Əbu
Zər əl-Ğiffəri (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu söyləmişdir:
"Harada olursan ol, Allahdan qorx. Pis işin ardınca onu silən yaxşı əməl
et və insanlarla gözəl əxlaqla davran.” İmam Əhməd və Tirmizi rəvayət
etmişlər. ( Tirmizi: Xeyirxahlıq və qohumluq əlaqələri ? 1987. Əhməd:
5/153. Darimi: Raqaiq ? 2791.)
ŞƏRH
Bu
əzəmətli hədisdir. Peyğəmbər (s.a.v) burada Allahın haqqı ilə
bəndələrin haqlarını bir yerə cəm etmişdir. Allahın qulları üzərindəki
haqqı, Ondan lazımınca qorxmalarıdır. Qadağalardan çəkinmək və vacibləri
yerinə yetirməklə Allahın qəzəbindən və əzabından qorunmalıdırlar.
Bu,
Allahın birincilərə və sonunculara verdiyi tövsiyədir. Hər bir
peyğəmbər öz ümmətinə belə nəsihət etmişdir: "Allaha ibadət edin və
Ondan qorxun.”
Uca
Allah təqvanın (yəni, Allah qorxusunun) xüsusiyyətlərini Öz kəlamında
belə zikr etmişdir: "Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və
günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində
Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün
ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və
ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb)
qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan)
müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən,
namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq
olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və
cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində
və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!” (Bəqərə,
177). Başqa ayədə uca Allah belə buyurur: "Rəbbinizin məğfirətinə və
genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış
Cənnətə tələsin.” (Ali İmran, 133). Sonra təqvanın xüsusiyyətlərini qeyd
edərək buyurur: "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını
yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından
keçərlər. Allah yaxşılıq edənləri sevər.” (Ali İmran, 134).
Allah
müttəqiləri dinin əsaslarına, etiqadlarına, zahiri və batini əməllərinə
iman gətirən, bədən və mal cəhətdən ibadətləri yerinə yetirən, rahat və
çətin anlarda səbir edən, insanları bağışlayan, onlara əziyyət
verməyən, yaxşılıqlar edən, pis iş gördükdə və ya nəfslərinə zülm
etdikdə dərhal bağışlanma diləyən, tövbə edən kimi vəsf etmişdir.
Peyğəmbər (s.a.v) bəndəyə harada olmasından asılı olmayaraq bütün
vaxtlarda, məkanlarda və hallarda təqvalı işləri əmr və tövsiyə
etmişdir. Çünki o hər bir halında təqvaya çox böyük ehtiyac duyur.
Peyğəmbər
(s.a.v) qulun təqva və onun vacib məsələləri ilə bağlı müəyyən
qüsurlara yol verə biləcəyini nəzərə alaraq, bu nöqsanları dəf edib
siləcək işi əmr etmişdir. Bu, pis əməlin ardınca yaxşı əməl edilməsidir.
Yaxşı əməl, insanı Allaha yaxınlaşdıracaq hər bir işə verilmiş ümumi
addır. Pis əməli dəf edəcək ən əzəmətli yaxşı iş, səmimi şəkildə edilən
tövbə, bağışlanma diləmə, Allahı zikr etmək, Onu sevmək, Ondan qorxmaq,
Ona ümid bəsləmək və bunları çox böyük bir istəklə hər zaman yerinə
yetirməkdir. Həmçinin şəriətin təyin etdiyi mal və bədən vasitəsilə icra
edilən kəffarələr (bağışlanmalar) bu növ işlərdən sayılır.
İnsanları
bağışlamaq, yaradılanlara yaxşılıq etmək, sıxıntını götürmək, çətinliyə
düşənlərin işlərini asanlaşdırmaq, hər kəsdən zərəri və məşəqqəti
uzaqlaşdırmaq kimi yaxşı əməllər, pis əməlləri silən işlərdəndir. Uca
Allah buyurur: "...Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar.”
(Hud, 114).
Peyğəmbər
(s.a.v) buyurur: "Beş namaz, cümə digər cüməyə və Ramazan ayı (növbəti)
Ramazan ayına qədər baş verəcək böyük deyil, kiçik günahları
bağışladır.”
(Müslim: Təharət ? 233. Tirmizi: Namaz ? 214. İbn Macə: Namaz qılmaq ? 1086. Əhməd: 2/400. )
Bir çox itaətlərlə bağışlanma qazanmaq haqqında kifayət qədər Quran ayələri və hədislər vardır.
Günahlara
kəffarə olan səbəblərdən biri də müsibətlərdir. Allah, möminə üz verən
hər bir qəm-qüssəni, kədəri, əziyyəti və hətta batan tikanı belə onun
günahları üçün kəffarə etmişdir. Bu, ya sevilən bir şeyin itirilməsi, ya
da bədəndə, qəlbdə, mal-dövlətdə, daxildə və ya xaricdə xoşagəlməz işin
baş verməsi ola bilər. Müsibətlər qulun ixtiyarı olmadan baş verir.
Buna görə də Peyğəmbər (s.a.v) hədisdə insana öz ixtiyarında olan işi
görməyi əmr edir. Bu, pis işin ardınca yaxşı əməlin görülməsidir.
Peyğəmbər
(s.a.v) dinin bütün etiqad məsələlərində, batini və zahiri əməllərində
təqvalı olmaq barədə tövsiyə edərək Allahın haqlarını xatırlatdı və
sonra buyurdu: "İnsanlarla gözəl əxlaqla davran.”
Gözəl
əxlaq ilk növbədə hər bir sahədə insanlara əziyyət verməmək, onların
pisliklərini və törətdikləri narahatçılıqları bağışlamaq, onlarla xoş
söz və gözəl əməl vasitəsi ilə yaxşı davranmaqdır. Xüsusi gözəl əxlaq
normaları: insanlarla mehriban davranmaq, onlara qarşı səbirli olmaq,
əsəbiləşməmək, gülərüzlü olmaq, xoş sözlər söyləmək, ətrafındakıları
sevindirmək, tənhalıqlarına və çətinliklərinə son qoymaqdır. Bəzən
zarafat etmək daha yaxşı olar. Lakin çox zarafat etmək olmaz. Sözün
zarafatı, yeməyin duzu qədər olmalıdır. Onun heç olmamağı, yaxud çox
olmağı məzəmmət edilir.
Hər
kəslə ona yaraşan tərzdə ünsiyyətdə olmaq gözəl əxlaqdan sayılır.
Böyük, kiçik, ağıllı, axmaq, alim və cahil ilə onlara uyğun şəkildə
rəftar etmək lazımdır.
Kim
Allahdan qorxar və təqvasını gerçəkləşdirər, həmçinin hansı təbəqədən
olmasına baxmadan insanlarla gözəl əxlaqla davranarsa, bütün xeyri əldə
etmiş sayılar. Çünki o, Allahın və insanların haqlarını yerinə
yetirmişdir. Bu cür şəxs, Allaha ibadətlərində və Allahın qulları ilə
davranışında muhsinlərdən olmuşdur.