Uca Allah buyurur: "Ey
iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O,
əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun
Elçisinə itaət etsə, böyük bir uğur qazanar” (əl-Əhzab, 70-71)
İnsan nə qədər doğru sözlü olarsa və əməlləri ilə sözlərini
təsdiqləyərsə, Allaha bir o qədər yaxın olar. Peyğəmbər (ona Allahın
salavatı və salamı olsun) demişdir: "Doğru söz danışın! Çünki
doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə
(adamı) Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki,
nəhayət, Allah yanında doğruçu sayılır. Yalan danışmaqdan çəkinin!
Çünki yalan (adamı) günah işlərə yönəldir. Günah işlər isə (adamı)
Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət,
Allah yanında yalançı sayılır”. (əl-Buxari "Ədəbul-Mufrad” 386).
Peyğəmbər belə buyurur: "Altı
şeyi (yerinə yetirəcəyinizə dair) mənə zəmanət verin, Cənnətə
girəcəyinizə dair sizə zəmanət verim: danışdığınız zaman düz danışın,
vəd verdikdə onu yerinə yetirin, sizə əmanət verilərsə, onu yiyəsinə
qaytarın, ayıb yerlərinizi zinadan qoruyun, gözünüzü (haram
buyurulanlardan) çevirin və bir də əlinizlə heç kəsə əziyyət verməyin”
(İbn Hibban, 107).
Doğru danışanlar haqda Uca Allah Quranda buyurur: "Allah dedi: "Bu,
doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar
üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları
Cənnət bağları hazırlanmışdır. Allah onlardan razıdır, onlar da
Ondan razıdırlar. Bu, böyük uğurdur” (əl-Maidə, 119).
Doğruluğun əksi yalandır. Dili yalan danışmaqdan qorumaq barədə
Peyğəmbər buyurur: "(Hər) səhər Adəm övladı yuxudan oyandığı zaman onun
bütün əzaları dili qınayıb deyir: "Bizə olan münasibətində Allahdan
qorx! Çünki biz səndən asılıyıq. Sən düz olsan, biz də düzələrik, yox
əgər büdrəsən, biz də büdrəyərik” (ət-Tirmizi, 2407).
Yalan danışmağın qarşısını insan özü almalıdır, bu da yalnız Allahın əmrinə tabe olmaqla mümkündür. "Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun” (Tövbə, 119).
Yalan danışanlar Quranda təhdid edilmiş və onların Qiyamət günü
Cəhənnəmə düşəcəkləri bildirilmişdir. "Göylərin və yerin hökmranlığı
ancaq Allaha məxsusdur. O Saatın (Qiyamətin) gələcəyi gün – məhz o
gün yalan danışanlar ziyana uğrayacaqlar” (əl-Casiyə, 27).