənin hər yerindən cəsəd qoxusu gəlir. Çıxış yolu tapmayan sakinlər uzun bir xəndək qazıblar və istəməsələr də öz ölülərini dəfn eləməyə məcburdurlar. O mənzərəyə baxanda ağlımdan keçən bu oldu ki, Allah-Təala onları məcburi qaydada doğru yola yönəldib. Amma bütün başlanğıclar, doğuşlar, təbii ki, sancısız, ağrısız olmur. Yaponlar, mənim qənaətimə görə, yeni bir mərhələnin qapısına gəliblər və inşallah, zahirən fəlakət kimi görünən bu hadisələr yaponlara çox şeylər qazandıracaq.

Bilirsənmi güc nədir?
İnsan qiyamət haqqında düşünməkdənsə, öz əxlaqına, ədəb-ərkanına, insanlarla və Allahla münasibətinə baxsa, daha xeyirli olar, qiyamət ssenariləri kimlər üçünsə dopinq kimi bir şeydir, ölümdən o tərəfi düşünməyənlər üçün bəlkə də bir növ təsəllidir. Əslində isə hər bir insanın ölümü elə onun qiyamətidir.

Hər bir cəmiyyətin gücü ordusunda, silah-sursatında, yeraltı-yerüstü sərvətində, valyutasında deyil, ədalətindədir, onu təşkil edən fərdlərin əxlaqında, ədəbində, bir-birinə və Allaha qarşı davranışlarındadır. Quran işığında bir daha aydın görünür ki, istər fərd olsun, istər toplum, özünü bəlaya layiq hala gətirməyincə Allah-Təala onun cəzasını vermir. Əgər qiyaməti bir cəza kimi düşünürsünüzsə, bunun ilkin səbəbini özünüzdə axtarmalısınız. Quran onu da bildirir ki, başınıza gələn bütün yaxşı işləri Allahdan, müsibətləri isə özünüzdən bilin. Təkcə bu mesaj düşünmək üçün o qədər geniş meydan açır ki, o ənginlikdə heyrətə düşməyə bilmirsən.

Nə gözəl müjdə!

Yazımızı Peyğəmbərimizin (s.ə.s) çox gözəl bir söhbəti ilə tamamlamaq istəyirik:

Bir bədəvi ərəb Rəsulullahın yanına gəlir və soruşur:

- Ya Rəsulullah, qiyamət nə zaman olacaq?

Rəsulullah da sualı sualla qarşılayır?

- Qiyamətə nə hazırlığın var?

Bədəvi ərəb belə deyir:

- Adi qaydada ibadətimdən başqa heç bir şeyim yoxdur, amma bir təsəllim var ki, Allahı və Onun Rəsulunu sevirəm.

Qiyamətə qədər bütün Adəm oğluna veriləcək ən xoş müjdələrdən bir də elə bu anda Allah Rəsulunun dilindən qopur:

- Qiyamət günü hər kəs sevdikləri ilə birlikdə olacaq.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 099
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri